Teleqraf.com sabiq dövlət müşaviri, politoloq Rasim Ağayevlə müsahibəni təqdim edir.
- Rasim müəllim, Ermənistanda Paşinyanın inqilabla hakimiyyətə gəlməsindən iki aya yaxın zaman keçir. İndi bu ölkədə vəziyyəti necə qiymətləndirirsiniz?
- Ermənistanda cəmi bir inqilab olub. Daha doğrusu, əks-inqilab. Bu da 1990-cı illərdə baş verib. O zaman Ermənistan əks-inqilab nəticəsində elan etdi ki, bizim yolumuz Rusiyaya deyil, Qərbə yönələkdir və s. Belə düşündülər ki, “tarixi torpaqlarını” geri qaytarmalıdırlar. Torpaq da deyəndə əsasən Azərbaycanın və Türkiyənin torpaqlarını nəzərdə tuturdular. Təxminən 80 il ərzində SSRİ-dən əvvəl orada bu proseslər özünü göstərib. Yəni ölkədə millətçilərlə yanaşı bolşeviklər, kommunistlər, menşeviklər və digər qüvvələr olub. Ancaq 90-cı illərdə baş verən inqilabdan sonra bu ölkədə ancaq millətçilik təşəkkül tapdı. Yəni bütün fərqli siyasi yanaşma və ideologiyalar dəfn olundu, ortada ancaq vahid ideologiyası olan xalq qaldı.
Bu aqressiv millətçilik ideologiyası idi. Nəzərə alın ki, millətçiliyin də müxtəlif forma və növləri var, ideologiyalar və onun ətrafında demokratik döyüşmələr olur. Bir də aqressiv millətçilik olur, bunu aparıcı siyasi qüvvələr, xalq qəbul edir. Deyirlər ki, bu ideologiya bizim bu günümüz və sabahımızdır. Ermənistan da bu siyasət illərlə aparıldı. Bu siyasət onları gətirib dalana dirədi. Əsas ideologiya “Böyük Ermənistan” yaratmaqdır. Bunu da ancaq yeni ərazilər tutmaqla yaratmaq olur. İndi artıq bunu etmək mümkün deyil. Bununla da nə Azərbaycan, nə Türkiyə, nə də Gürcüstan razıdır. Heç Qərb və Rusiya da bunu dəstəkləmir. Ona görə də Ermənistanda ideologiya böhranı yaşanır. Qəbul etdikləri sərsəm “Böyük Ermənistan” ideologiyası faktiki həyata keçirilmir. Bu da erməniləri iqtisadi, sosial, mənəvi, siyasi və milli cəhətdən pis vəziyyətə salıb. Özləri də bilmir ki, bu prosesin sonu necə olacaq.
Ortaya da ağıllı və güclü lider çıxıb deyə bilmir ki, ay ermənilər, biz çaşmışıq. Odur ki, orada dalan vəziyyəti mövcuddur, zaman keçdikcə nəticəsi pis olacaq. Bu situasiyada Ermənistanda hakimiyyətə ancaq avantürist şəxs gələ bilər. Paşinyan kimi və ya ondan da ciddi radikal avantürist Paşinyan avantürist proqramla gəlmişdi, deyirdi ki, “burada mənəm, Bağdadda kor xəlifə”. Sonra onu Moskvada başa saldılar. İndi özü də bilmir neyləsin. Çünki onların proqramı yalnız və yalnız ərazi əldə etmək proqramıdır. Bunun adını “Böyük Ermənistan” qoy və ya qoyma, nəticə eynidir. Ermənilər gecikiblər. Zənnimcə, Ermənistanda yeni ideologiya yaranmasa, dalandan çıxa bilməyəcəklər. Orada sərsəm “Böyük Ermənistan” ideologiyasından imtina edəcək, xalqa düz yol göstərəcək qüvvə hələlik yoxdur. Belə qüvvənin ortaya çıxması üçün gərək Ermənistan müxtəlif krizislərdən keçsin ki, xalq ayılsın.
- Paşinyanın davranışları və apardığı siyasəti necə qiymətləndirmək olar?
- Bu dalan siyasətidir. Özləri bilmirlər neyləsinlər. Hakimiyyətə gələn komandanın proqramı olar. Elan edər ki, mən gəlmişəm, ölkəni böhrandan çıxarmaq üçün filan məsələləri təklif edirəm. Paşinyan bunların heç birini etməyib. Görmüsünüz ki, Paşinyan bunu desin? Belə davranış yoxdur. O da xəstə millətçi olaraq “Böyük Ermənistan” yaratmaq haqqında düşünür. Get, yarat görüm, necə yaradacaqsan?
- Belə iddialar olunurdu ki, Paşinyan Qərbpərəst siyasətçidir, onun hakimiyyətə gəlişindən sonra Ermənistan Rusiyanın təsirindən çıxacaq. Sizcə, bu müşahidə olunurmu?
- Bu heç cür baş verə bilməz. Ermənistan tamamilə Rusiyanın cibindədir. Tutaq ki, yeni erməni hakimiyyəti Rusiyadan üz döndərdi. Bu zaman Ermənistanı kim saxlayacaq? Onlar heç yana gedə bilməz.
İkincisi, siyasət danışıqlardan, razılaşmalardan, müqavilələrdən keçərək indiki mərhələyə çatıb. Dünən sən bir sənədi qəbul edirsən, bu gün gəlib deyirsən ki, mən başqa yolla gedəcəyəm? Bu, mümkün deyil.
Üçüncüsü, Paşinyan kimi avantürist deyil, ciddi siyasi lider ortaya çıxıb Putinlə müzakirə aparmalı və deməlidir ki, biz sizinlə qurtarırıq. Ancaq filan məsələlərdə əməkdaşlıq edə bilərik, bizim siyasətimiz və yolumuz fərqlidir. Belə bir siyasi fiqur və təşkilat yoxdur. Odur ki, Ermənistanın Rusiyanın təsirindən çıxması sadəcə, illüziyadır.
- Paşinyanın ABŞ və Avropa ilə münasibətlərini necə qiymətləndirmək olar?
- Zənnimcə, Avropa və Amerikada ancaq lobbi siyasəti var. Onlar daima və uzun illər boyu Ermənistanı və erməniləri dəstəkləyib. Çoxlarından fərqli olaraq, hesab edirəm ki, ABŞ və Avropanın erməniləri dəstəkləməsi ermənilərə sevgidən doğmur. Avropa və ABŞ Ermənistanı SSRİ-ni dağıtmaq üçün dəstəkləyib. Ermənilər SSRİ-nin dağılmasından aparıcı rol oynadı. Bunu da külbaş ruslar indiyə qədər anlamayıb.
- Fikirlərinizi inkişaf etdirə bilərsiniz?
- Ruslar anlamayıb ki, ermənilər ümumilikdə Qərbin agenturasıdır. Yarısı İrəvanda, yarısı da Moskvada oturub. Ermənistan XX əsrin sonlarında niyə ortaya çıxdı, onun nəyi çatmırdı? Ərazi iddiası var idi. Bunu da regionun heç bir dövləti qəbul etmir. Lap tutaq ki, ermənilər istədikləri torpaqları işğal etdi. Sabah bu torpaqlarda kim gəlib yaşayacaq? Bunu dərindən fikirləşən yoxdur. Çünki belə durum hamı üçün əlverişlidir. Məsələn, ruslara ona görə əlverişlidir ki, Cənubi Qafqazda qalır, üstəlik Ermənistan da yanında çabalaya-çabalaya durur. Qərbə ona görə sərf edir ki, bu sonda Rusiya-Ermənistan münasibətlərinin böhranına gətirib çıxaracaq. Ermənilər elə bilir ki, Qərbdə onlar üçün ölürlər. Əslində söhbət heç bundan getmir. Söhbət ondan gedir ki, Qərb açıq-aşkar xəstə ideologiya əsasında aparılan siyasəti dəstəkləsə, deməli açıq şəkildə Azərbaycan, Türkiyə, Gürcüstan, elə Rusiya ilə də arası dəyəcək.
- Paşinyanın hazırda erməni generalları, Sarksiyanın bəzi yaxın adamlarını həbs etməsi nədən qaynaqlanır?
- Generallar bilir ki, Paşinyan öz dayaqlarını möhkəmləndirmək məqsədilə korrupsiya və rüşvətxorluğa son qoymaq adıyla onları zərəsizləşdirməyə. Onların hamısı korrupsiyaya bulaşıb. Paşinyan da bilir ki, onu aradan götürmək istəyirlər. Odur ki, daxildə bir-birini qırırlar. Əcəb də edirlər, buyurub qırsınlar. Çünki nə Paşinyan, nə də Sərksiyan ermənilərə demədi ki, ay millət biz azmışıq, səhv yolla getmişik. Mümkün deyil ki, hamı haqsız, ancaq sən haqlı olasan. Azərbaycan haqsızdır, Türkiyə haqsızdır, Gürcüstan haqsızdır, yalnız sən Ermənistan haqlısan? Axı belə olmur!
- Paşinyan uzun müddət hakimiyyətdə otura biləcək?
- Paşinyanın arxasında heç nə yoxdur. O, hakimiyyətə milləti səfərbər edən, birləşdirən ideyalarla gəlsəydi, bunu anlamaq olardı. İş ondadır ki, Paşinyan ideyasız, ciddi alternativ proqramı olmadan hakimiyyəti zəbt edib. Orada erməni çoxdur, sabah başqa biri hakimiyyəti zəbt edəcək. Ya Paşinyanı öldürəcəklər, böhran yaranacaq, hansısa gülməli koalisiya yaradacaqlar. Amma etiraf edilməlidir ki, Ermənistan çox dərin böhran vəziyyətindədir. Bu da ciddi problemlər yarada bilər. Bu təhlükə təkcə ermənilər üçün olsaydı, narahat olmazdıq. Ancaq indiki anda təhlükə regionu qarışdıra bilər. Məsələ ondadır ki, böhranlı vəziyyət hakimiyyətə avantürist siyasətçilərin gəlməsinə şans tanıyır. Erməni siyasətində avantüra baş versə, bu da prosesə ya Azərbaycanı, ya da Türkiyəni qatacaq.
- Dediniz ki, Paşinyanı Moskvada başa saldılar. Bununla nəyə işarə edirsiniz?
- Paşinyan İrəvanda fərqli fikirlər deyirdi. Sonra Moskvaya səfər etdi. Moskvadan İrəvana qayıdanda xeyli dəyişdi. Buna qədər deyirdilər ki, ruslar rədd olsunlar. İş o yerə gəlmişdi ki, Rusiyada etimad edilən ruspərəstlər açıq-aşkar ermənilərin əleyhinə çıxış etməyə başlaməşdı. Sizə deyim ki, ermənilər çox avantüra ilə məşğul olublar, amma son 80 ildə Moskvada ilk dəfə ermənilərə sərt reaksiya oldu. Ruspərəst qüvvələr açıq elan etdilər ki, ermənilər avantüristdir və bizi uçuruma aparırlar. Bundan artıq nə deyərlər? Paşinyan da Moskvaya səfər etdi və Putin ona başa saldı ki, belə davam edə bilməz. Axı ortada Putinin nüfuzu və avtoriteti məsələsi də var. Uzun illərdir Ermənistanla bağlı siyasət hazırlayıb həyata keçiriblər. İndi də biri gəlib deyir ki, siz buradan gedəcəksiniz, bundan sonra Ermənistanda mən ağalıq edəcəyəm. Onu başa saldılar ki, özbaşına deyilsən, böyük ölkənin deyil, xırda Ermənistanın rəhbərisən, fikrindən keçən arzuları realizə etmək imkanın yoxdur. Otur, sənə deyiləni et. Paşinyan da Moskvadan qayıdanda tam fərqli adam oldu.