Azərbaycan Prezidenti İlham Əliyev tamamilə haqlı olaraq qeyd etdi ki, qəzalardan dünyanın heç bir ölkəsi sığortalanmayıb. Amma qəza lokal xarakter daşımalı, bütövlükdə enerji sisteminə təsir etməməlidir. Dövlət başçısı tapşırdı ki, ciddi araşdırma aparılsın və günahkarlar məsuliyyətə cəlb olunsun. Mən prezidentin bu addımını dəstəkləyirəm.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, ASDP sədri Araz Əlizadə dünən Prezident İlham Əliyevin müşavirdə etdiyi çıxışı şərh edərkən deyib.
Deputat bildirib ki, prezidentin tapşırığına əsasən, ciddi araşdırma aparılacaq və bu işdə məsuliyyəti olanlar cəzalandırılacaq:
“Bu tamamilə mümkündür. Əvvəla ortada fakt var. Araşdırma aparılanda müəyyən ediləcək ki, ya lazım olan avadanlıq alınmayıb, ya təmir edilməyib, ya da naqillərin təhlükəsizliyi təmin edilməyib. Əslində bu istintaqın işidir. Ortada cinayət var. Prezidentin tapşırığı ilə ciddi ölçülər götürüləcək. Bilmək lazımdır ki, Prezident İlham Əliyev ölkədə bütün proseslərə nəzarət edir. Üstəlik istənilən hadisə ilə bağlı alternativ informasiyalar alır. Hesab edirəm ki, Prezident İlham Əliyevin dünənki çıxışı həm də digər oğrulara bir xəbərdarlıq xarakteri daşıyır. Bu ciddi xəbərdarlıqdır”.
A.Əlizadə qeyd edib ki, Azərbaycan prezidenti haqlı olaraq hesab edib ki, qəzaların olması normaldır, amma bunun nəticəsində bütövlükdə ölkədə işıqların sönməsi böyük səhvdir:
“Mən prezidentin fikirləri ilə tam razıyam. Müşavirə göstərdi ki, cənab Prezident baş verənlərin incəliyə qədər araşdırılmasını vacib hesab edir. Əlbəttə, bu işdə məsuliyyəti olanlar cəzalandırılacaq. Eyni zamanda aidiyyəti qurumlar bundan dərs götürməli, bir daha belə fəsadların olmasının qarşısını almalıdır. Ən azı qəzalar lokal xarakterdə olmalıdır”.
Deputat xatırladıb ki, ölkə başçısı uzun illər Azərbaycan Dövlət Neft Şirkətində böyük vəzifə tutub və bu sahə haqqında geniş bilgilərə malikdir. Onun sözlərinə, görə dövlət başçısının müşavirə zamanı etdiyi çıxış ölkə vətəndaşları tərəfindən dəstəklənir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə deyib ki, dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil, lakin qəza lokal xarakter daşımalıdır:
“Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu. Ona görə, çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Bir daha qeyd etmək istəyirəm, elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək”.