İyunun 24-də Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində AKP-dən seçilən Azərbaycan əsilli siyasətçi Şamil Ayrımın Axar.az-a müsahibəsini təqdim edirik:
- Türkiyədə keçirilən son seçkiləri necə dəyərləndirirsiniz?
- Bildiyiniz kimi, 24 iyunda Türkiyədə prezident və parlament seçkiləri paralel şəkildə keçirildi. Ölkə ərazisində və xaricdə çox yüksək seçici fəallığı müşahidə olundu. Bütün dünyaya nümunə ola biləcək demokratiya bayramına şahid olduq. Bundan son dərəcə razıyıq. Olaysız, ən kiçik bir hadisə belə baş vermədən, heç bir vətəndaşın burnu belə qanamadan türk xalqı seçkidə iştirak etdi. Seçki nəticəsində Rəcəb Tayyib Ərdoğan ilk turda prezident seçildi. Seçkilərdən sonra artıq yeni hökuməti formalaşdırmaq üçün işlərə başlanılıb.
Qismət olarsa, ayın 7-də Prezident Rəcəb Tayyib Ərdoğan, bir gün sonra isə millət vəkilləri and içəcək. Ondan sonra hökumətin formalaşdırılmasına başlanılacaq. Seçkilər Türkiyədə son dərəcə sağlam zəmində həyata keçirildi. Beynəlxalq müşahidəçilərin rəyləri də bunu təsdiq edir. Türkiyə xalqı həqiqətən demokratiyadan yana mövqe ortaya qoydu. 16 ildir seçkilərdə uduzmayan, millətin bağrından çıxan AKP təkrar iqtidara gəldi.
- MHP-nin Cümhur Birliyinin və ümumiyyətlə, Ərdoğanın ilk turda qələbəsindəki rolu haqda nə deyə bilərsiniz?
- MHP Türkiyənin ən köklü partiyalarından biridir. Dövlət Baxçalının seçkidən əvvəl MHP-nin prezidentliyə namizədinin Ərdoğan olduğunu söyləməsi çox əhəmiyyətli addım idi. Bununla Türkiyədə Cümhur İttifaqının əsası qoyuldu. Yəni Milliyyətçi Hərəkat Partiyası ilə Ədalət və İnkişaf Partiyası ölkənin gələcəyi və bölünməzliyi üçün birlikdə çalışır.
Təbii ki, MHP seçkilərdən çox yaxşı göstərici ilə çıxdı. Rəqiblərinin mənfi təbliğatına baxmayaraq, öz gücünü göstərə bildi. Bundan sonra MHP ilə AKP Türkiyənin gələcəyini birlikdə dizayn edəcək. Bundan qətiyyən şübhə etmirik ki, bu, Türkiyə üçün xeyirli olacaq.
- Şamil bəy, indi AKP-nin Türkiyə Böyük Millət Məclisində MHP-yə daha çox ehtiyacı var. Bundan sonrakı dönəmdə MHP bu üstünlüyündən necə istifadə edəcək?
- MHP Türkiyənin bölünməzliyini müdafiə edən, illərdir əsas siyasi xətti bundan ibarət olan bir partiyadır. MHP “bayraq”, “millət”, “dövlət”, “vətən” dedi, eyni şeyləri Prezident Ərdoğan da “rabia” işarəsi ilə dedi. Dolayısı ilə bu dəyərlərin üzərində birləşən iki partiyanın bundan sonra bir-birlərinə daha da yaxınlaşacağına inanıram. MHP terrorla mübarizədə sonuna qədər gedən bir partiyaya – AKP-yə dəstək verib. O dəstək MHP-ni dəstəkləyənlərin təkrarən partiyaya dönməsinə və öz partiyalarına sahib çıxmalarına səbəb oldu.
- MHP-nin də dəstəyi ilə qurulacaq hökumətin Cənubi Qafqazda daha da aktivləşəcəyini gözləmək olarmı?
- Türk dünyası Türkiyə üçün çox önəmlidir. Rəhmətlik Özal dönəmində başlayan, Dəmirəl, AKP iqtidarı zamanında davam edən, bir tərəfdən Afrika ölkələrinə qədər uzanan, digər tərəfdən isə başda Azərbaycan olmaqla, Orta Asiyaya uzanan siyasət tətbiq etdik. Son zamanlar Türkmənistan və Özbəkistanla Türkiyənin münasibətləri son dərəcə yaxşı vəziyyətdədir. Əlbəttə, bunlardan ən önəmlisi Azərbaycandır. Artıq biz Azərbaycanla qardaşlıqdan daha artıq bir bərabərlik içindəyik. Çünki Azərbaycan Türkiyədəki ən böyük investisiya qoyuluşunu (TANAP layihəsi) həyata keçirdi.
Dolayı yolla Türkiyə-Azərbaycan münasibətləri son dərəcə sağlam bir vəziyyətə gəlib çatdı. Əlbəttə, MHP Türkiyənin Qafqaz coğrafiyasında daha aktiv olmasını istəyəcək. Bu, təbii haldır.
Amma bir şeyi xüsusilə qeyd etməliyəm ki, bizim partiyamız bu istiqamətdə uzun illərdir çalışır. Şəxsən öz adıma deyə bilərəm ki, mən uzun illərdir həm Azərbaycanın diaspor fəaliyyətlərində yer almış, həm də türk dünyasında baş verənləri yaxından izləyən biriyəm. Bizim yenə də türk dünyası ilə əlaqələrimizi inkişaf etdirməyimiz vacibdir. Düşünürəm ki, bu mənada MHP bir az daha önə çıxa bilər.
- AKP-nin parlamentdə çox sayda millət vəkili sahibi ola bilməməsi üçün CHP HDP-yə 10 faizlik baryeri keçməkdə kömək etdi. HDP-nin PKK ilə düşüncələrinin zaman-zaman uzlaşdığının da şahidi olmuşuq. CHP niyə HDP-yə bu qədər dəstək verir?
- Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, CHP HDP-nin baryeri keçməsinə səbəb oldu. Bunu demək lazımdır ki, CHP daha əvvəl də İYİ Partiyasına dəstək verdi. 15 millət vəkili göndərərək, onların parlamentdə qrup formalaşdırmasına, seçkilərdə iştirak etməsinə səbəb oldu. İndi seçkilər bitdi. Burada önəmli olan CHP-nin HDP-ə dəstək verməsindən daha çox bundan sonra Türkiyədə parlament daxilində olan partiyaların hamısının HDP-nin PKK ilə münasibətlərini düşünməsi olmalıdır. HDP PKK ilə zaman-zaman baş tutan münasibətlərini dayandırmalıdır. Çünki buna nə türk xalqı, nə də dövləti icazə verər. Buna görə də HDP və CHP-nin də buna dəstək verməsi bir mənada Türkiyə üçün problem yarada bilər.
Türkiyə böyük və güclü dövlətdir. Terror qruplaşmasının bağlantıları burada öz əksini tapmamalıdır. HDP özünü mühakimə etməli, bu əlaqələri kəsməlidir. Çünki Türkiyə parlamentinə daxil olub. Türkiyə Respublikasının qanunları da buna icazə verməz. Bundan əvvəlki dönəmdə də, indi də onların liderləri mühakimə olunur.
CHP də özünü mühakimə etməli və daha fərqli siyasət yürütməlidir.
- Qəndil əməliyyatlarının davam etdiyi dönəmdə Cümhur İttifaqı HDP-nin bağlanması məsələsini gündəm maddəsi edə bilərmi?
- Türkiyənin hazırda birinci gündəm maddəsi hökumətin formalaşdırılmasıdır. Ondan sonrakı prosesləri zamanla görəcəyik. Çünki Türkiyə sərhədlərində terror qruplaşmasının olmasını istəmir. Eyni zamanda Türkiyə qonşu dövlətlərdə sülhün olması, həm özlərinin, həm qonşularının rifahı üçün çalışır. Türkiyə sərhədlərindən kənarda və sərhədləri daxilində terror qruplaşmalarının yerləşməsini, dövlət qurmasını heç vaxt qəbul etməz. Onsuz da 2 ildir Türkiyənin həyata keçirdiyi siyasi xətt də bunu sübut edir.
