9 İyul 2018 12:19
1 709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq: “Danışıqlar prosesinin davamlı olması bu iki amildən asılıdır”

İndiyə qədər Ermənistan danışıqlar prosesində sabotaj xətti tuturdu. Danışıqlara başlamaq üçün qondarma Qarabağ Respublikasının danışıqlarda iştirakını şərt kimi irəli sürürdü. Ancaq rusiyalı həmsədr Popov bildirdi ki, danışıqlar öncəsi hər hansı şərtin irəli sürülməsi qeyri-məqbuldur və danışıqlar prosesinə əngəllər yaradar.

Bu fikirləri politoloq Qabil Hüseynli iyulun 11-də Brüsseldə keçirilməsi gözlənilən Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş barədə danışarkən deyib.

O, bildirib ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan mətbuata verdiyi açıqlamada Minsk prosesinə sadiq qaldıqlarını və məsələnin bu platformada getməsi üçün danışıqlar prosesini yeganə vasitə hesab etdiklərini deyib:

“Amma burada bir məqam var. Minsk prosesi çərçivəsində Madrid, sonra Kazan prinsipləri olub. Azərbaycanın Minsk prosesinə hazırladığı yeni Minsk prinsipləri var. Burada Azərbaycan münaqişənin həllini ölkənin ərazi bütövlüyü çərçivəsində izah edir, Dağlıq Qarabağa isə ən yüksək muxtar status təklif edir. Mən hələlik danışıqların hansı məcrada gedəcəyini bilmirəm, amma danışıqlar prosesinin təzələnməsi müsbət hadisədir. Gündəlikdə isə ciddi müzakirələrin, mümkündür ki, əks mövqelərdə olan tərəflərin qızğın mübahisələrinin olması ehtimalı var”.

Politoloq deyib ki, danışıqlar prosesinin davamlı olması üçün Ermənistan tərəfinin daha çox konstruktiv davranışı tələb edilir:

“İndiyə qədər danışıqlar prosesinə əngəl yaradan əsas cəhət Ermənistan tərəfinin danışıqlarda qeyri-konstruktiv mövqeyi olub. Yəni Sərksiyan dövründə müzakirəsi mümkün olmayan və ya müzakirəyə layiq olmayan məsələlər irəli sürülüb. Bu baxımdan hesab edirəm ki, danışıqlar prosesinin uğurlu alınması iki mühüm şərtdən asılıdır. Birincisi, Rusiya bu prosesə nə dərəcədə konstruktiv yanaşır, danışıqlar prosesinin donunu açmaq istəyirmi? İkincisi, Ermənistanın özü bu danışıqlar prosesində necə davranacaq? Yəni Ermənistan yenədəmi danışıqlar prosesini qəbul edilməsi mümkün olmayan məsələlərlə pozacaq. Məsələn, qəbul edilməsi mümkün olmayan Dağlıq Qarabağın statusunun ilk olaraq müəyyən edilməsi tələbi danışıqlar prosesini dalana dirəyərdi. Bu mənada danışıqlar prosesində tərəflərin beynəlxalq hüquq normalarına və danışıqları irəli aparacaq məqamlara fikir verməsində böyük əhəmiyyət var. Üstəlik də Azərbaycandan kompromis tələb edilməsi kimi mümkünsüz addımlara son qoyulmalıdır”.

Qeyd edək ki, bu, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə ilk görüşü olacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər