Azərbaycan ordusunun son aylarda keçirdiyi hərbi təlimlər, Belarus və İsraildən alınan “POLONEZ” və “LOR” sistemlərinin nümayiş etdirilməsi Ermənistanda narahatlıq yaradıb. Digər yandan, Naxçıvan istiqamətində ərazilərimizin bir hissəsinin azad edilməsi də Ermənistan ordusunda yaranmış narazılığı pik həddə qaldırdı.
Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq hesab edir ki, Baş nazir Nikol Paşinyan bu narazılığı aradan qaldırmaq və diqqəti yayındırmaq üçün Dağlıq Qarabağa səfər edib:
“Paşinyan digər yandan da mərkəzdənqaçmaya meyilli olan separatçıların lideri Bako Saakyanı neytrallaşdırmağa çalışır. Bu baxımdan, Ermənistanın baş naziri bir güllə ilə iki quş vurmaq istəyir. Həm Saakyan üzərindəki təzyiqlərini artırmağa çalışır, həm də erməni ordusuna motivasiya vermək istəyir.
Onu da qeyd etmək lazımdır ki, erməni ordusu cəbhə xəttində müdafiə istehkamlarını gücləndirməyə çalışır. Çünki Ermənistan Azərbaycanın son günlər cəbhə xəttindəki fəaliyyətindən narahatdır. Uğurlu Günnüt əməliyyatı Paşinyana vurulmuş tərs şapalaq oldu. Növbəti belə bir əməliyyat Paşinyanın vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılmasına yola aça bilər. Onun Qarabağla bağlı nəzəri fəaliyyətinin artması da bu təhlükənin qarşısının alınmasına hesablanıb”.
Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycan işğal edilmiş ərazilərdə bufer zona yaratmalıdır: “Həmin ərazilərdə Ermənistanın helikopterlərinin uçuşuna qadağa qoyulmalıdır. Ermənistan rəsmilərinin Qarabağa helikopterlə gəlişinə imkan verilməməlidir, yerindəcə vurulmalıdır”.