5 İyul 2018 20:39
1 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsini təqdim edir.

- Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən hadisəni necə qiymətləndirirsiniz? Bu hadisədə məsuliyyət kimin üzərinə düşür?

- Yaxşı xatırlayıram, hələ bir neçə il əvvəl qış aylarında Şamaxı istiqamətində güclü külək nəticəsində yüksək gərginlikli elektrik xətləri sıradan çıxmış, elektrik dirəyi qırılmışdı. O zaman Bakıda elektrik enerjisinin təchizatında fasilə yaranmışdı. Hətta Milli Məclisin özü işıqsız qalmışdı. Mən o vaxt parlamentdə bu məsələni qaldırdım. Bildirdim ki, bu sahədə ciddi məsuliyyətsizlik hökm sürür. Çünki “Azərenerji” ASC-nin rəhbərliyi açıqlama yaymışdı ki, elektrik dirəklərinin istismar müddəti başa çatıb, ona görə də küləyə davam gətirməyərək qırılıb. Parlamentdə çıxışımda dedim ki, əgər “Azərenerji” ASC rəhbərliyi bilirsə ki, bu elektrik dirəklərinin istismar müddəti bitib, həmin elektrik dirəklərinin vəziyyətini daha ciddi nəzarətə götürməli, öyrənməli idi. Ola bilər ki, bütün dirəkləri dəyişməyə vəsait yox idi, amma heç olmasa görməli idilər ki, dirəklərdən hər hansı biri ciddi eroziyaya məruz qalıb, çürüyüb, kiçik bir külək bunu aşıracaq.

“Azərenerji” ASC ən azından qəza törədə biləcək elektrik dirəklərini dəyişə bilərdi. O zaman xəstəxanalar, strateji əhəmiyyətli dövlət obyektləri işıqsız qalmazdı. Xatırlayıram, sonralar hökumətin parlamentdə hesabatı, büdcə müzakirələri zamanı tənqiddən nəticə çıxarmaq əvəzinə hətta “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev mənimlə üz-üzə gələndə üzünü çevirib gedirdi. Çox təəssüf ki, bizdə tənqidə dözümsüzlük hökm sürür, bu da bir siyasi mədəniyyət məsələsidir. Çox təəssüf ki, belə hadisə baş verdi. Dünən prezidentin yanında keçirilən müşavirədə həm baş prokurorun, həm fövqəladə hallar nazirinin çıxışını dinlədik. Orada da bəlli oldu ki, bu sahədə ciddi nəzarətsizlik, məsuliyyətsizlik hökm sürüb. Bunun da nəticəsində bu hadisə baş verdi, insanlarımız xeyli əziyyət çəkdi.

Əlbəttə, sevindirici məqam ondan ibarətdir ki, temperaturun gündüz saatlarında 43 dərəcəyə çatdığı, 30 mindən artıq insanın metroda qaldığı halda bir nəfər də belə itki olmadı. Mən bu gün mətbuatda oxuyuram ki, Kanadada temperaturun yüksək olması səbəbindən 15 nəfər ölüb. Amma bizdə elektrik enerjisi təchizatında fasilə olan zaman həm Fövqəladə Hallar Nazirliyi, həm Daxili İşlər Nazirliyinin əməkdaşları doğurdan da fədakarlıq nümayiş etdirdilər. Hər bir azərbaycanlını onlara öz vəzifələrini layiqincə yerinə yetirdikləri üçün minnətdar olmalıdır. Prezident də buna öz müsbət münasibətini ifadə etdi. Bundan başqa, Azərbaycan xalqı doğurdan da çox təmkinli davrandı, anlayışla yanaşdı. Hamı anladı ki, bu, bir qəzadır və təxribatçı qüvvələrin çağırışlarına cavab vermədilər. İnsanlar nə qədər əziyyət çəksələr də, dözümlülük nümayiş etdirdilər, bunu anlayışla qəbul etdilər.

