Xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adhanomu qəbul edib.
XİN-dən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan və BMT-nin ixtisaslaşmış təşkilatı olaraq ÜST arasında əməkdaşlığı müsbət qiymətləndirib.
Nazir T.Adhanomun ÜST-in Baş direktoru vəzifəsinə seçilməsindən sonra təşkilat qarşısında müəyyənləşdirdiyi “hamı üçün səhiyyə, qadın və uşaqların müdafiəsi, təşkilat daxili islahatlar” kimi prioritetlərin təqdirəlayiq olduğunu nəzərə çatdırıb.
ÜST-nin Baş direktoru T.Adhanom Azərbaycanın səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərini yüksək qiymətləndirib. O, ÜST ilə Azərbaycan arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edərək, Azərbaycanın uğurlu təcrübəsinin digər üzv ölkələr üçün də maraqlı ola biləcəyini nəzərə çatdırıb. Baş direktor Azərbaycanın dövlət xətti ilə xarici tələbələr üçün təqaüd proqramları nəzərdə tutduğunu qeyd edərək ÜST çərçivəsində də səhiyyə sahəsində təhsil üzrə təqaüdlərin ayrılması imkanlarına toxunub.
Görüş əsnasında ÜST-də Azərbaycandan olan mütəxəssislərin çalışması və Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə icrası məsələlərinə dair fikir mübadiləsi aparılıb. E.Məmmədyarov Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi məqsədilə hökumət səviyyəsində əlaqələndirilmiş formada aparılan fəaliyyət barədə həmsöhbətinə məlumat verib.