Gəncədə baş verənlər bizi narahat edir. Bu gün Azərbaycan dövlətini çökdürmək üçün bu cür xain qüvvələr ortaya çıxarılır və istifadə olunurlar. Onların nə milləti, nə də dini var.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Adil Əliyev dünən Gəncədə baş verən hadisəyə münasibət bildirərkən söyləyib.
Deputatın fikrincə, onları dövlətçiliyə qarşı çıxmaq və xain planı icra etmək marağı birləşdirib: “Neçə gündür ki, sosial şəbəkələrdə Gəncə insanını təxribata çəkmək üçün təbliğat aparılırdı. Hay-küylü təbliğat puç oldu. Gəncə insanı onlara dəstək vermədi. Gəncəlilər həmişə dövlətçiliyin yanında olublar. Gəncə tarixi bir diyarımızdır. Azərbaycan Xalq Cümhuriyyəti öz tarixi mövqelərini bərpa etmək üçün Gəncədən başladı. Çünki Gəncə həmişə milli məfkurənin və ideologiyanın mərkəzi olub. Şeyx Nizaminin, Cavad xanın və başqa qəhrəmanların yurdu olan Gəncədə radikal qüvvələrə yer yoxdur və onların sosial baza qazanması mümkün deyil. Bunu dünənki hadisələr bir daha təsdiqlədi. Həlak olan polislərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm”, - deyə Adil Əliyev vurğulayıb.