Rusiya təhlükəsizlik şurasının katibi Nikolay Petruşev bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin mərhələli və sülh yolu ilə həllinin tərəfdarıdır. O, bu fikri erməni həmkarı Armen Qriqoryanla görüşündə dilə gətirib. Bu zaman sual yaranır ki, həqiqətən Rusiya Təhlükəsizlik Şurasının katibi Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinin tərəfdarıdır?
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, Petruşevin açıqlamasında bir sıra məqamların olduğunu diqqətə çatdırıb:
“Petruşev həmçinin qeyd edib ki, Rusiya regionda sabitliyin bərqərar olunmasının, habelə Dağlıq Qarabağ probleminin bütün tərəflərin maraqları nəzərə alınmaqla, sülh yolu və mərhələli həllinin tərəfdarıdır.
Bu fikrin əsas yükü “bütün tərəflərin maraqları nəzərə alınmaqla” ifadəsinin üzərindədir. Yəni tərəflərdən biri – Ermənistan və ya Dağlıq Qarabağ separatçıları mərhələli həll planını istəmirlərsə onları nəyəsə məcbur etmək düzgün deyil. Patruşevin sözlərindən çıxan nəticə budur. Ona görə də, rusiyalı rəsmilərin və diplomatların sətiraltı ifadələrinə diqqət yetirmək lazımdır. Necə deyərlər, şeytan detalda gizlənib”.