Azərbaycanın Avropanın enerji xəritəsinin şaxələndirilməsində oynadığı rol onun geosiyasi əhəmiyyətini də artırır. ABŞ və Avropanın Azərbaycanın iştirakı ilə keçirdiyi layihələrə dəstək verməsi də bu baxımdan ciddi əhəmiyyətə malikdir.
Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Bakıda Cənub Qaz Dəhlizinin açılmasıyla Azərbaycan neft mərhələsindən qaz mərhələsinə keçid etdi:
“Ötən gün Türkiyədə Cənubi Qaz Dəhlizinin əsas hissəsi olan TANAP-ın açılışı da oldu. TANAP vasitəsi ilə 16 milyard kubmetr Azərbaycan qazı Avropaya çatdırılacaq. Digər yandan, kəmərin Avropa hissəsinin – TAP-ın çəkilişi də yekunlaşmaq üzrədir. Lakin İtaliyada TAP-a qarşı etirazlar yenidən baş qaldırıb. İtaliyanın yeni koalisiya hökumətində yer alan “Beş Ulduz” Hərəkatı bu layihədən imtina edəcəklərini bildirib. Hesab edirəm ki, bunun arxasında İtaliyadakı Rusiya lobbisi dayanır. Rusiya Avropada “Qazprom”a alternativ olan heç bir layihəni qəbul etmək istəmir. Lakin İtaliyanın dövlət maraqları Rusiyanın bu təzyiqlərini zəiflədir. Digər yandan, Avropa İttifaqı və ABŞ-ın burada iştirakı da Rusiyanın məğlub olacağını labüd edir”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan bu xətt vasitəsilə Mərkəzi Asiya qazını da Avropaya çıxara bilər: “Bu, iri həcmdə valyutanın ölkəmizə daxil olacağı deməkdir. Bununla Azərbaycan təkcə neft yox, qaz və kondesat ehtiyatlarının Avropaya daşınmasından da böyük valyuta ehtiyatları yığa biləcək.
Digər yandan, regionun ümumi təhlükəsizliyinə töhfə verən bu layihə bir tərəfdən də Ermənistanın uzun illərdir yarmaq istədiyi blokadanı daha da çətinləşdirəcək. Bu, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın haqlı mövqeyinə uyğun formada həllinə təkan verəcək”.