Türkiyədə seçkinin nəticələri göstərdi ki, sosial media ilə real həyat fərqlidir. Sosial şəbəkələrə görə Ərdoğan elə birinci mərhələdə məğlub olmalı idi, çünki onun əleyhinə yazılan statusların və əsas rəqibinin paylaşımlarına gələn dəstək işarələrinin sayı daha çox idi.
Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edib ki, özümüz də saatlarla sosial şəbəkələrdə maraqlı, hətta fəlsəfi statuslar oxusaq da, ən böyük problem həmin fikirlərə geniş kütlələrin hakim olmamasıdır:
“Bəyənmələr aldadıcıdır. Türkiyədə seçki bir başqa fəlsəfəni də ortaya qoydu; siyasətçi olan şəxs araşdırmalarla, rəy sorğuları ilə işləməyi bacarmalıdır. Məsələn, seçki sonrası bəlli oldu ki, Rəcəb Tayyib Ərdoğanın Dövlət Baxçalı ilə ittifaq formalaşdırması strateji baxımdan doğru və vacib addım idi. Bu olmasaydı, Ərdoğanın birinci turda prezident seçilmə şansı azala bilərdi. Ancaq Ərdoğan bu qərarı qəfil verməyib, onun müşavirləri siyasi analitiklərə araşdırmalar və rəy sorğuları sifariş verib və nəticələri analiz ediblər. Yekin qərar bu nəticələr əsasında verilib. Dövlət Baxçalının rəhbəri olan MHP də araşdırmalar aparıb və bu qənaətə gəlib ki, partiya üçün ən düzgün yol AKP ilə ittifaqdır”.
E.Şahinoğlu qeyd edib ki, bizdə bu sahədə vəziyyət ürəkaçan deyil:
“Mərhum siyasi analitik Həsən Quliyev siyasi liderlərdən biri ilə görüşünü mənə nəql etdi. Deməli, Həsən Quliyev həmin siyasətçiyə izah etmək istəyib ki, hansı addım atılsa, bu onun və partiyası üçün uğurlu ola bilər. Həsən Quliyevin mənə danışdığına görə, həmin partiya liderinin reaksiyasından bu qənaətə gəlib: “Məndən ağıllısan? Mən bütün məsələləri sizdən yaxşı bilirəm...”