- Azərbaycan türkü olaraq, parlamentdə Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişafı üçün hansı işlər görməyi düşünürsünüz?
- Bunu xüsusilə qeyd etmək istəyirəm ki, kökləri Azərbaycana gedib çıxan bir millət vəkiliyəm. Türkiyə Respublikasının vətəndaşı olmaqdan da qürur duyuram. Hər platformada mənə bu dəyərləri qazandıran Türkiyəyə minnətdaram. Digər tərəfdən, Türkiyə dövlətinin güclü olması Azərbaycanın güclü olması deməkdir.
Mən bundan öncə də iki dönəm millət vəkili seçilmişəm. O dönəmdə təxminən 8-10 il ərzində BMM-də Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri vəzifəsində çalışdım. Yeni dönəmdə də nəsib olsa, münasibətlərimizin daha da inkişaf etməsi üçün əlimizdən gələni edəcəyik. Hazırda Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər son dərəcə inkişaf edir. Prezidentimiz Ərdoğan və cənab İlham Əliyev arasındakı münasibətlər çox yüksək səviyyədə davam edir. Bu münasibətlər Türkiyə-Azərbaycan arasında münasibətlərin daha da yaxınlaşması üçün zəmin hazırlayır. İş adamlarımız, siyasətimiz, dövlətimiz, əsgərimiz, ordumuz ciddi uyum içərisindədir.
Biz bu dönəmdən danışarkən Azərbaycanımızın şanlı bayrağının sonsuzadək dalğalanması üçün beynəlxalq platformalarda və digər yerlərdə əlimizdən gələni etməyə çalışacağıq. Azərbaycanın beynəlxalq standartlara uyğunlaşması bizim üçün çox önəmlidir. Azərbaycan bu yolda çox məsafə qət edib. Biz bu dönəmdə əgər münasibətlərdə axsaqlıq varsa, onu düzəltməyə çalışacağıq, çünki bu məsələdə təcrübəliyik.
- Türkiyədəki seçkilər, həmçinin, sizinlə də bağlı Azərbaycandakı həssaslıqdan məlumatlısınızmı?
- Əlbəttə. Azərbaycanda mənim seçilməyimlə bağlı xəbərlərdən birinin başlığı belə idi: “Türkiyədə Gədəbəydən deputat seçildi”. Mənim Azərbaycanda çox dostum var. 1994-cü ildən bəri Azərbaycana gedib-gəlirəm. Mərhum prezidentimiz Heydər Əliyevlə də çox yaxşı dialoqumuz var idi. Mənim millət vəkilliyimdən sonrakı dönəmdə də Azərbaycanla olan əlaqələrimi çox səviyyəli şəkildə davam etdirdim. İstər dövlət müəssisələrində, istərsə də xalq arasında bir çox dostumuz, yoldaşımız, yaxınımız, qohumumuz var. Əslimiz ata tərəfdən Gədəbəyə qədər gedib çıxır. Amma anam Qarabağ bölgəsindəndir. Həyat yoldaşımın atası Qarabağdan, anası isə Gəncədəndir. Gəncədə Xalq Hərəkatının başçısı Sara Ələkbər Quluzadənin nəvəsidir. Türkiyənin sabiq turizm naziri İlhan Aküzümün bacısıdır. İlhan Aküzüm Özalın zamanında turizm naziri vəzifəsində çalışıb. Bundan başqa, mən diaspor fəaliyyətimə görə Azərbaycanın “Tərəqqi” medalına layiq görülmüşəm. Bizim Azərbaycanla əlaqələrimiz bitməz. İki ölkə arasında münasibətlərin daha da yaxşılaşdırılması üçün əlimizdən gələni edəcəyik.
Azərbaycandakı dostlarımız, soydaşlarımız bunu bilsinlər ki, Türkiyə parlamentində Azərbaycanın daha bir səsi var. Bizim əsas istəyimiz Türkiyənin də, Azərbaycanın da güclü olmasıdır. Tək məqsədimiz odur ki, Azərbaycan və Türkiyə bayraqları sonsuza qədər dalğalansın.