Teleqraf.com təhlükəsizlik eksperti Sülhəddin Əkbərlə müsahibəni təqdim edir.
- Sülhəddin bəy, hazırda İranda baş verən prosesləri necə dəyərləndirirsiz?
- Burada başlıca iki amilə diqqət yetirmək lazımdır. Birincisi, həqiqətən İran daxilində sosial-iqtisadi vəziyyət getdikcə ağırlaşır. Bu da daxildə əhalinin narazılığının artmasına səbəb olur, sosial etirazlar üçün fon yaranır. Bu amildən də həm daxildə hakimiyyətə müxalifətdə olan qruplar, eyni zamanda xarici qüvvələr - ABŞ və İsrail istifadə edərək narazılıqların küçələrə istiqamətlənməsini təmin edirlər.
Bu baxımdan İranda baş verən prosesləri qiymətləndirərkən, obyektiv yanaşmanın tərəfdarıyam. Həm daxili, həm də xarici faktorları birlikdə qiymətləndirmək vacibdir.
- İsrail və ABŞ-ın İran daxilində nə dərəcədə təsir imkanları və resursları var?
- Resursları genişdir. Teokratik rejimin aparıcı şəxslərinin ələ alınmasından tutmuş müxalifətə yardımın edilməsinə qədər geniş əlaqələr qurublar. İranda islam inqilabı baş verdikdən sonra bundan narazı qalan xarici qüvvələr, eyni zamanda daxildə vurulan hakim elita ölkə daxilində işi davam etdirib. 1979-cu ildən indiyə qədər İran daxilində geniş şəbəkə qurmağa nail olunub. İndi ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Misir kimi ölkələr öndə gəlir. Onlar geniş şəbəkəyə sahibdir.
İran daxilində müxalifətin yaranması, xüsusilə bu müxalifətin ancaq qeyri-dini kəsimlərdən ibarət olmaması, dini kəsimin daxilində də müxalif qüvvələrin formalaşması müşahidə edilir. Eyni zamanda 2000-ci ildən teokratik rejimin elitasının da ələ alınmasına başlanıb. Bu məqsədlə xüsusi fond yaradılıb. Yəni pulla ayətullahlar bir-bir ələ alınır. Bu baxımdan İran daxilində ABŞ, İsrail və onların ərəb müttəfiqlərinin geniş şəbəkəsi mövcuddur. Bura şah rejimindən qalanlar, - hansı ki onlara şahın oğlu rəhbərlik edir, - habelə Xalq Mücahidləri Qrupu, milli etnik qruplara qədər qüvvələr daxildir. Məsələn, Azərbaycan türklərinin müxtəlif təşkilatları var, habelə kürdlərin, ərəblərin, bəlucların və digərlərinin. Söhbət geniş spektrdən gedir. Onların da dəstəyə ehtiyacı var və onlar xarici dəstəkdən yararlanır. Bizdə məlumatlar var ki, müxalifət qruplarına ABŞ və İsrailin yönləndirməsi ilə ərəb dövlətləri tərəfindən yardım edilir.
- Bu qüvvələrin teokratik rejim üzərində qələbə çalma perspektivi nə qədər realdır?
- Nəzərə almaq lazımdır ki, İrandakı islam rejimi güclüdür. Üstəlik İran ikili dövlət strukturuna malikdir. Bir tərəfdən klassik dövlət modeli, onun strukturları var və bunu möhkəmləndiriblər. Bundan savayı islami strukturlar əsasında qurulan xətt var. Bunun da başında Xamneyi durur. Paralel olaraq bu struktura kəşfiyyat, İslam İnqilab Korpusu, onun strukturları və digər qurumlar daxildir. Başqa sözlə, İranda rejimi dəyişmək asan olmayacaq. Nəzərə alsaq ki, bu, dini-ideoloji rejimdir, onun fanatikləri, ölümə hazır olan on minlərlə döyüşçüsü var, deməli, İranda çətin və ağır proses olacaq. Əgər həqiqətən də İranda proseslər dərinləşəcəksə, rejimi devirmək planı səhnəyə çıxacaqsa, bu çox ağır və qanlı proses olacaq.
- Hətta Suriya prosesindən də qanlı?
- İran rejimi ilə Suriya rejimini müqayisə etsək, görərik ki, Tehran rejimi Dəməşq hakimiyyəti ilə müqayisədə daha güclüdür. Güclü olduğu üçün onun müqaviməti daha güclü olacaq.
- Siz İrana qarşı ABŞ, Suriya, Səudiyyə, Misirin fəaliyyətinin olduğunu dediniz. Bəs bu prosesdə İranı dəstəkləyən ölkələr hansılardır?
- Əlbəttə, İrana dəstək verən ölkələr sırasında əsasən, Rusiya və Çinin adı çəkilir. Amma mən bir qədər fərqli düşünürəm. Fikrimcə, İran məsələsində Çin və Rusiya Vaşinqtonla razılaşacaq. Söhbət burada Moskvaya hansı payın verilməsindən gedir. Bu istiqamətdə də danışıqlar çoxdan aparılır.
Mənə elə gəlir ki, İranın federallaşması məsələsində ABŞ və Rusiyanın maraqları üst-üstə düşür. Söhbət federal İranın pay bölgüsündən gedir. Bu prosesdə Çinə xüsusi rol ayrılacağını düşünmürəm. Əsas məsələni Rusiya və ABŞ həll edəcək. Ayın 16-da Putin və Trampın görüşü zamanı Suriya ilə yanaşı İran məsələsinin də gündəmə gələcəyi qənaətindəyəm. Burada əsas məsələ pay bölgüsüdür. Kimə nə çatacaq məsələsi. Tarixə ekskursiya etsək görərik ki, II Dünya Müharibəsində İran SSRİ ilə Böyük Britaniya arasında nüfuz dairəsinə bölünmüşdü. Həm SSRİ, həmdə İngiltərə silahlı qüvvələri İrana daxil olmuşdu. Müharibədən sonra ruslar Cənubi Azərbaycan ərazisində iki dövlət qurdular: Azərbaycan Demokratik Respublikası və Mahabad Respublikası. Bu kirli ssenarilərin yeni versiyasının səhnəyə qoyulma ehtimalı yüksəkdir. Burada rusların payı II Dünya Müharibəsi dövrü ilə müqayisədə az olacaq. Çünki Rusiya Sovet İttifaqı gücündə deyil. Böyük ehtimalla Kürdüstan kartı ABŞ və İsrailin əlində olacaq. Yəni İranın dövlət olaraq hər hansı bir müttəfiqinin olduğunu düşünmürəm. Sadəcə, İran paramilitar dəstələrdən istifadə edə bilər. Məsələn, Əfqanıstandan, İraqdan, Suriyadan, Yəməndən gətirilən dəstələr və ya “Hizbullah”dan. İranı dəstəkləyəcək başqa dövlət görmürəm.
İkincisi, İrana başqa dövlətlərin dəstəyi ancaq bir halda ola bilər. İrandan öz payını almaq üçün Tehrana müəyyən mərhələdə operativ-taktiki dəstək verilə bilər. Amma bu payı ABŞ verdikdən sonra İrana belə dəstək dayanacaq.
- Dünən İran Prezidenti Həsən Ruhaninin Avropaya səfəri başlayıb. Ruhani Avstriyada, İsveçdə olacaq, Avropa Birliyi ilə İranın nüvə sazişinin gələcəyini müzakirə edəcək...
- Təbii ki, Avropa Birliyi nüvə razılaşması məsələsində ABŞ-dan fərqli mövqe tutur və İranla bağlanan sazişin davam etməsinin tərəfdarı olduğunu ifadə edir. Beynəlxalq hüquqa əməl etmək yolunu tutmaqla paralel İranda öz maraqlarının qorunmasına çalışırlar. Ancaq Avropa Birliyinin sona qədər ABŞ qarşısında duruş gətirəcəyini zənn etmirəm. Məsələn, ABŞ öz müttəfiqlərinə müraciət edib ki, noyabrın 4-nə qədər İrandan neft almağı dayandırsınlar, əks halda sanksiyalar tətbiq ediləcək. Bu, birinci test olacaq. Görək Avropa ölkələri İrandan neft almaqdan ötrü ABŞ-la qarşıdurmaya gedəcəkmi? Bu ilk ciddi test olacaq.
- Düşünürsünüz ki, İranda insanların meydanlara axışması prosesi vətəndaş müharibəsi baş verənə qədər mərhələli davam edəcək?
- İran məsələsi ilk dəfə deyil ki, gündəliyə gəlir. İran məsələsi 2006-cı ildə ciddi şəkildə gündəmə gəlmişdi. O vaxt Livanın cənubunda İsraillə “Hizbullah” arasında müharibə gedirdi. Məqsəd İranı bu müharibəyə cəlb etmək və bunu əsas götürərək İranı vurmaq idi. O zaman Moskva dövriyyəyə daxil oldu və Prezident Əhmədinejati başa saldı ki, burada məqsəd İranı tora salmaq, sonra ona zərbə endirməkdir. O dövrdə İran bu müharibəyə birbaşa girməkdən yayındı və ABŞ-la İsrail Tehranı vurmaq üçün bəhanə tapa bilmədi. Hansı ki, ABŞ və İsrail 2006-cı ilin iyun və noyabr ayında İrana zərbə endirmək üçün silahlı qüvvələrini tam hazır vəziyyətə gətirmişdi.
İndi nəzərə alsaq ki, sionistlər ilk dəfədir ABŞ-da bu qədər böyük söz sahibi olublar, Trampı dəstəkləyərək hakimiyyətə gətiriblər, deməli onlar Trampdan maksimum yararlanmağa çalışacaqlar. İndiyə qədər onların əlinə belə əlverişli vəziyyət düşməyib. Bu mənada hesab edirəm ki, Tramp dövründə həm İsrail, həm də ABŞ dərin dövlətinin sionist və neokonservator qanadı belə fürsət əldə etmişkən, İranı vurmağa çalışacaq. Bunu nə dərəcədə həyata keçirə biləcəklərini isə yaxın gələcək göstərəcək.