İran ətrafında vəziyyət son vaxtlar yenidən gərginləşib. ABŞ Prezidenti Donald Trampın mayın 8-də İranla imzalanmış nüvə sazişindən çıxmasından və əvvəlki sanksiyaları bərpa etməsindən sonra rəsmi Tehran da bütün istiqamətlərdə səylərini artırıb. Son olaraq ABŞ dövlət katibi Mayk Pompeo İranın öz diplomatik nümayəndəliklərindən Avropada terror planlaşdırmaq üçün istifadə etdiyini bildirib. Dövlət katibi xəbərdarlıq edib ki, oxşar hərəkətlər İrana baha başa gələcək.
İranın digər region dövlətləri, o cümlədən Azərbaycanla bağlı siyasəti də ürəkaçan deyil. Xüsusilə, əvvəlki sanksiyalar dövründə olduğu kimi indi də İranın bölgədə Qərbin müttəfiqi adlandırdığı ölkələrə, o cümlədən Azərbaycana münasibətdə xoşagəlməz addımlar atacağı gözlənilir.
Qərbi Kaspi Universitetinin dekanı, politoloq Ramiyə Məmmədova da Teleqraf.com-a açıqlamasında İranın Qərb ölkələrindəki bir sıra diplomatlarının terrorçulara dəstək verdiklərinə dair şübhələrin olduğunu bildirib. O qeyd edib ki, Avropanın müxtəlif ölkələrində bununla əlaqədar həbslər həyata keçirilib. R.Məmmədova hesab edir ki, əgər həmin diplomatların fəaliyyəti ilə bağlı ciddi şübhələr olmasaydı, Avropa ölkələrində həbslər həyata keçirilməzdi:
“ABŞ-dan fərqli olaraq Avropa ölkələrinin İranla münasibətləri gərginləşdirməkdə maraqları yoxdur. Demək nəsə var ki, İranın müxtəlif ölkələrdəki diplomatları diqqət mərkəzinə keçib. Görünür, Tehran bir qrup diplomata xüsusi təlimat verib. Bu da İranın düşdüyü ağır vəziyyətlə bağlıdır. İrandakı mühafizəkar dairələr Qərbə problemlər yaratmaq istəyirlər. Beynəlxalq aləm ABŞ Prezidenti Donald Trampın yürütdüyü siyasəti diqqətlə izləyir. Onun atacağı addımlar, müxtəlif hadisələrə verdiyi qiymət və dövlət başçıları ilə görüşləri zamanı söylədiyi bəyanatlar maraq doğurur. Çünki Trampın qərarları bir çox prosesə təsir edir. Trampın İrana münasibəti bəllidir; Vaşinqton bacardığı qədər İranı sanksiyalarla sıxmağa, neft ixracını əngəlləməyə çalışır, İran rejiminin dəyişdirilməsinə çağırışlar edir. ABŞ başqa dövlətlərin də İrana qarşı sərt davranmasını istəyir. İran artıq iqtisadi baxımdan çox çətin vəziyyətə düşüb və bundan sonra atacağı addımlar da düşünməyə vadar edir. Ümumiyyətlə, İran daxili ziddiyyətlərlə dolu bir ölkədir. Bu ölkədə müxtəlif güc mərkəzləri var və onlar öz maraqları çərçivəsində daxili və xarici siyasətə təsir edə bilirlər”.
R.Məmmədova qeyd edib ki, İranla Azərbaycanın münasibətləri çoxşaxəlidir, siyasi və iqtisadi əlaqələr mövcuddur:
“Buna baxmayaraq, İranda bəzi mərkəzlər Azərbaycana dost kimi yanaşmırlar və bəzi dairələrin mütəmadi olaraq Azərbaycana qarşı çalışdıqlarını müşahidə edirik. Ölkəmizdə baş verən bəzi hadisələrin İranda yerləşən müəyyən qüvvələr tərəfindən məqsədyönlü şəkildə, qəsdən həyata keçirildiyini, insanlar arasında təşviş yaradılmasına çalışıldığını müşahidə etmək mümkündür. İranın Ermənistanı dəstəkləməsi ölkəmizə qarşı edilən ən böyük haqsızlıqdır. Halbuki, Azərbaycan bütün təzyiqlərə sinə gərərək İrana qarşı heç zaman heç bir fəaliyyətdə iştirak etməyib, habelə öz ərazisindən bu dövlətə qarşı istifadəyə imkan verməyib. Əksinə, Azərbaycan rəhbərliyi hər zaman bəyan edib ki, İran bizə qonşu dövlətdir və ona qarşı heç bir fəaliyyətə icazə verməyəcəyik. Azərbaycan verdiyi sözə sadiq qalaraq İrana yardım əli uzadıb.
İran bunları nəinki qiymətləndirmir, əksinə bu ölkədəki mühafizəkar qüvvələr Azərbaycanda fəal kəşfiyyat-pozuculuq işi aparır, radikal şiəyönümlü dini qruplara himayədarlıq edir, üstəlik virtual təxribat-pozuculuq, dezinformasiya fəaliyyəti apararaq əhali arasında çaşqınlıq yaratmağa çalışır. Əlbəttə, İrandan şübhələnməyə əsaslar az deyil, ancaq bunların heç bir nəticəsi olmayıb və olmayacaq. Azərbaycan bu oyundan da hər zamankı kimi alnıaçıq çıxacaq. Çünki Azərbaycan həyata keçirdiyi iri layihələrlə artıq daha da böyük gücə malik olur və sözünü deyə biləcək ölkələr arasına daxil olur”.