Rusiya Cənubi Qafqazı nəzarətində saxlamaq üçün “Qarabağ kartı”ndan məharətlə istifadə edir. Bu məsələ Rusiyanın bölgədə qalmasını təmin edən əsas amillərdən biridir.
Bunu Teleqraf.com-a hərbi ekspert Ramil Məmmədli deyib.
Ekspert qeyd edib ki, Rusiya SSRİ-nin dağılmasından sonra bu münaqişəni Ermənistanla birgə Cənubi Qafqazdakı varlığını qorumaq üçün yaradıb:
“Hazırda da Ermənistan bir vassal kimi bu prosesin içində ona verilmiş təlimatları yerinə yetirməklə məşğuldur. Rusiya bu gün bölgə dövlətlərinin Qərbə inteqrasiyasının qarşısını almaq üçün bütün mümkün addımları atır. Bu planında da, “Qarabağ kartı”ndan yaxşı formada istifadə edir.
Mən düşünmürəm ki, Ermənistanda Qərbyönümlü siyasi qüvvələrin hakimiyyətə gəlməsinə cavab olaraq, Rusiya Azərbaycana Qarabağda hərbi əməliyyatlara başlamasına imkan yaradacaq. 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərin dayandırılması üçün Rusiyanın hansı səyləri göstərdiyi də hər kəsə bəllidir. İndiki məqamda da Ermənistanın yeni hakimiyyəti Moskvaya xəyanət etməyəcəyini və Rusiyanın maraqlarına uyğun addımlar atacağını açıq formada bəyan edir.
Buna görə də hesab etmirəm ki, Rusiya Azərbaycanın mövqeyini dəstəkləyəcək addım atacaq. Rusiyalı rəsmilərin son açıqlamalarından çıxan məntiq də bu idi ki, Moskva bu münaqişədə Azərbaycanı dəstəkləmir”.
Ramil Məmmədlinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ətrafında görünməyən gərginlik yaşanır: “Rusiyalı analitiklər də açıq formada bildirirlər ki, Qarabağı ermənilərin nəzarətindən çıxarmaq olmaz. Başqa sözlə, proseslər müharibəyə doğru yönəlir. Hər an hərbi əməliyyatlara başlaya bilər. Hesab edirəm ki, Azərbaycan özü üçün təhlükə yaradan bu məsələni tezliklə həll etməyə çalışacaq”.