Bizim birgə məqsədimiz Əfqanıstan və ölkədən kənarda sülh və təhlükəsizliyə dair hədəflərə nail olmaqdır.
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun Bakıda keçirilən toplantısında açılış nitqində deyib.
O bu platformanın əhəmiyyətini qeyd edib: "Bu, çox mühüm platformadır. Geniş tərkibli beynəlxalq ölkələr qrupu Əfqanıstan və "Taliban" münaqişəsinin həllinə dair əməkdaşlıqda çox maraqlıdır. Biz bu işdə kömək göstərmək və əməkdaşlıq etməyə, birgə səyləri daha da inkişaf etdirməyə şadıq.
Mən həmçinin məmnunam ki, biz bunu dost və qardaş ölkə üçün edirik. Bu ölkə ilə biz ümumi tarix, ümumi mədəniyyəti bölüşürük. Ümid edirəm ki, xalqlarımız gələcəkdə daha sıx əlaqədə olacaq, iqtisadiyyatın, ölkələrin inkişafı üçün bir-birinə kömək edəcək".
A. Əzimov bugünkü gündəliyin çox vacib olduğunu, ölkələrin müəyyənləşdirdiyi prioritet əsaslar üzərində qurulduğunu deyib: "Bu həm də Əfqanıstan hökumətinin yaxşı nəticələr əldə etmək istədiyini göstərir.
Bu məsələ ilə bağlı digər formatlar da var, məsələn "Tokio formatı". Hər bir formatın öz məqsəd və hədəfləri var. Bu baxımdan Beynəlxalq Təmas Qrupu uğurlu, vacib siyasi platformadır".
Nazir müavini bugünkü görüşün çox məhsuldar olacağına dair ümidvarlığını ifadə edib.
"Bu ilin oktyabrında qardaş Əfqanıstanda keçiriləcək parlament seçkilərinin ən mümkün yollarla yaxşı təşkil olunacağına, nəticələrinin gələcəkdə stabilliyin möhkəmlənməsinə və növbəti prezident seçkiləri üçün yaxşı zəmin yaradacağına inanırıq", - deyə o qeyd edib.
***
09:52
Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, toplantıda Beynəlxalq Təmas Qrupuna üzv olan ölkələrin və beynəlxalq təşkilatların 90-na yaxın nümayəndəsi iştirak edir.
Eyni zamanda Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də tədbirə qatılmaq üçün Bakıya gəliblər.
İclasda Əfqanıstanın və yerləşdiyi regionun inkişafına töhfə verilməsi məsələsinə dair müzakirələr aparılır.
Qeyd edək ki, Beynəlxalq Təmas Qrupu 2009-cu ildə yaradılıb və Azərbaycan Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur.
Əfqanıstanla birlikdə Almaniya Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.
Toplantıda iştirak edən "Taliban" rəhbərliyi dövründə Əfqanıstanın Pakistandakı keçmiş səfiri Əbdülsələm Zəif bildirib ki, bu gün Bakıda keçirilən toplantının Əfqanıstandakı münaqişənin həlli baxımından çox faydalı olacağını düşünür.
O bildirib ki, bugünkü toplantıda bir çox məsələlər, eləcə də "Taliban" qruplaşması ilə və Əfqanıstan hökuməti arasında sülh danışıqlarının növbəti mərhələsi müzakirə ediləcək: "Eyni zamanda Əfqanıstandakı seçkilər, hərbi əməliyyatlar da müzakirə ediləcək. Sonuncu sessiyada "Taliban"la sülh prosesinə dair növbəti addımlara dair fikir mübadiləsi aparılacaq".
Ə.Zəif Bakıya ilk dəfə gəldiyini deyib ki, Əfqanıstanın yaxşı gələcəyinin olacağına inandığını söyləyib.
Xatırladaq ki, Azərbaycan Respublikası Əfqanıstan ilə bağlı bir sıra beynəlxalq və regional formatlarda iştirak edir və bu ölkədə sülh, sabitlik və inkişafın təmin edilməsinə öz töhfəsini verir. 2017-ci ilin dekabrın 1-də Azərbaycanın Əfqanıstanla birlikdə həmsədrliyi çərçivəsində “Asiyanın ürəyi- İstanbul Prosesi”nin yeddinci nazirlər iclası da Bakıda keçirilib.