10 İyul 2018 21:20
1 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi, analitik Oqtay Qasımovla müsahibəni təqdim edir:

- Oqtay bəy, Türkiyədə yeni hökumətin tərkibi açıqlanıb, ölkə yeni sistemə keçid edib. Keçid prosesi, yeni hökumətin təşkili haqqında fikirləriniz nədən ibarətdir?
- Türkiyədə dövlət idarəçiliyində rejim dəyişikliyi baş verib. Bu dəyişiklik 2017-ci ilin 16 aprelində keçirilən referendumun nəticələri ilə bağlıdır. 24 iyunda Türkiyədə keçirilən prezident seçkilərinin nəticəsində bu təsdiq olundu. Dünəndən isə rəsmi olaraq Türkiyə prezident üsul-idarəsinə keçid etdi. Seçkilərdə qələbə qazanan Ərdoğan Türkiyə Böyük Millət Məclisində and içdikdən sonra başqanlıq sistemi fəaliyyətə başladı.

Təyinatlara gəldikdə deyim ki, Türkiyədə rejim dəyişikliklərindən sonra nazirlərin təyinatı birbaşa prezidentin səlahiyyətlərinə daxil olan məsələdir, yeni nazirlərin parlamentdə təsdiqinə ehtiyac yoxdur. Bu prezidentin fərman və sərəncamları ilə həll edilir. Prezident Ərdoğan özünün işləmək istədiyi hökumət komandasını qurub. Komanda üzvlərini də özünün düşüncəsinə görə müəyyən edib. Sabiq nazirlərin içindən yalnız 4 nəfər yeni kabinetə daxil olub. Söhbət əvvəlki hökumətdə ədliyyə, xarici işlər, daxili işlər naziri və enerji və təbii ehtiyatlar nazirlərindən gedir. Digər nazirlər yeni simalardır və əsasən, də özəl sektorun təmsilçiləridir. İlkin dəyərləndirmə bundan ibarətdir ki, yeni hökumətin tərkibində özəl sektorun nümayəndələri bürokratik aparatın nümayəndələrini üstələyir. Eyni zamanda da özəl sektorun təmsilçiləri siyasi fəaliyyətlə məşğul olan və siyasi kimliyi olan nazirləri üstələyir.

- Görünən odur ki, Ərdoğan Türkiyə tarixində ən gənc hökuməti formalaşdırıb. Siz yeni hökumətin fəaliyyət perspektivini necə görürsünüz?
- Sözsüz ki, Türkiyə prezidenti bu şəxslərin nəyə qadir olduqlarını, qabiliyyətlərini bilərək, bu təyinatı həyata keçirib. Bildiyiniz kimi, indi Türkiyədə iqtisadi vəziyyət kifayət qədər həssas durumdadır. Bu, türk lirəsinin dəyərdən düşməsi, iqtisadi vəziyyətin ağırlaşması, inflyasiyanın inkişafı ilə əlaqədardır. Fikrimcə, bu çağırışlar hökumətin qarşısında duran əsas vəzifədir. Yeni hökumət iqtisadi sahədə olan problemləri qısa zamanda həll etməli və onu müsbət macəraya yönəltməlidir. Əgər yeni hökumət bu vəzifənin öhdəsindən gələ biləcəksə, şübhəsiz ki, bu, alqışa layiq olacaq. Hökumətin tərkibi yeni açıqlandığı üçün daha geniş danışmaq doğru olmazdı. Yəqin ki, qarşıdan gələn bir neçə ay müddətində, xüsusilə iqtisadi sahədə baş verən dəyişikliklərlə bağlı nəticəyə gəlmək və fikir söyləmək olar.

- Türkiyənin xarici siyasət kursunda dəyişikliklər gözlənilirmi?
- Dünən cənab Ərdoğan çıxışında “Artıq heç bir bəhanəyə və əlavə fikirlərə ehtiyac qalmır. Millət bütün səlahiyyətləri prezidentə verib, prezidentin də vəzifəsi bu səlahiyyətlər çərçivəsində ölkə qarşısında duran problemləri həll etməkdir” ifadəsini işlətdi. Məncə, bu diqqətçəkən mövqedir. Eyni zamanda aydındır ki, dövlət və cəmiyyət həyatı hər zaman dəyişikliklərə məruz qalır. Adətən, dövrün çağırışlarına uyğun dəyişikliklərə gedilməlidir. Hər halda Türkiyənin son 15 illik dövlət həyatında konstitusiya dəyişiklikləri ilə bağlı iki dəfə referendum keçirilib və qanunlara çoxsaylı dəyişikliklər edilib.

Dövrün tələblərinə və yaranan şərtlərə uyğun olaraq mümkündür ki, xarici siyasətə hansısa dəyişikliklər təklif edilsin. Amma ən önəmlisi odur ki, prezident bəhanəyə yol verməyə ehtiyac olmadığını, məsuliyyəti kiminsə üzərinə atmaq, səlahiyyət azlığı və ya icra qurumunun başında duran şəxsin fəaliyyətinə mane olacaq əngəllərin qalmadığını ifadə etdi.

- Yeni sistemdə baş nazir vəzifəsi olmayacaq?
- Başqanlıq sistemində baş nazir vəzifəsi ortadan qaldırılır. Burada birbaşa hökumət prezident tərəfindən müəyyən edilir, hökumətə prezidentin özü rəhbərlik edir. Bu daha çox ABŞ və Latın Amerikası modelinə oxşar sistemdir. Düzdür, ABŞ-da dövlət mexanizmi fərqli işləyir, orada hakimiyyət qurumları bir-birinə nəzarəti həyata keçirir. Prezident kifayət qədər geniş səlahiyyətlərə malik olsa da, onun fəaliyyətinə nəzarət edən, tənzimləyən ABŞ Konqresi və Senatıdır. Prezident və Konqresin fəaliyyətinə isə məhkəmə sistemi nəzarət edir. ABŞ-da fərqli modeldir, bunun Türkiyədə olduğunu demək tezdir. Türkiyə demokratiya sahəsində xeyli məsafə qət etməlidir.

- Fuad Oktay adlı şəxs prezidentin müavini təyin edildi. Bu şəxsin adı sanki ilk dəfədir hallanır. Bu şəxsi siyasətdə yeni sima hesab etmək olarmı?
- Əvvəla qeyd edim ki, bizim mətbuatda bəzən Fuad Oktay prezidentin köməkçisi kimi təqdim edilir. Əslində bizdə olduğu kimi Türkiyədə də prezident və vitse-prezident var. Sadəcə olaraq, onlar başqan yardımçısı deyirlər. “Yardımçı” sözü hərfi tərcümədə köməkçi kimi qeyd edilir. Əslində bunu prezidentin müavini kimi anlamaq lazımdır. Sizə deyim ki, Fuad Oktay uzun müddət Ərdoğanın komandasında işləyib, onun baş nazirliyi dönəmində hakim komandada əsas fikir babalarından və məsləhətçilərdən biri olub.

Üstəlik Türkiyədə başqanlıq sisteminin əsas ideya sahiblərindən biri Fuad Oktay hesab olunur. Yeni dövlət mexanizminin qurulması, yeni sistemin qanunlara uyğunlaşdırılması, keçid sistemi əsasən, Fuad Oktayın adı ilə bağlıdır. Çox güman ki, bu məsələləri də o koordinasiya edəcək. Düşünürəm ki, məhz bu səbəbdən Fuad Oktay vitse-prezident təyin edilib. Keçid dövründə dövlət strukturunun yeni şərtlərə uyğunlaşdırılması istiqamətində fəaliyyətə nəzarət edəcək.

- Sizcə, bu sistem Türkiyə üçün uğurlu olacaqmı?
- Bunu gələcək göstərəcək. Nəzərə alaq ki, Türkiyə vətəndaşları və seçiciləri bu sistemə səs verib. Rəcəb Təyyub Ərdoğanı da prezident görmək istədiklərini bir daha ifadə ediblər. Bizə qalan türk vətəndaşları və seçicilərinin iradəsinə hörmət etməkdir. Əgər möhkəm demokratik, oturuşmuş cəmiyyət olsa, bu sistem özünü doğrulda bilər. İndidən fikir söyləmək tezdir.

- Yeni sistemdə parlamentin rolu necə olacaq?
- Parlamentdə deputatların sayı 550-dən 600-ə qaldırılıb. Amma parlamentin əvvəlki sistemə uyğun olan səlahiyyətləri azaldılıb. Hələlik bir çox şeylər açığa çıxmadığı üçün parlamentin prezident institutuna hansı formada nəzarət edəcəyindən tam məlumatlı deyiləm. Lakin görünən odur ki, parlamentin səlahiyyətləri kifayət qədər azalıb. Lakin bu o demək deyil ki, parlament tam səlahiyyətsizdir. Fikrimcə, parlament və siyasi partiyalar Türkiyə siyasi həyatında mühüm mövqeyə malik olmaqda davam edəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər