Teleqraf.com-un suallarını Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu cavablandıb. Müsahibəni təqdim edirik.
– Hikmət müəllim, Azərbaycan Prezidenti Brüsseldə yüksək səviyyədə qarşılandı, nəzərdə tutulmuş bütün məsələlər uğurla həll olundu. Bu amili Azərbaycanın əhəmiyyətli ölkə, söz sahibi kimi bir daha özünü təsdiq etməsinin göstəricisi saya bilərikmi?
– Azərbaycan Prezidentinin Brüsselə səfəri, orada keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycanın xarici siyasətində növbəti mühüm uğuru kimi qiymətləndirilməlidir. Əslində bu cür ciddi əhəmiyyətli strateji sənədlərin imzalanması ilə bağlı ilkin anonsu Prezident İlham Əliyev iyul ayının 8-də Nazirlər Kabinetinin 6 ayın yekunlarına həsr olunmuş iclasında vermişdi. Cənab Prezident ilk növbədə Azərbaycanda keçirilən son prezident seçkilərinə toxunaraq bunu Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının legitim iradəsinin hüquqi əsaslarda nəticəsi kimi qeyd etdi. Əlbəttə ki, Prezident bu seçkilərə beynəlxalq reaksiyanın üzərində dayandı. Biz bilirik ki, hər bir dövlətin xarici siyasəti onun daxili siyasətinin davamıdır.
Daxili vəziyyətlə bağlı təsbitlər və qiymətləndirmədən sonra cənab Prezident Azərbaycanın xarici siyasət məsələlərinə toxundu və Azərbaycanın beynəlxalq nüfuzunun hər gün daha da artdığını, beynəlxalq təşkilatlarla və dünya siyasətini müəyyənləşdirən dövlətlərlə Azərbaycanın xüsusi münasibətlərinin olduğunu bildirdi. Məlum oldu ki, dünya siyasətini müəyyənləşdirən ölkələrdən biri olan ABŞ Prezidenti aprel və may aylarında Azərbaycan Prezidentinə üç dəfə məktub göndərib, Avropa İttifaqı ilə mühüm sazişin imzalanması ərəfəsindəyik, digər beynəlxalq təşkilatlarla Azərbaycanın münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoymaqdadır və bu da Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirir. Bu fikirlərin alt məzmunu isə ondan ibarət idi ki, bütün bu addımların hamısının məqsədi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, sərhəd toxunulmazlığını təmin etməsidir.
Bundan bir qədər sonra, iyul ayının 11-də çox mühüm tarixi hadisələr baş verdi. Onlardan birincisi, tərəfdaşlığın prioritetləri ilə bağlı Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyan sənədlərin parfalanması oldu.
İkinci əsas məsələ isə NATO-nun Brüssel sammitində qəbul edilən Yekun Kommunikedə Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının xüsusi olaraq qeyd edilməsidir. Məlum olduğu kimi, Azərbaycan 2002-ci ildən NATO ilə tərəfdaşlıq, “Qətiyyətli dəstək missiyası” çərçivəsində əməkdaşlıq edir, Əfqanıstana sülhməramlı hərbçilərini göndərir. Amma bunlar heç də məsələlərin hamısı deyil, Azərbaycanın Şimali Atlantika alyansı ilə əlaqələrinin olduqca dərin və çoxspektrli kökləri var. Bura həm kommunikasiya, həm təchizat, həm iqtisadi əlaqələr, həm də Azərbaycanın nəqliyyat-kommunikasiyası vasitəsilə Qərbdən gələn strateji yüklərin Əfqanıstana daşınması məsələsi daxildir. Bu kontekstdə Azərbaycan Prezidentinin Brüsseldə Əfqanıstan Prezidenti ilə görüşməsi də təsadüfi deyildi.
– Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə Dağlıq Qarabağın separatçı rejimini cəlb etmək cəhdlərinin iflasa uğramasını necə qiymətləndirirsiniz?
– Brüsseldə diqqət çəkən məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni tərəfinin siyasi avantürasına son qoyulması oldu. Məlum olduğu kimi, Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra yeni baş nazir tərəfindən avantürist fikirlər səsləndirilir, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi təqdim olunması kimi məsələlər gündəmə gətirilirdi. Ancaq biz bu mötəbər toplantıda dünya siyasətini müəyyənləşdirən, onun keyfiyyətini, istiqamətlərini təyin edən beynəlxalq təşkilatların mövqeyinin bir daha Azərbaycanın lehinə olduğunu gördük.
NATO-nun qəbul etdiyi son Kommunikeni, habelə Avropa İttifaqı ilə Azərbaycan arasında Brüsseldə imzalanan səndələri, “Tərəfdaşlıq prioritetləri”nin paraflanması məsələsini buna misal olaraq göstərmək olar. Eyni zamanda bu arada Rusiya tərəfinin də mövqeyinin şahidi olduq. Bu günlərdə Rusiya Federasiyası Təhlükəsilik Şurasının katibi Nikolay Patruşevin fikirlərindən aydın oldu ki, Rusiya tərəfi də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll olunmasının tərəfdarıdır. Əslində bu üç mövqenin hər biri Nikol Paşinyanın irəli sürdüyü iddiaları rədd etməklə yanaşı, son dövrlərdə işğalçı Ermənistan tərəfinin, onun baş nazirinin siyasi avantüra ilə məşğul olduğunu sübut etdi.
Azərbaycan tərəfi isə ciddi diplomatik missiya ilə ciddi diplomatik uğurlar əldə etdi və iki mühüm beynəlxalq təşkilatın qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü yenidən təsbit edildi. Ona görə də birmənalı olaraq demək olar ki, qəbul edilmiş bu iki sənəd Azərbaycanın beynəlxalq münasibətlər sistemində siyasi-hüquqi baxımdan yerini və rolunu bir daha möhkəmləndirmiş oldu.
– Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin ikitərəfli əlaqələrin gələcək inkişafı üçün yeni imkanlar açdığını demək mümkündürmü?
– Bu gün hər kəsə bəllidir ki, Azərbaycan tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Ayrı-ayrı ölkələrin baş qərargah rəislərinin, güc strukturlarının rəhbərlərinin görüşləri, Qoşulmama Hərəkatının Azərbaycanda keçirilən tədbirləri həmin ölkələrin Azərbaycana münasibətdə etimad göstərməsindən xəbər verir. Azərbaycanı sevməyənlər ölkəmizi qarşıdurma, rəqabət məkanına çevirməyi qarşılarına məqsəd qoymuşdular. Amma Azərbaycan Prezidenti dedi ki, Azərbaycan tərəfdaşlıq və əməkaşlıq məkanıdır.
Tərəfdaşlıq və əməkaşlığın ən gözəl nümunələrindən biri iyulun 12-də Brüsseldə baş verdi. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin əsaslarını müəyyənləşdirəcək prioritetlər müəyyənləşdirildi və paraflandı. Məlum olduğu kimi, Avropa İttifaqı ilə Azərbaycanın tərəfdaşlığının uzun tarixi var, “Avropa Qonşuluq Siyasəti”, “Şərq tərəfdaşlığı” proqramları çərçivəsində Avropa İttifaqı ilə Azərbaycanın münasibətləri çox yaxşı idi. Lakin bu münasibətlər tarixində iki mərhələ xüsusi olarq önə çıxır: bunlardan biri 2011-ci, digəri 2015-ci ildir. 2011-ci ildə Avropa İttifaqının qəbul etdiyi qətnamədə Gürcüstanın və Moldovanın ərazi bütövlüyü dəstəkləndiyi halda, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı heç nə deyilmirdi. Bu proses 2015-ci ilə qədər davam etdi. 2015-ci ildə “Ümumi tərəfdaşlıq proqramı” çərçivəsində keçirilən Avropa İttifaqının Riqa sammitində yenə Azərbaycanın ərazi bütövlüyündən söhbət getmədi.
Ona görə də Azərbaycan tərəfi Riqa sammitində yüksək səviyyədə təmsil olunmadı. Yəni, cənab Prezident Riqa sammitinə getmədi, orada iştirakdan imtina etdi. Çünki Azərbaycanın xarici siyasətinin əsas prioriteti ərazi bütövlüyünün bərpa edilməsidir. Yəni Avropa ölkələri ilə tərəfdaşlıq edilirsə, enerji təhlükəsizliyinin təmin edilməsi üçün alternativ enerji yolları yaradılırsa, yeni nəqliyyat-kommunikasiya yolları tikilirsə, niyə Avropa İttifaqının sənədlərində Azərbaycanın ərazi bütövlüyündən söhbət getməməlidir? Ona görə də Azərbaycanın sonrakı mərhələdə həyata keçirdiyi “hücum diplomatiyası” siyasəti sayəsində Avropa İttifaqı ilə Azərbaycanın münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.
Bu mənada Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanan sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı məsəsləsi qeyd edildi. Əslində bu, məsələnin hələ yalnız bir tərəfi, amma çox vacib tərəfidir. Digər vacib məsələlər ondan ibarətdir ki, insan hüquqlarından, iqtisadi sferadan başlamış mədəni inteqrasiya, demokrat təsisatlarla əməkdaşlıq və qeyri-hökumət təşkilatlarına qədər bütün sahələrdə bir sıra məsələlər Azərbaycan və Avropa İttifaqı arasında imzalanan sənədlərdə öz əksini tapıb. Bu isə Azərbaycanın maraqları çərçivəsindədir. Çünki Azərbaycan öz dəyərlərinə sadiq qalmaqla, Qərbə inteqrasiyanın tərəfdarıdır.
Bu sənədin bir əhəmiyyəti də ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığının təsbit edildiyi sənədi Avropa İttifaqına üzv olan 28 dövlət konsensus əsasında qəbul edib. Yəni, Avropa İttifaqına üzv olan ölkələrdən biri səs verməsə, bu sənəd qəbul edilmir. Bu ölkələrdən biri də ATƏT-in Minsk Qrupunun həmsədri Fransadır. İkinci incə məqam isə ondan ibarətdir ki, indiyə qədər ermənilər beynəlxalq hüquqla manipulyasiya edirdilər. Belə ki, onlar, xüsusilə Helsinki Yekun Aktına önə çəkməklə, dövlətlərin ərazi bütövlüyü ilə yanaşı, xalqların öz müqəddəratını təyinetmə hüququna istinad edirdilər.
Bu sənədin paraflanması ilə bu mübahisəyə, ümumiyyətlə, son qoyuldu. Çünki bu sənəddə Helsinki Yekun Aktına istinad edilərək ərazi bütövlüyü və sərhəd toxunulmazlığı imperativ kimi müəyyənləşdirildi. Əslində burada heç bir mübahisə yox idi. Cənab Prezident də əvvəllər demişdi ki, xalqların öz müqəddəratını təyin etməsi yalnız ərazi bütövlüyü prinsipi çərçivəsində mümkündür. Cənab Prezidentin səsləndirdiyi bu fikir paraflanan “Tərəfdaşlıq prioriteti” sənədində öz əksini tapdı. Nəticə etibarilə bu hadisəni Azərbaycanın xarici siyasətində mühüm uğur kimi qiymətləndirmək olar.
– Brüsseldə baş verən mühüm hadisələrdən biri də Azərbaycanın və ABŞ-ın müdafiə və xarici işlər nazirlərinin görüşü idi. Bu görüşü də qiymətləndirməyinizi istərdik…
– Sözsüz ki, bu görüş çox əhəmiyyətli idi. Azərbaycan-ABŞ münasibətləri tarixində bu formatda ilk dəfə görüş keçirilirdi. Heç şübhəsiz, bu görüşdə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və “Qətiyyətli dəstək missiyası” çərçivəsində Əfqanıstanın təchizatı məsələləri barədə söhbət aparılıb və ərazi bütövlüyü məsələlərinə toxunulub. Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü isə indiyə qədər Ermənistanın yeni avantürist hakimiyyətinin görüşlərdə iştirak etməmək cəhdlərinin və siyasətinin iflasa uğraması ilə əhəmiyyətli idi.
Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldən qayıdarkən erməni jurnalistlərinin “bu görüş sonrakı mərhələ üçün nə vəd edir” sualları qarşısında pis vəziyyətdə qaldı. Sadəcə gələcəkdə prezidentlərin görüşünün planlaşdırılmasından söhbət getmədiyini deyə bildi. Yəni, əslində Azərbaycan öz qətiyyətli və ardıcıl mövqeyi ilə Ermənistanı danışıqlar masasına qayıtmağa məcbur etdi. Amma heç kimi düşünməsin ki, Azərbaycan bu cür danışıqların keçirilməsində maraqlıdır və sona qədər də belə danışıqların həyata keçirilməsinə tərəfdardır. Danışıqlar bir vasitədir. Özü də müəyyən mərhələdə olan bir vasitədir.
Azərbaycan vaxtı çatanda, daha doğrusu geostrateji şərtlər uyğun olan kimi öz ərazi bütövlüyünü danışıqlarsız da, güc hesabına bərpa edəcək. Keçirilən paradla da, son əməliyyatlarla da biz bunu sübut etmişik. Nəhayət, son günlər ölkə daxilində baş verən hadisələri, beynəlxalq münasibətlərdə və xarici siyasətimizdə əldə edilən uğurlu nəticələri detalları ilə bir yerə toplayaraq bütövlükdə vahid geostrateji tablonu yaratmağa çalışsaq, görərik ki, Azərbaycan üçün belə mühüm görüşlərin keçirilməsi və sənədlərin imzalanması ərəfəsində ölkə daxilində terror törədənlər və onların havadarları Azərbaycana düşmən olan qüvvələrdir. Bunlara baxmayaraq, Azərbaycan bu görüşləri keçirdi, bu sənədləri imzaladı, Azərbaycanın ərazi bütövlüyü bir daha təsbit edildi, daxildə baş qaldıran təxribatçılar və terrorçular isə layiqli şəkildə cəzalandırıldı.
Bu sınaqdan müvəffəqiyyətlə çıxmağımız isə Azərbaycan xalqı ilə onun legitim əsaslarda formalaşdırdığı hakimiyyətin birliyi sayəsində mümkün oldu.Bu birlik elə həm də ərazi bütövlüyümüzü təmin edəcək gücün əsasını təşkil edir.