Xalq günahkarların cəzalandırılmasını tələb edir. Mən də hesab edirəm ki, günahkarlar layiqli cəzalarını alacaq. Düşünürəm ki, elə etməliyik ki gələcəkdə bu cür hadisələr təkrarlanmasın. Bunun üçün hökumət doğurdan da ciddi qərarlar qəbul etməlidir.

- Sizcə, bu araşdırmaların sonunda nə gözləmək olar?

- Sözün doğrusu, Etibar Pirverdiyevin həm prezidentdən, həm Azərbaycan xalqından üzr istəməklə məsuliyyətdən yaxa qurtarmasını düzgün hesab etmirəm. Amma nə vaxt və hansı qərarları qəbul etmək prezidentin hüququdur. Cinayət işi açılıb, istintaqın gedişi nələri göstərəcək?! Amma hesab edirəm ki, qəza günlərində dövlət orqanlarının böyük əksəriyyəti öz vəzifələrini layiqincə yerinə yetirə bildilər. Birincisi, Dövlət Gömrük Komitəsini xüsusi qeyd etmək istəyirəm. Həmin vaxtlar gömrük-keçid məntəqələrinin əksəriyyəti fəaliyyətini normal davam etdirdi. Baxmayaraq ki, Dövlət Gömrük Komitəsinin də mərkəzləşdirilmiş kompüter sistemində problem yaranmışdı, amma qısa müddətdə bu problem aradan qaldırıldı.

Yalnız “Qırmızı körpü” gömrük-keçid məntəqəsində nisbi sıxlıq yaşandı, bu gərginlik də qısa müddətdə aradan qaldırıldı. Eləcə də təcili-tibbi yardımın əməkdaşları, həkimlər, tibb bacıları, taksi sürücülərindən tutmuş avtobus sürücülərinə qədər insanlarımızın böyük hissəsi özlərini çox yaxşı mənada göstərə bildi. Bu, təqdir olunan bir haldır. Həm də bu hadisə onu göstərdi ki, doğurdan da xalqın ölkə prezidentinə böyük etimadı var. Amma açıq söyləyirəm ki, bu etimaddan ayrı-ayrı məmurlar bu cür sui-istifadə etməməlidirlər. Xalq nə qədər dözüm, təmkin nümayiş etdirirsə, bu, o demək deyil ki, bəzi məmurlar vəzifələrini layiqincə yerinə yetirməsinlər. Onlar düşünürlər ki, onsuz da camaatın prezidentə etimadı var, bunlar nə etsələr də, səsini çıxarmayacaq.

Hesab edirəm ki, bu qəzanın ümumi bir xəbərdarlıq məqsədi var və bu məqsəd önə çəkilməlidir. Kimliyindən asılı olmayaraq həmin şəxslər məsuliyyətə cəlb olunmalıdır. Düşünmürəm ki, bu məsələlər tək inzibati yolla həllini tapmalıdır. Ölkədə iqtisadi islahatlar dərinləşməlidir. Mən dəfələrlə məsələ qaldırmışam ki, “Azərenerji”, “Azərişıq”, “Azəriqaz”, “Azərsu” özəlləşdirilməlidirlər. Prezident də bildirdi ki, son 15 ildə Azərbaycanda 30-a yaxın yeni elektrik stansiyası tikilib. Bu elektrik stansiyaları ya özəlləşdirilməli, ya da uzun müddətli - 99 illiyinə icarəyə verilməlidir. Artıq həmin şirkətlər məsuliyyət daşımalıdır. Tutaq ki, bu gün Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyasında qəza olubsa, bu stansiya bir özəl şirkət tərəfindən idarə olunursa, SOCAR və digər dövlət şirkətlərinə külli miqdarda ziyan dəyib. Bu halda stansiyanı idarə edən şirkət dəymiş ziyanı ödəməlidir. İndiki halda necədir? SOCAR da, Azərbaycan İstilik Elektrik Stansiyası da dövlətə məxsusdur. Kim kimə ziyanı ödəyəcək?! Özəlləşmə olarsa, özəl şirkətlərin məsuliyyəti daha da çoxalacaq. Həm də elektrik stansiyaları ilə bağlı bir rəqabət mühiti olacaq. Düşünürəm ki, bu istiqamətdə özəlləşdirməyə getmək lazımdır.

Dünyanın çox yerlərində nəinki su elektrik stansiyaları, istilik elektrik stansiyaları, hətta atom elektrik stansiyaları da dövlətin deyil. Dövlət bir tənzimləyici funksiya yerinə yetirməli, bizneslə məşğul olmamalıdır. Biz bu xidmət sahələrini nə qədər tez özəlləşdirsək, gələcəkdə bu tipli problemlərin qarşısını alacağıq. Sosialist təsərrüfat sistemi özünü doğrultmadı. Görürük ki, dövlət mülkiyyəti bir çox hallarda həm hamının, həm də heç kimindir. Daha doğrusu, dövlət mülkiyyətinə vəzifəli şəxslər tərəfindən bu prinsiplə yanaşılır. Sonda da nəticələr belə ağır olur. Həm də bu problemin aradan qaldırılmasının yolu, sözsüz ki, özünü doğrultmayan kadrların dərhal dəyişdirilməsidir. Kadr siyasətinə ciddi diqqət yetirilməlidir.

Etibar Pirverdiyev bu illər ərzində yüksək ixtisaslı kadrların çoxunu o sistemdən uzaqlaşdırıb. Hətta “Azərenerji” ASC-də hazırda yüksək səviyyəli mütəxəssis tapmaq çətindir. Həmin sahə üçün mütəxəssis, kadr hazırlığına xüsusi diqqət yetirilməyib. Ona görə də fövqəladə hallar naziri müşavirədə dedi ki, stansiyanın auditinə də xaricdən mütəxəssislər çağırmaq lazımdır, bu sistemin yenidən qurulması üçün də xaricdən mütəxəssislər cəlb etmək vacibdir. Bəzən kadrlar yerində olmayanda dövlət, xalq bundan çox əziyyət çəkir. Düşünürəm ki, sistem islahatları ilə bərabər kadr islahatlarına da ciddi diqqət yetirilməlidir.

- Yeri gəlmişkən, son günlər həm elektrik enerjisi sistemindəki qəza, həm Gəncədə sui-qəsd cəhdi ilə bağlı informasiyaları hansı mənbələrdən əldə etdiniz? Ümumiyyətlə, medianın bu günlərdəki fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bunu sizin agentliyə müsahibə verdiyim üçün demirəm, dəqiq xəbərlər almaq üçün daha çox APA-ya müraciət edirdim. Mingəçevirdəki Azərbaycan Elektrik Stansiyasındakı qəza ilə bağlı çox vaxtında Fövqəladə Hallar Nazirliyindən açıqlama alındı və dərhal əhaliyə məlumat verildi ki, təlaş üçün heç bir əsas yoxdur, qəzadır, bu da qısa müddətdə aradan qaldırılacaq. Bu, insanlarda sakitlik yaratdı.

Ümumiyyətlə, APA İnformasiya Agentliyində bütün məlumatlar çox ölçülü-biçili vəziyyətdə verildi. Yeri gəlmişkən, Gəncədəki hadisə ilə bağlı da dərhal müxtəlif versiyalar yayıldı, bəziləri sübutlar olmadan müxtəlif versiyalar səsləndirdilər. Amma məsələ araşdırılmadan imkan vermək olmaz ki, ictimai rəydə bir fikir yerini alsın. Bu barədə APA ictimaiyyətə çox doğru-düzgün məlumat verdi.

Mən bu günlərdə “Delta-Telekom”-un fəaliyyətini də yüksək qiymətləndirirəm. Əhali arasında çox müxtəlif şayiələr yayılırdı. Burada təxribatlardan tutmuş dövlət çevrilişinə cəhdlərə qədər müxtəlif fikirlər yayılırdı. Açıq deyirəm ki, mobil şəbəkənin işləməsi və internetin kəsilməməsi, əhalinin dərhal məlumatlandırılması müsbət mənada əhali arasında o panikanı da aradan qaldırılmasına imkan verdi. İmkan verilmədi ki, ayrı-ayrı dezinformasiyalar, təxribatlar əhali arasında yayılsın.

Xüsusi Dövlət Mühafizə Xidmətinin fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Xüsusi Dövlət Mühafizə Xidməti də öz vəzifələrinin öhdəsindən layiqincə gəldi.

Ümumiyyətlə, dövlət orqanları bu çətin məqamda öz vəzifələrini yerinə yetirə bildilər, bu prosesdən üzü ağ çıxdılar. Əlbəttə, burada müəyyən istisnalar da var, vəzifələrini daha yüksək, yaxud müəyyən qədər aşağı səviyyədə yerinə yetirənlər oldu.

- Bu arada Gəncə şəhər İcra Hakimiyyəti başçısına qarşı da sui-qəsd cəhdi oldu. Hadisəyə müxtəlif mövqedən yanaşanlar da var. Sizin hadisəyə münasibətiniz necədir?

- Şayiələr çox müxtəlif ola bilər. Cinayətin motivi barədə sosial şəbəkələrdə də müxtəlif fikirlər səslənir. Amma mən millət vəkili kimi daha çox rəsmi informasiyaya əsaslanıram. Hələlik bu cinayət işinin istintaqını aparan prokurorluq orqanları tərəfindən cinayətin motivi barədə məlumat verilməyib. Hesab edirəm ki, cinayətin motivi barədə məlumat veriləndən sonra biz bu məsələ barədə fikir bildirə bilərik.

Amma mən hesab edirəm ki, cinayətin motivinin nə olmasından asılı olmayaraq, əgər böyük bir şəhərin İcra Hakimiyyətinin başçısına münasibətdə belə qəsdən adam öldürmək üzrə iki və daha artıq şəxsə sui-qəsd təşkil edilirsə, deməli, həmin şəxs artıq peşəkar cinayətkardır və qanun çərçivəsində onun barəsində ciddi tədbir görülməlidir. Həmin şəxs həbs olunub. Əminəm ki, bir müddətdən sonra biz cinayətin hansı səbəbdən baş verməsi barədə ətraflı bilgilərə malik olacağıq. Düşünürəm ki, prokurorluq araşdıracaq ki, bu sui-qəsd cəhdinin arxasında tək həmin şəxs olub, yaxud başqa şəxs olub, sifarişləmi törədilib. Motiv də ictimaiyyət və dövlət üçün son dərəcə önəmlidir. Yəqin ki, yaxın zamanlarda istintaq bu məsələlərə aydınlıq gətirəcək.

Səmimiyyətlə deyim ki, həm Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən qəza, həm də bu ərəfədə bu qətlin törədilməsinə cəhd ölkə daxilində pozuculuq fəaliyyətlə məşğul olmaq istəyən qüvvələr tərəfindən də təşkil oluna bilər. Yaxud bu, xaricdən də sifariş oluna bilər. Artıq prezident tərəfindən qəza ilə bağlı dövlət komissiyası yaradılıb, bu iş araşdırılır.

Gəncədəki hadisə də prezidentin ciddi nəzarətindədir. Əminəm ki, bizim vəzifəli şəxslər bütün versiyaları araşdıracaqlar. Azərbaycan bu yaxınlarda çox möhtəşəm hərbi parad keçirib. Bunun ardınca Azərbaycan böyük hərbi təlimlərə başladı. Bunun arxasınca Rusiyanın ictimai-siyasi xadimi Cocuq Mərcanlıya səfər etdi, cəbhə xəttinə getdilər. Bu da ölkəmiz üçün çox böyük siyasi əhəmiyyət daşıyan hadisə idi. Mən prokurorluqda müstəntiq işləmişəm. Belə hallarda istintaq planı tərtib olunur, bütün fərziyyələr araşdırılır və suallar bir-bir aradan qaldırılır, sonda vahid mövqeyə gəlinir ki, cinayət niyə baş verib. Bu məsələlər də araşdırılmalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər