11 İyul 2018 20:15
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Azərbaycan və Bolqarıstan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Bolqarıstan tərəfindən isə xarici işlər nazirinin müavini Yuri Şterk rəhbərlik edib.

Bolqarıstanlı nazir Azərbaycanla Bolqarıstan arasında aparılan dialoqun intensiv və səmimi xarakter daşıdığını diqqətə çatdırıb. İkitərəfli münasibətlərin dövlət başçıları tərəfindən 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin ruhuna uyğun şəkildə inkişaf etdiyini söyləyərək, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin də yüksələn xətlə irəliləməsini gözlədiyini ifadə edib.

Xələf Xələfov XİN-lər arasında təmaslar, o cümlədən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Sofiyaya planlaşdırılan səfəri, habelə hər iki ölkənin müvafiq nazirliklər və dövlət qurumları arasında qarşılıqlı səfərlərin faydalı olmasından danışıb.

X.Xələfov ölkəmizin xarici əlaqələr sistemində Avropa İttifaqının mühüm yer tutduğunu qeyd edib. O, Bolqarıstanla kifayət qədər inkişaf etmiş müqavilə-hüquq bazasının mövcud olduğunu qeyd edərək, həmin zəmin üzərində energetika, nəqliyyat və kommunikasiyalar və digər sahələrdə əməkdaşlığın aparıldığını bildirib. Bununla belə, bu günə olan qarşılıqlı ticarət dövriyyəsinin ikitərəfli münasibətlərin potensialına cavab vermədiyi və iqtisadi əməkdaşlığa əlavə təkan verməsi məqsədilə müvafiq hökumətlərarası komissiyanın fəaliyyəti, müxtəlif biznes-forumların təşkili və s. addımlar atılmasının, qarşılıqlı sərmayələrin yatırılmasının vacibliyi qeyd edilib.

Bolqarıstanlı nazir müavini ikitərəfli münasibətlərin hazırkı durumu, habelə onların gələcək inkişafı barədə səsləndirilən qənaətlərlə razı olduğunu qeyd edərək, onun ölkəsinin həmişə Avropa İttifaqı çərçivəsində Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirməsi və şaxələndirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Azərbaycan tərəfi bütün bu istiqamətlər üzrə əməkdaşlığın möhkəmləndirilməsini təşviq edəcəyini bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər