15 İyun 2018 14:36
1 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu açıqlama verib ki, Azərbaycan Türkiyə ilə konfederasiya yaratmalıdır. Bu bir fikirdir, təklifdir, bunun səhv, ya doğru təklif olduğu başqa məsələdir. O, konfederasiyanın İran, Rusiya, yaxud, Ermənistanla qurulmasını təklif etməyib ki? Qardaş Türkiyə ilə qurulmasını təklif edib.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili hesab edir ki, bu məsələ ətrafında yaranmış ajiotaj təklifin mahiyyətinə adekvat deyil:

“Vaxtilə Azərbaycanda “Qafqaz Evi” modeli barədə danışanların içində ən qatı milliyətçilər də, liberallar da vardı, burada isə Gürcüstan və Ermənistanla birlikdə konfederasiya yaratmaqdan söhbət gedirdi, hətta bu istiqamətdə mühacirətdə olan Azərbaycan milli hökumətinin fəaliyyətləri də vardı. İndi hansı əsasla bu cür zamana görə taktiki planlarla bağlı fikir səsləndirənləri ucdantutma xəyanətkar adlandırmaq olar? Fikrin, təklifin müzakirəsinin forması var, əsaslandırırsan ki, belə bir formatın Azərbaycan üçün zərəri nə ola bilər, faydası nə ola bilər. Yoxsa ucdantutma təklif müəllifini xəyanətkar, Azərbaycanın müstəqilliyinin düşməni kimi təqdim etmənin axırı bilirsinizmi nəyə gətirir? Bu cəmiyyətdə qaragüruhçu yanaşmalarla fikri öldürürlər, kimsə düşündüyünü söyləməyə cəsarət etməsin deyə, bəri başdan susdururlar. Ona görə də bu məmləkətdə tənqidi təfəkkür inkişaf etmir, siyasətdə də, məişətdə də, dində də təqlidçilik hər şeyin önünə keçir”.

Fazil Mustafa qeyd edib ki, mövzu ətrafında bu məsələnin motivləri əsasında soyuqqanlı şəkildə müzakirə aparmaq lazımdır: “Elə bir tarixi zərurət yarana bilər ki, mövcudluğumuzu qorumaq üçün başqa çarəmiz olmaz. Buna görə də, bu cür taktiki modellər üzərində fikir mübadiləsi aparmağın zərəri yoxdur. İnanmıram ki, kimsə müstəqilliyin əleyhinə çıxacaq qədər ləyaqətsiz olsun, lakin millətin və dövlətin tarixində elə məqamlar yarana bilir ki, varlığını saxlamaq üçün mümkün məcburiyyətlərdən biri üzərində qərar verməli olursan”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər