17 İyun 2018 19:58
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərənd və Culfanın İslami Şura Məclisindəki (İran parlamenti) millət vəkili Məhəmməd Həsənnəjad hökumətin iqtisadi siyasətini sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Millət vəkili Prezident Həsən Ruhaniyə və hökumətə ünvanladığı xəbərdarlıqda təəssüflə bildirib ki, dövlət iqtisadiyyatı özbaşına buraxıb:

“Bir neçə gün ərzində ölkə daxilində istehsal olunan avtomobilin qiyməti 73 milyon tüməndən 90 milyona qalxıb. Dolların qiyməti isə son 6 ay ərzində 3700 tüməndən 6500 tümənə çatıb. Hökumət hələ də dövlət işçilərinin maaşını 2 faiz artırmağa şübhə edir. Lakin son 6 ay ərzində əhalinin alıcılıq qabliyyəti 50 faiz azalıb, bu vəziyyət dünyanın heç yerində görünməyib. Bu qədər iqtisadi problemlə üz-üzə qalan əhaliyə çıxış yolu kimi etiraz aksiyaları üçün xüsusi yerlərin təyin olunduğu bildirilir”.

Azərbaycanlı millət vəkili bəzi yüksək rütbəli vəzifəli şəxslər və onların övladlarının xarici ölkələrin vətəndaşı olmasına da etirazını bildirib: “Belə insanlar həssas postlarda işləməməlidir. Ona görə ki, onlar beynəlxalq aləm və müzakirələrdə İran vətəndaşlarının hüquqlarını müdafiə edə bilməzlər”.

M.Həsənnəjad başqa bir xəbərdarlıqda oğurluq faktlarının artması məsələsinə toxunub: “Oğurlanan mallar heç bir şəkildə tapılmır, oğrular isə cəzalandırılmır. Artıq cəmiyyətin təhlükəsizliyinə də inamsızlıq yaranıb”.


Müəllif: Səxavət