11 İyul 2018 14:07
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xüsusilə son 10-15 ildə sürətli dinamik inkişafı bir sıra xarici dairələrin yuxusuna çoxdan haram qatıb. Azərbaycan böyük iqtisadi-ticari, infrastruktur layihələr həyata keçirir, beynəlxalq enerji proyektlərində iştirak edir. Azərbaycanın bu inkişafını gözü götürməyən qüvvələr var və onlar bu gün yatmayıblar, çalışırlar ki, hər vəchlə hadisə törədib qarışıqlıq yaratsınlar.

Bu sözləri Teleqraf.com-a açıqlamçasında Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov dünən Gəncədə baş verən hadisəyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda uzun müddətdir ki, ictimai-siyasi sabitlik hökm sürür: “Təəssüf ki, daxildə bu sabitliyi pozmağa cəhd edən qüvvələr tapılır və onlar bunu öz xarici himayədarlarının köməyi ilə etməyə çalışırlar. Prezidentin təyin etdiyi icra başçısına qarşı terror aktının, ictimai asayişin pozulmasının qarşısı birmənalı olaraq alınıb və bundan sonra da alınacaq. Azərbaycan oturuşmuş, möhkəm dayaqlar üzərində bərqərar olmuş dövlətdir. Azərbaycan Respublikasının Konstitusiya quruluşuna, dövlət müstəqilliyinə, suverenliyinə əl uzadan insanlar dərhal cəzalarını alacaqlar. Bu gün ölkəmizdə möhkəm qanunçuluq rejimi və hüquq qaydası var. Hər şey hüquq qaydası və qanun çərçivəsində həll olunmalıdır. Bundan kənara çıxan şəxslər mütləq cəzalarını almalıdırlar. Hüquq-mühafizə orqanlarının rəsmi bəyanatında vurğulanıb ki, hadisədə cəmi 150-200 nəfər olub və Gəncə camaatı onları müdafiə etməyib. Gəncəlilər hər zaman dövlətçiliyin və prezidentin yanında olub və müdafiə edib. Gəncə camaatına bir daha təşəkkür edirəm, onlar həmişə olduğu kimi bu dəfə də mübarizlik göstərdilər və cinayətkar ünsürləri rədd etdilər. Bu cür hərəkətlərin heç bir perspektivi yoxdur və ola da bilməz. İctimai asayişin bərpası zamanı iki zabitimizin həlak olmasına təəssüf edirəm. Onların ailələrinə baş sağlığı verirəm, Allahdan rəhmət diləyirəm. Onlar ictimai-siyasi asayişin qorunması zamanı igidlik göstərdilər, namusla, qeyrətlə, vicdanla öz vəzifəsini icra etdilər”.

Ziyafət Əsgərov vurğulayıb ki, cəmiyyətdə heç bir narahatlığa əsas yoxdur: “Hadisədir baş verib, hüquq-mühafizə orqanları bununla məşğuldur, araşdırma aparıb ictimaiyyətə geniş məlumat veriləcək. Azərbaycan hüquqa, qanunçuluq rejiminə əsaslanan dövlətdir və onun möhkəm strukturları, hüquq-mühafizə orqanları var”.


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər