Teleqraf.com Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun Trend-ə müsahibəsini təqdim edir.
- Gəncə hadisələri ilə bağlı müxtəlif fikirlər səslənir. Təbii ki, baş verənlər Azərbaycana qarşı terrordur. Müxtəlif fikirlər də var. Sizin məsələ ilə bağlı baxışınız maraqlıdır.
- Ümumən Azərbaycana qarşı təxribat dolu aksiyaları həyata keçirən qüvvələr ən müxtəlif dövlətlərdən idarə olunurlar. İrandan, Rusiyadan, Qərbdən. Adətən İrandan dini-ideoloji müstəvidə, Rusiyadan terror zəminində, Qərbdən isə söz və ifadə azadlıqları kontekstində psixoloji basqılar görmüşük. Eyni tendensiya bu gün üçün də aktuallığını saxlamaqdadır.
Ancaq indiki dövrdə iqtisadi sanksiyalarla üzləşən İran üçün Azərbaycanda hansısa təxribat həyata keçirmək nə dərəcədə maraqlıdır? Ölkənin durumu buna imkan vermir. Bu günlərdə ABŞ prezidenti Donald Tramp ölkəsinin İranın nüvə ehtiyatları ilə bağlı razılaşmadan uzaqlaşacağına dair fikirlər səsləndirib. Bu, eyni zamanda digər ölkələrin də İranla əməkdaşlıq etməməsinə eyhamdır. Mövcud xüsusda İranla Azərbaycan arasında soyuqluğun yaranmasında maraqlı qüvvələr ola bilər. Məsələləri təhlil edərkən bu məqamı nəzərdən qaçırmamalıyıq.
Ümumən Azərbaycana qarşı təxribatçı oyun quranların əllərində ən müxtəlif təzyiq vasitələri və onların gerçəkləşdirilməsi üçün planlar var. Biri baş tutmadısa, başqası, o baş tutmadısa, tamam yenisi. Prosesə xüsusi beyin mərkəzləri cəlb olunur. Kifayət qədər sistemli iş aparılır. Son illər isə bu istiqamətdə internet informasiya resurslarının, ayrı-ayrı sosial şəbəkə profillərinin «xidmətlərindən» geniş istifadə edilir. Anti-azərbaycançı dairələrin hamısı üçün sosial şəbəkələrdən və internet mediadan intensiv yararlanma xarakterikdir.
Ölkəmizə əleyhinə təbliğatın aparılması üçün kifayət qədər «səbəblər» var. Azərbaycan sözün həqiqi mənasında dünyanın diqqət mərkəzindədir. Məsələ barədə çox danışılıb, deyilənləri təkrarlamaq istəməzdim. Amma Azərbaycana qarşı siyasi oyunlarda səbəb axtarırıqsa, onların idarə olunmasında sistematiklik görürüksə, bu, heç şübhəsiz bölgəmizin xüsusiyyəti ilə bağlıdır. Həm coğrafi xüsusiyyət, həm Azərbaycanın təbii sərvətləri, ən əsası isə müstəqil siyasi xətt yeritməsi.
Biz Yaxın Şərqdə acı nəticələr doğuran prosesləri gördük. Baxın, bu məkanın nefti kimin əlindədir? Necə çıxarılır, hansı yolla satılır? Burada hansı prinsiplər rəhbər tutulur? Əslində heç bir prinsip gözlənilmir. Yaradılmış böyük xaos şəraitində çıxarılan neft Qərbin ehtiyaclarının ödənilməsinə yönləndirilir. Adi bir fakt, nəyə görə Liviyada insanların yaşayış səviyyəsi Qəddafi dövründəkindən pisdir. Çünki Qəddafi neftdən gələn gəlirləri sosial sahəyə yönəldirdi, sistem işləyirdi. Onu devirənlər isə sistem adlı heç nə tanımadılar. Daha doğrusu, sistem talamağa kökləndi. Digər ölkələrdə də vəziyyət eyni cür oldu.
Azərbaycanda oturuşmuş dövlət idarəçiliyi var. Bunun nəticəsində ölkəmizdə, region və dünya üçün kifayət qədər vacib olan layihələr reallaşdırılmaqdadır. Son aylar bizlər əslində xəyal kimi görüləcək nəhəng açılışların şahidi olduq. Bəlkə indi fərqində deyilik, amma TANAP dünyanın energetika xəritəsini dəyişən layihədir. Bütün bu nailiyyətlər əlbəttə, xaricdə anti-azərbaycançı dairələr formalaşdırır və onları hərəkətə keçirir. Üstəlik bu dairələrin erməni lobbi və diaspor təşkilatları ilə sıx işlədiklərinin şahidi oluruq. Fərqi yoxdur, İranda, Rusiyada və ya Qərbdə - birmənalı qaydada erməni kartından istifadə olunur. Eyni zamanda erməni lobbi və diaspor təşkilatları anti-azərbaycançı qüvvə kimi özləri də müstəqil təzyiq vasitəsi qismində fəaliyyətdədirlər.
- Qeyd etdiyiniz kimi, Azərbaycana qarşı qüvvələr sosial şəbəkərlərdən və internet saytlardan yararlanırlar. Bununla bağlı rəhbərlik etdiyiniz Mətbuat Şurasının da müəyyən müşahidələri var. Hansı xarakterik məqamları fərqləndirərdiniz?
Anti-azərbaycançı dairələrin əsas məqsədləri bəllidir. Ölkəmizin dünyadakı mövqeyini sarsıtmaq, beynəlxalq ictimaiyyətin gözündəki müsbət imicini ləkələmək, xüsusən nümunə kimi göstərilən tolerant, multikultural dünyəvi dövlət modelini sıradan çıxarmaq, xaos və anarxiya yaratmaqla bölgənin sərvətlərinin asan yolla mənimsəmək. Onlara Azərbaycandakı güclü dövlət idarəçiliyi modeli əsla lazım deyil. Çünki güclü dövlətlə danışmaq, müzakirə aparmaq, mənafeləri ilə razılaşmaq lazımdır. Güclü dövlət bərabər, ədalətli şərtlər deməkdir. Buna razı deyillər. Reallıq budur. Ona görə də fəaliyyətə keçirlər. Onların təzyiq vasitələri isə həm də sosial şəbəkələr və internet media resurslarıdır.
Sosial şəbəkələrə xüsusi diqqət yetirmək lazımdır. Çünki indiki dövrdə internet media orqanlarının başlıca yayım arealı məhz sosial şəbəkələrdir. Buradakı mövzular müxtəlif dairələrə yaxınlıq baxımından bir-birindən fərqlənir. İranyönümlülər bir qayda olaraq dini təbliğat aparır və mövcud xüsusda əsasən şiəlik önə çəkilir. Yəni ritorika məzhəb ayrıseçliyi üzərində qurulur.
Əlbəttə, sosial şəbəkələrdə dini mövzudakı təbliğatın heç də hamısının İslamdan uzaqlığını iddia etmək doğru olmaz. İbrətamiz cəhətlər var. Ancaq hətta dinin doğrularının anladılması, diqqətə çatdırılması xüsusunda cəmiyyətdəki müxtəlif naqislikləri qabardaraq toplumun nicatının yalnız dində göstərilməsi tendensiyasının özü də zərərlidir. Bəli, İslam elmdir, fəlsəfədir, dünyagörüşüdür, əxlaqdır. Ancaq bütün bunların anladılaraq vurğunun dini dövlətin insan üçün daha faydalılığı üzərinə gətirilməsi artıq məsələnin fərqli səmtə yönləndirilməsi deməkdir. Sual olunur: sırf din yolu tutan ölkələrin cəmiyyətlərində əxlaq dəyərləri pozulmur? Yoxsa dini dövlətlərin hamısında insan təməl hüquq və azadlıqları təmin olunub? Belə suallar əslində çoxdur və məsələni kifayət qədər geniş formada mübahisələndirmək mümkündür.
Sosial şəbəkələrdəki dini təbliğatda daha bir motiv düşmənçilikdir. Bizimlə olmayanlar bizdən deyil. Bu kəsim radikallığı ilə fərqlənir. Əslində ən ziyanlı yanaşma məhz budur.
Sosial şəbəkələrdə ateist kəsim də təmsil olunur. Əlbəttə, istər ateist, istərsə də dindar kəsimin baxışlarını birmənalı şəkildə qəbul etmək olmaz. Hər kəs öz fikirlərini yaymaqda sərbəstdir. Ancaq bəzən fikirlərdə belə desək, qırmızı xəttin keçilməsi çox asanlıqla görünür.
Məsələn, sosial şəbəkə kontentlərində söz və ifadə azadlığı ilə bağlı baxışlar diqqət çəkməkdədir. Bu xüsusda dünya dövlətləri ilə Azərbaycan arasında müqayisələr aparılır. Əlbəttə, çox sahələrdə bizdən qabaq olanlar var. Bu cəhət etiraf edilməlidir. Ancaq bilirsiniz, hər bir fikrin diqqətə çatdırılması inkişafa xidmət etməlidir, tərəqqiyə çağırış ruhuna köklənməlidir. Təəssüf ki, daha çox siyasi məqsəd daşıyan baxışlar qabardılır.
- Ümumən Mingəçevirdəki qəza, sonra Gəncə hadisələri. Yəqin ki, hər iki olaya yanaşmada spesifik cəhətlər müşahidə olundu...
- Mingəçevirdəki qəza və Gəncə hadisələri əslində suları durultdu. Məlum oldu ki, kim nə üçün meydandadır. Mingəçevirdəki qəzadan başlayaq. Əlbəttə, mediada və sosial şəbəkələrdə məmur özbaşınalığı, səhlənkarlıq kimi cəhətlərin vurğulanmasını ilk növbədə qeyd etməliyik. Təbii, haqlı etirazlar var idi və biz görürdük ki, bəzi insanlar həqiqətən düşdüyü xoşagəlməz durumu diqqətə çatdırır. Onların işığın yanmamasına görə kimisə günahlandıraraq reaksiya göstərməsi normaldır. Nəhayət, insanın istədiyi onun təməl yaşayış hüququdur. Əlbəttə, xarici ölkələrdə belə durumlarda cəmiyyət müqavimət göstərir və bundan həmrəylik doğur. Ancaq hesab edək ki, kiminsə dünyagörüşü, baxışı, səviyyəsi belə reaksiyaya imkan vermir. Olsun, bu da olsun.
Ümumən belədir: heç bir ölkə qəzadan sığortalanmayıb. Burada obyektiv və subyektiv amillər ola bilər. Cənab Prezident məsələ ilə bağlı keçirdiyi müşavirədə subyektiv amilləri sadaladı. Əlbəttə, vəziyyətin belə şəkil alması, bir çox idarə, müəssisə və təşkilatların, bir növ, hazırlıqsızlığı ciddi nöqsandır və aradan qaldırılmalıdır. Amma bilirsiniz, məsələyə siyasi çalarlar qatmaq, onu hakimiyyətə qarşı üçün təzyiq üçün fürsət kimi görmək artıq bu, planlaşdırılmış oyundur. Bu yolu tutanların sosial şəbəkələrdəki paylaşımları diqqət çəkirdi. O cümlədən internet mediadakı fəaliyyətləri də.
Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi isə siyasi motivli terrordur. Biz gördük ki, burada dini məqamlar önə çəkildi. Əvvəlcə bildirildi ki, sui-qəsd zamanı icra başçısı qətlə yetirilib. Bu yolla çaşqınlıq yaradıldı. Sonra bilavasitə din amili qabardıldı. E.Vəliyevin din düşməni obrazı yaradıldı. Mövcud xüsusda biz iki polis zabitinin qətlə yetirilməsi ilə nəticələnən iğtişaşın anonsunun verildiyini də gördük. Nuraz.com, Abna.com, Qafqaz.ir, Rasthaber.com və başqa saytlarda kütləvi tabesizlik çağırışları oldu. İcra başçısına güllə atan Yunis Səfərovun qəhrəman obrazı yaradıldı. Bu saytlar xaricdən idarə edilir. Yuxarıda da dediyimiz kimi, məqsəd bəllidir. Azərbaycanda geniş miqyaslı iğtişaş törətmək, etirazçı kəsimi hakimiyyətə qarşı yönləndirmək, nəticə etibarilə xaos, anarxiya yaradaraq, dövlət hakimiyyətini iflic hala salmaq.
- Cəmiyyətdə təxribatçı informasiya resurslarının Azərbaycandakı radikal dindarlarla əlaqələri və onlara təsir imkanları barədə də fikirlər var. Bununla bağlı nələri deyə bilərsiniz?
Əlbəttə, adlarını yuxarıda qeyd etdiyimiz resurslar Azərbaycandakı radikal dini cərəyanlarla əlaqəlidir. Bilirsiniz, burada yalnız media, sosial şəbəkələr amili üzərində dayanmaq doğru deyil. Hədəfi Azərbaycan olan kifayət qədər təşkilatlanmış dini birləşmələr, cərəyanlar var. Hər biri öz baxışlarını yaymaq istəyirlər. Hər birinin buradakı təmsilçiləri hətta bir-biriləri ilə də konfliktdədirlər. Bütun bunları götür-qoy edərkən vəziyyətin həqiqətən mürəkkəb olduğunu düşünürük.
Baxın, Azərbaycan dünyaya dini dözümlülük baxımından nümunədir. Ancaq ölkəmizdəki tolerant mühitdən sui-istifadələr var. O cümlədən söz və ifadə azadlığından da. Müxtəlif saytlar, sosial şəbəkə profilllərinin açıq təfriqəçilik, bölücülük yaratmağa çalışmaları həmişə müşahidə edilib və onlara qarşı həyata keçirilən tədbirlərin bəzi Qərb dairələri tərəfindən söz və ifadə azadlığına təhdid kimi dəyərləndirilməsi meyllərini görmüşük. Mürəkkəblik də məhz bundadır.
- Anti-Azərbaycan təbliğatının ölkəmizin ictimai rəyinə təsiri ilə bağlı hansı xarakterik məqamları qeyd edə bilərsiniz.
- Adlarını çəkdiyimiz saytların və eləcə də onlara yaxın sosial şəbəkə profillərinin təbliğ etdikləri reallıq Azərbaycanda hüquqi dövlət ənənələrini sarsıtmağa yönəlib. Çağırışlar hiddət doludur, anarxist yüklüdür. Amma buna qarşı cəmiyyətin mənfi reaksiyası formalaşıb. Eləcə də ölkəmizin aparıcı media orqanları kifayət qədər prinsipial və qətiyyətli mövqeləri ilə seçilirlər. Onlar ictimaiyyəti düzgün şəkildə yönləndirirlər. Bu isə son dərəcə vacibdir.
Mən burada bir məqamı da xüsusi vurğulaq istərdim. Təbii ki, Gəncə terroru cəmiyyətdə hiddət və qəzəb doğurur. İnsanlar bununla əlaqədar fikirlərini ifadə edirlər. Ancaq bəzi məsələlərdə diqqətli olmalıyıq. Kimlərsə, hakimiyyətə qarşı itaətsizlik fonunda vandallığı təbliğ edirsə, cəmiyyətin buna cavabı günahkarlara qarşı eyni xoşagəlməz hərəkətlərin tətbiqini stimullaşdırmamalıdır. Mən “Qurdlar vadisi” serialından götürülmüş kiçik video görüntünün montajına baxdım. Gəncədə polis zabitini qətlə yetirənlərdən birinin asılması səhnəsi təsvir edilirdi.
Biz hüquqi dövlətdə yaşayırıq. Cinayətin miqyasından asılı olmayaraq cəza tədbiri hüquqi mahiyyət daşımalıdır. Bizdə asmaq, doğramaq, kötəkləmək kimi cəza mexanizmləri yoxdur. Bizim etirazımız işgəncə elementləri ilə özünü göstərməməlidir. Səbrli olub, hüquqi prinsiplərdən kənara çıxmamalıyıq. Təbliğatımız da bu yöndə qurulmalıdır. Nəzərə alaq ki, bizə dünya baxır. Azərbaycanın media ictimaiyyəti olaraq bu sayaq meylləri də diqqətdə saxlamalıyıq.
- Sizcə, anti-Azərbaycan təbliğatına qarşı hansı tədbirlər görülməlidir?
- Hesab etmirəm ki, tədbirlər hansısa bir hadisəni nəzərdə tutaraq seçilməlidir. Məsələyə kompleks yanaşılmalıdır. Elektron media resurslarından danışırıqsa, Mətbuat Şurası olaraq biz dəfələrlə bildirmişik ki, bu tip media vasitələrinin statusu müəyyənləşdirilməlidir. Onların fəaliyyətə başlaması hüquqi mexanizmlərə əsaslanmalıdır. Doğrudur, bununla bağlı son illər müvafiq qanunvericiliyə müəyyən dəyişikliklər edilib. «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanuna, eləcə də «Telekommunikasiya haqqında» qanunlara dəyişiklikləri nəzərdə tuturam. Bunlar domen, hostinq qeydiyyatı sahəsində müəyyən tənzimləmələr yaradır.
Ümumən yeni texnologiyalar əsrində informasiya axınını saxlamaq mümkün deyil. Hansısa dövlət bunu edirsə, özünü təcrid vəziyyətinə salır. Buna görə də biz informasiyaya baxışımızı dəyişməliyik. Daha operativ, daha çevik fəaliyyət göstərməliyik.
Cəmiyyətə informasiya çatdırılması işində tərəflərdən biri jurnalistlərdirsə, informasiya daşıyıcısı kimi daha bir vacib tərəf dövlət qurumları, onların müvafiq strukturlarıdır.
Bir neçə gün ərzində baş verən proseslər onun göstərdi ki, cəmiyyətin maraq və mənafelərinin daha səmərəli şəkildə təmin edilməsi üçün ölkəmizin ictimai rəyə təsir göstərən media orqanları ilə dövlət qurumlarının əməkdaşlığının daha da gücləndirilməsinə ehtiyac var. Düşünürük ki, hər iki tərəf qarşıdakı fəaliyyətində bu amili rəhbər tutacaq, vəzifə səlahiyyətlərinin icrasındakı məsuliyyətini artıraraq yanlış düşüncə və fikirləri qarşısını zamanında alacaqdır.
Ümumən heç bir silahlı və media müstəvisindəki təxribat Azərbaycanı yolundan döndərə bilməz. Bunu ölkə Prezidenti cənab İlham Əliyev də vurğuladı. Hesab edirəm ki, dövlət başçısının bu əminliyi cəmiyyət üçün böyük mesajdır.