13 İyul 2018 19:28
1 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədr müavini Jalə Əliyeva ilə müsahibəni təqdim edir:

- Gəncədə iki polis zabitinin ölümü ilə nəticələnən təxribat cəhdini necə qiymətləndirirsiniz?
- Son günlərdə yaşananlar, regionda və dünyada stabilliyin qarantı olaraq göstərilən Azərbaycan vətəndaşları üçün əlbəttə ki, narahatedicidir. Kimliyindən asılı olmayaraq hər kəs Gəncədə baş verən hadisələrdən böyük narahatlıq keçirdi, hiddətini bildirdi, etiraz etdi. Azərbaycan insanı stabil, əmin-aman bir ölkənin vətəndaşıdır. İllərdən bəri bu stabillik ölkəmizdə təmin olunub, Azərbaycan dərin dövlətçilik ənənləri olan, dövlətə sadiqlik prinsipləri ilə yaşayan ölkədir.

Ölkəmiz dinindən, dilindən, irqindən asılı olmayaraq bütün xalqlar üçün açıq, tolerant və dünyəvi dövlətdir. Bunu atdığımız addımlarla, həyata keçirdiyimiz siyasətlə bütün dünyaya isbat edirik. Amma artıq alışdığımız bir məsələ də var ki, dövlətimiz böyük uğurlara imza atdığı zaman, nailiyyətlərini dünyaya nümayiş etdirdiyi ərəfədə, böyük beynəlxalq tədbirlərə ev sahibliyi edəcəyi vaxtlarda üzdəniraq qonşuların və onların havadarlarının, Azərbaycana qarşı ikili standartlar həyata keçirən dövlətlərin təzyiqləri, hədyanları, heç bir əsası olmayan böhtanları, qərəzli mövqeləri ilə qarşılaşır. Bu addımlar gözlənilməyən deyildi. Bundan qısa müddət əvvəl Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təntənə ilə qeyd etdik. Bu, sıradan bir təntənə deyil, sözün əsl mənasında ölkənin dərin dövlətçilik təcrübəsinin olduğunu göstərən bir nümunə idi. Şərq, müsəlman aləmi üçün əhəmiyyətli rəqəm idi. Həmin tədbirlər çərçivəsində Azərbaycanın 100 illik parlament, ordu quruculuğu təcrübəsi ortaya qoyuldu.

Hər bir ölkə bir çox potensialı ilə qiymətləndirilir, o potensiallardan biri və birincisi də ordu qüdrəti, silahlı qüvvələrinin gücüdür. Biz bunu növbəti dəfə açıq şəkildə Azadlıq Meydanında bütün dünyaya nümayiş etdirdik. Əlbəttə ki, bu qıcıq və qısqanclıq, hürkü yaradacaqdı. Xalqı inamla addımladığı düzgün yolda büdrətmək üçün xarici kəşfiyyat idarələrinin hər bir zaman alternativ yolları olur. Gəncənin icra başçısına qarşı sui-qəsd cəhdi, daha sonra onun davamı olaraq, guya etiraz aksiyalarının təşkil edilməsi, iki yüksək rütbəli polis zabitimizin qətlə yetirilməsi kimi hadisələr yaşadıq. Onlar sözün əsl mənasında vətən üçün, bizim yolumuzda, xalqın asayişi naminə şəhid oldular. Boşuna demirlər ki, mənim polisim məni qoruyur. Həmin o iki yüksək rütbəli polis bizim asayişimiz uğrunda canlarındna keçdilər. Yeri gəlmişkən, onlara Allahdan rəhmət, yaxınlarına, silahdaşlarına və bütün xalqımıza başsağlığı diləyirəm. Bütün bu hadisələr nə qədər düşündürücü, narahatedici olsa da, eyni zamanda son üç gündə xalqın mövqeyinə nəzər salanda sevinc hissi keçirirsən ki, nə yaxşı Azərbaycan xalqı bu qədər ayıq-sayıqdır, ağı qaradan seçməyi bacarır. Bu son 2-3 gündə keçirdiyimiz görüşlərdə və qəbullarda xalqın birliyini, bu hadisələrə hiddətini görürük. Bizim insanımız nahaq qan axıdılmasını istəmir.

Azərbaycanda həyata keçirilən düzgün siyasət nəticəsində, böyük quruculuq işləri nəticəsində Azərbaycan insanının bu günü və gələcəyi təmin olunub. Heç təsadüf deyil ki, bizimlə dostluq əlaqəsi olan dövlətlər Azərbaycanı bölgədə sabitliyin, təhlükəsizliyin qarantı adlandırırlar, Azərbaycan prezidentini isə bu təhlükəsizliyi təmin edən böyük siyasətçi olaraq qiymətləndirirlər. Azərbaycan vətəndaşları da hər zaman ölkədə aparılan siyasətin yanındadır. Ölkəmizdə iqtisadi, sənaye, ordu quruluculuğu, təhsil, mədəniyyət incəsənət və s. sahələrdə aparılan islahatlardan, əldə etdiyimiz uğurlardan danışarkən, çox əhəmiyyətli bir uğurumuzu mütləq qeyd etməliyik. Bu, vətəndaş-dövlət həmrəyliliyin təmin olunmasıdır. Bizim vətəndaşımız açıq bir şəkildə nə istədiyini bilir və gələcəyinin təminatı olan cənab prezident İlham Əliyevin ətrafında çox sıx birləşib. Əlbəttə ki, son iki gündə də bu amil vətəndaşlarımızın, müxtəlif ictimai təşkilatların, ziyalı birliklərinin, siyasətçilərin mövqeyində özünü bir daha göstərdi.

Hər kəsin yekdil fikri bundan ibarətdir ki, bu kimi hallar yolverilməzdir, bunlar ölkədən kənarda idarə olunur və bu hadisələrə müxtəlif don geydirirlər. Din o qədər həssas məsələdir ki, onunla əsrlərlə ölkələri, xalqları idarə ediblər. Din adı gələndə əlbəttə ki, insanlar daha da həssaslaşırlar. Məhz elə din pərdəsi altında da bu son hadisələr radikallar tərəfindən həyata keçirildi. Bu da onu göstərir ki, bütün bunlar düşünülmüş bir planın tərkib hissəsidir.

- Sizcə, bəs niyə məhz Gəncədə?
- Çünki, Gəncə Azərbaycanın ikinci böyük şəhərididir. Bura qədim şəhərdir, ziyalıların, düşünən insanların məskənidir. Gəncə Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtıdır. Yəni Gəncə hər bir zaman Azərbaycanın tarixində, ictimai-siyasi, mədəni həyatında öz sözü və yeri olan bir şəhərimizdir. Ona görə də hadisələrin bu şəhərdən başlaması, planın ayrılmaz bir tərkib hissəsi idi. Amma nə yaxşı ki, bu plan fiaskoya uğradı. Bu günə qədər olduğu kimi, bundan sonra da məkrli niyyətlərin heç biri Azərbaycanda nə ayaq tutacaq, nə də yeriyəcək. Buna Azərbaycan xalqı və nizamlı hüquq-mühafizə orqanlarımız izin verməyəcək.

- Bir çoxları, eləcə də Siz xarici qüvvələrdən bəhs etdiniz, konkret adlar çəkmək mümkündürmü, özümüzü hansı qüvvələrdən qorumalıyıq?
- Birinci növbədə bədnam qonşularımızı, onların havadarlarını qeyd etmək lazımdır. Azərbaycan bölgədə durmadan böyük bir söz sahibinə çevrilir. Bu gün ölkəmiz iqtisadi-beynəlxalq layihələrin altına imzasını atır. Məhz Azərbaycanın iradəsi ilə böyük nəqliyyat dəhlizləri inşa olunur, enerji layihələri icra edilir, bununla da ölkəmiz getdikcə daha da güclənir. Onu da unutmayaq ki, Azərbaycan bir Şərq ölkəsidir, bizdən cəmi 2000-3000 kilometr uzaqda Ərəb baharını yaşayan ölkələr var. Azərbaycanı həmin ölkələrin siyahısına salmaq istəyən ölkələr mövcuddur. Mənə elə gəlir ki, Ərəb baharını bütün dünyaya yaşadanların kimliyi hər kəsə məlumdur. Üç gün əvvəl Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycanda idi.

Bu səfər özü də son hadisələrin meydana gəlməsində bir qığılcım rolunu oynamış ola bilər. Türkiyə artıq dünyada söz sahibidir. Türkiyə və Azərbaycanın qardaşlığı, ayrılmazlığı, dünyaya bu yöndə verdiyi mesajlar dünyada qıcıq yaradır. Ərdoğan prezident seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etdi. Yavru vətən sayılan Şimali Kiprdən əvvəl ana vətənə - Azərbaycana gəlməsi həqiqətən böyük addımdır. İstər xalqlarımızın birliyi, istərsə də dövlət rəhbərlərinin bu ayrılmaz dostluğu və bərabərliyi bir çox düşmənlərin dəyirmanına su tökür.

Bu birliyi sarsıtmaq niyyətini güdənlər var. Elə Türkiyənin özündə son zamanlar baş verən hadisələr bizi düşünməyə vadar edir. Azərbaycan vətəndaşı heç bir zaman kənar qüvvələrin diktəsi ilə sabitliyin pozulmasına icazə verməyəcək.

- Hadisələrin xronoloji ardıcıllığına nəzər salsaq, Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza, Azərbaycan prezidentinin enerji təhlükəsizliyi məsələsinin müzakirəsi üçün Brüsselə səfəri ərəfəsində ölkədə enerji böhranının baş verməsini, ardınca Gəncədəki olayları təsadüf saymaq olarmı? Yoxsa bütün bunlar təxribat planının bir parçasıdır?
- Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma gedir. Həm Mingəçevir İES-də baş verən qəza, həm də sonrakı hadisələrlə bağlı ilkin rəylər var, ancaq istintaq hələki davam edir. Bildiyiniz kimi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə hadisədən dərhal sonra müşavirə keçirildi, müvafiq tapşırıqlar verildi.

Bütün hadisələri bir nöqtəyə bağlamaq da o qədər düzgün deyil. Mingəçevir İES-dəki qəzanın səhlənkarlıq ucbatından olduğu haqda komissiya rəyi mövcuddur. Ona görə də deməzdim ki, Mingəçevirdəki qəza həmin təxribatın bir parçasıdır. Sadəcə o qəzadan yararlanaraq ajiotaj yaratmaq üçün, elə ertəsi günü çoxdan düşünülmüş plan həyata keçirildi. Ardınca, hazırlanmış insanlar vasitəsilə guya dövlətə qarşı narazılıq aksiyası baş tutdu. Yenə qorxu yaratmaq üçün iki polis zabitimiz qətlə yetirildi.

O polislərin əlində silah yox idi, aksiyaya çıxan insanlara qarşı polis heç bir güc tətbiq etməyib. Kadrlardan da göründüyü kimi əksinə həmin qüvvələr polisə qarşı güc nümayiş etdiriblər. Biz araşdırmaların nəticələrini gözləməliyik. Son günlərdəki hadisələr birmənalı olaraq ölkəmizə qarşı xaricdən idarə olunan, bəlkə də müəyyən güclər tərəfindən ölkəmizdə hazırlanan, sapı özümüzdən olan baltalar tərəfindən həyata keçirilən təxribatdır. Bunu da zamanla istintaq müəyyən edəcək.

- Jalə xanım, ananız Nurəngiz Gün yaradıcılığında qlobal, bəşəri hadisələrə toxunurdu. Siz necə, şahidi olduğunuz hadisələri yaradıcılıq nümunəsi kimi təqdim etməyi düşünürsünüz?
- Açığı mən şeir yazmıram. Doğrudur, Nurəngiz xanımın yaradıcılığı böyük dərdlərimizə, qlobal problemlərimizə həsr olunub. O, xalqı düşündürən, dövlətimiz üçün əhəmiyyətli olan məsələləri daim qələmə alıb. Mən qələmimi arada publisistikada sınayıram. Biz 1990-cı ildən üzü bu yana yazılan yeni tarixin, gedilən böyük yolun, həyata keçirilən quruculuq işlərinin, baş verən təlatümlü hadisələrin şahidləriyik. Bir gün gələcək xatirələr, memuarlar, bəlkə də bədii əsər yazılacaq. Amma hələlik bu haqda düşünmürəm.

- Nurəngiz xanım səhv etmirəmsə, əslən Ərdəbildəndir, yəqin Güney Azərbaycanda yaşanan olaylar sizə daha çox təsir edir. Bu yaxınlarda Babək qalasına yürüş zamanı Güneydə bir sıra azərbaycanlılar tutuldu. Baş verənlərə münasibətiniz necədir?
- Güney mövzusu hər zaman bizim üçün həssas mövzu olub. Şimali Azərbaycan olaraq özümüzü Güneydəki soydaşlarımızdan heç zaman ayrı görməmişik. Həmişə içimizdə bir sevgi və həsrət olub. Oradakıları öz qardaşımız, soydaşımız bilmişik. Təbii ki, baş verən hadisələr də bizim üçün həssas nöqtələrdir, Azərbaycanı yaxından və ya uzaqdan, birbaşa və ya dolayısı ilə əlaqədar edən hadisələrdir. Sadəcə Güney Azərbaycan, İran deməyək, ümumiyyətlə, bölgədə baş verən hər hansı hadisə digər bölgə ölkəsi üçün əhəmiyyətlidir. Fərq etmir, bu istər Azərbaycan, istərsə də Rusiya, Gürcüstan, İran, Türkiyə, bir az o tərəfə Orta Asiya cümhuriyyətləri və s. olsun. Azərbaycan bütün qonşu ölkələrlə bərabərhüquqlu, sülhpərvər və dost siyasəti həyata keçirir. Biz hər zaman arzu edirik ki, həmin qonşu ölkələrin hamısında və ümumilikdə bütün dünyada əmin-amanlıq və stabillik olsun.


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər