“Bizə qarşı müxtəlif xarici mərkəzlərdən idarə olunan media qaralama kampaniyası aparılır. Bunun da heç bir səmərəsi olmur”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Prezident İham Əliyev respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi iclasda deyib.
Prezident bildirib ki, özünü hüquq müdafiəçisi adlandıran bir neçə qeyri-hökumət təşkilatı Azərbaycana qarşı gecə-gündüz şər-böhtan kampaniyası aparır.
“Bunun da nə ölkə daxilində, nə də ki, xaricdə heç bir təsiri olmadı. Bizim xarici əlaqələrimiz genişlənir. NATO-nun bu günlərdə keçirilmiş Zirvə görüşü bizim nə qədər yüksək hörmətə malik olduğumuzu bir daha sübut etdi. Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir.
Yəni, bu cəhdlər əbəsdir. Bizim siyasətimizə, bizim iradəmizə şər qüvvələr heç cür təsir edə bilmir. Onların son addımları göstərir ki, terrordan başqa əllərində bir şey qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəlki illərdə keçməyib. Azərbaycan dövləti bu dəfə də öz gücünü göstərib və göstərəcəkdir. Bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar, məhkəmə qarşısında, ədalət qarşısında, xalq qarşısında cavab verəcəklər. Bunu təmin etmək üçün bizim kifayət qədər gücümüz, imkanlarımız var”.