27 İyun 2018 20:34
2 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tehran ya Yaxın Şərqdən çəkilməli, ya da qarşıdurmaya, iflasa getməlidir”

Teleqraf.com Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə müsahibəni təqdim edir:

- İranda etiraz aksiyalarının ikinci mərhələsi başlayıb. Sizcə, bu mitinqlərin səbəbi nədir?
- ABŞ İrana qarşı sanksiyalar tətbiq edib. İranda iqtisadi vəziyyət getdikcə ağırlaşır. Sosial problemlər ciddi şəkildə insanları narahat edir. Etirazlar bununla bağlıdır. Qənaətimcə, vaxtında bu prosesin qarşısı alınmasa, çox ciddi nəticələr ortaya çıxacaq. Yəni etirazlar ciddi inkişaf edə və başqa xarakter ala bilər.

İkincisi, İran tarixi göstərir ki, bu ölkədə sosial tələblə meydana çıxan bütün hərəkatlar sonradan rejimlərin dəyişilməsi, inqilablara doğru inkişaf edib. Bu mənada İranın öz spesifikasi var. Hesab edirəm ki, hökumət tezliklə bunları nəzərə alaraq, müəyyən addımlar atmalıdır. Aydındır ki, ABŞ məhz bu amilləri nəzərə alaraq, İrana qarşı sanksiyalar tətbiq edib. Məqsəd İran daxilində destabilizasiya yaratmaqdır.

- Bu prosesin görünməyən tərəfində siyasi məqsədlər varmı?
- Yüzdə yüz var. Əsas sual budur: niyə İrana qarşı sanksiyalar tətbiq edilir? Təbii ki, İranın nüvə texnologiyası bəhanədir. İran Yaxın Şərqdə “Hizbullah”ı dəstəkləyir. Bu da ABŞ və İsrailin Yaxın Şərq siyasətinin qarşısında duran ən böyük gücdür. ABŞ istəyir ki, “Hizbullah”ı İranın dəstəyindən mərhum etsin. Əgər ABŞ bunu bacara biləcəksə, o zaman İsrail ərəb ölkələri üzərində daha böyük təsirə malik ola bilər. İranı zəiflətməkdə, ölkə daxilində qeyri-stabil durum yaratmaqda məqsəd budur. Nüvə proqramı sadəcə, yaxşı bəhanədir.

- Amma görünən budur ki, ABŞ-ın planı işləyir və zaman keçdikcə İran daxilində iqtisadi problemlər ortaya çıxır...
- İranda əvvəllər də iqtisadi problemlər vardı. İran neft ölkəsidir, dünya bazarında isə neftin qiyməti aşağı düşüb. Digər tərəfdən, sanksiyalar tətbiq edilir. İran müasir texnologiyalar əldə edə bilmir. Təsəvvür edin ki, İran Hava Yolları ən köhnə təyyarələrdən istifadə edir. Səbəb budur ki, İrana yeni təyyarələr satılmır. Digər texnologiyaların da İrana satışı qadağan edilib. Bu mənada vəziyyət düşünüldüyü kimi deyil. İqtisadi baxımdan orada çətinliklər var və bu da əhalinin müəyyən təbəqəsini narahat edir. Müxalifət və digər maraqlı qüvvələr də bundan istifadə edir.

- ABŞ-ın bu planının nəticəsi olacaqmı?
- Bundan əvvəldə İranın bir neçə şəhərində kütləvi etirazlar başladı. Xüsusilə, iranlılar kreditlərlə bağlı ayağa qalxmışdı. Hətta rejimin istefasına dair şüarlar ortaya çıxdı. O zaman İran hakimiyyəti bunu uğurla idarə edə bildi. Yəni qısa müddətə kreditlərlə bağlı lazım olan qərarları qəbul etdi, təxribatçı qüvvələri müəyyən edib neytrallaşdıra bildi. İndiki halda da əgər rejim əvvəlki yolunu tutaraq xalqın narazılığına səbəb olan problemlərin həlli üçün təcili addımlar atacaqsa, təbii ki, bu planın qarşısını alacaq. Yox, əgər insanların etirazı qulaqardına vurulacaqsa, bu zaman İran növbəti inqilaba hamilə qalacaq. Mən bu haqda İranda səfərim zamanı görüşdüyüm ayətullahlara da dedim. İnqilablar rejimi dəyişməyə kömək edə bilər, amma heç bir inqilab cəmiyyəti uzun müddət saxlaya bilməz. Çünki cəmiyyət inqilab deyil, islahat tələb edir. İslahat olmayan yerdə isə inqilab başlayır. İndi İranda buna oxşar vəziyyətdir. İslahatlara ehtiyac var.

- Hansı islahatlara?
- Sən islam inqilabi etmisən, dərhal da islahatlara getməlisən. Təəssüflər olsun ki, bu islahatlar keçirilmir.

Məsələn, İranda həddən artıq xurafatçılıq, dini təriqət radikalizmi var. Digər tərəfdən, vətəndaşların sosial problemləri yığılıb qalıb. İran orta əsir şərtləri ilə hərəkət edir. Bunlar dəyişilməlidir. “Qurani-Kərim”də Allah buyurur ki, Quran vaxta münasib olmalıdır. Əgər onlar “Quran”ı anlayırsa, cəmiyyəti vaxta münasib qurmalıdır.

- “Vaxta münasib” dedikdə nəyi nəzərdə tutursunuz?
- Müasir texnika, texnologiya. Bunların heç biri islamla ziddiyyət təşkil etmir. Bu gün Avropanın həyat tərzi islamın həyat tərzinə daha yaxındır, nəinki İranın həyat tərzi. Məsələn, İran alimləri islam qaydaları ilə yaşayan ölkələrin statistikasını aparıb. Bu statistikada ilk 35 ölkə arasında bir müsəlman ölkəsi belə yoxdur. Belə çıxır ki, Qərb ölkələri daha çox islama uyğun yaşayır, nəinki İran, Türkiyə və digər müsəlman ölkələri. Bunun da səbəbi odur ki, müsəlman ölkələrində islam islahatları aparılmır. Halbuki bu dəyişilmələr və dərəcələnmələr Allahın əmiridir. Bu baxımdan bu gün İranda tətbiq edilən din modelinin özü də islahata məhkumdur.

Söhbət islamın cildindən getmir, islahat təriqətin içində aparılmalıdır. Şiəlik təriqətində islahat aparıb onu ümumi islami dəyərlərə yaxınlaşdırmaq lazımdır. Mən İranda səfərdə olmuşam. Orada namaz qılan adamlar azdır. İnsanlar bir-birinə rəğmən gəlib namaz qılır. Belə olmaz. İnsan gərək ibadətini Allaha rəğmən, könüllü, bir borc kimi həyata keçirsin. Ciddi dəyişilmələr olmasa, yaxşı olmayacaq. İnsanların özü də dindən uzaqlaşıb.

- ABŞ noyabra qədər İrandan neft alan ölkələrə vaxt verib. Təklif edib ki, İrandan neft almayın, əvəzində sizin ölkəyə investisiya qoyacağıq...
- İran əvvəl də belə sanksiyalara məruz qalıb. Amma Avropanın bəzi ölkələri, xüsusilə Almaniya və Fransanın Tehranda böyük iqtisadi maraqları olduğundan sanksiyalara baxmayaraq , onlar İranla əlaqə qururdu. Eləcə də İran Çinlə əlaqələri düzgün qurmuşdu. Üstəlik Türkiyə və Rusiya ilə. Bu da imkan verirdi ki, İran vəziyyətdən çıxa bilsin. İndi sanksiyaların nəticəsində İran ABŞ-la rəqabətdə olan ölkələrlə daha çox yaxınlaşacaq. Ələlxüsus, Çin və Rusiya ilə. Əslində baxsan sanksiyalar üsulu o qədər də əlverişli deyil.

- Niyə?
- Ölkələrə təsir əməkdaşlıqla daha effektivdir, nəinki sanksiya və təzyiqlər vasitəsi ilə. ABŞ İranla əməkdaşlıq etsəydi, daha çox irəli gedərdi, nəinki təzyiqlərlə.

- İran daxili və xarici pressinqlər səbəbindən Yaxın Şərq siyasətində məcburi dəyişikliklərə gedə bilərmi?
- Mən bunu İranda olduğum zaman dedim. SSRİ-ni dağıdan səbəblərdən biri onun silahlanmaya cəlb olunması idi. Hazırda ABŞ və İsrail bəzi islam ölkələrini, o cümlədən İran və Türkiyəni bu prosesə cəlb edib. Məsələn, İran məcbur olub İraqda “Hizbullah”ı dəstəklədi, ora qoşun göndərdi. Hazırda Suriyada vuruşur. Yəməndə husilərə dəstək verir. Bir azdan bu dəstək başqa ölkədə özünü göstərəcək. Təsəvvür edin ki, bir tərəfdən İrana sanksiyalar tətbiq edilir, digər tərəfdən ölkənin maliyyə resurslarını silahlanmaya yönəltməyə məcbur edirlər. SSRİ də buna görə dağıldı. İndi İran bir tərəfdən super güc, regional güc mərkəzi olmaq istəyir, digər tərəfdən onun resursları belə bir güc olmasına imkan vermir. Odur ki, ya İran daxili siyasətinə çəkilməlidir, necəki sovet hökuməti sonradan Əfqanıstandan çıxmalı oldu, ya da qarşıdurmaya, iflasa doğru getməlidir.


Müəllif: Cavad

Oxşar xəbərlər