14 İyul 2018 19:10
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev NATO çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan həqiqətlərini, xüsusilə torpaqlarımızın bir hissəsinin hələ də Ermənistanın işğalı altında olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırdı. NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Ermənistan üçün ciddi siqnaldır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Flora Qasımova bildirib.

Onun sözlərinə görə, Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyin etmə prinsipini daxil etmək cəhdi iflasa uğrayıb: “İstər Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində, istərsə də NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunur. Bu fakt bir daha Azərbaycanın Ermənistan üzərində növbəti qələbəsidir. Artıq Ermənistanın işğalçılıq siyasəti dünyada tam ifşa olunub və ermənilərin yalanlarına heç kim inanmır. Ermənistan dünyada ciddi bir dövlət kimi də qəbul olunmur. Brüsseldə Paşinyana olan soyuq münasibət bu faktı bir daha təsdiqlədi. O, Brüsselə səfəri zamanı ciddi cəhdlə Aİ-dən 70-80 milyon avro almağa çalışsa da, məqsədinə nail ola bilmədi. Avropa İttifaqı açıq şəkildə bəyan etdi ki, belə bir vəsait yoxdur və Paşinyana hələlik islahatların nəticəsinin gözləndiyi bildirildi”.

Deputatın fikrincə, Ermənistan hakimiyyəti anlamalıdır ki, onun gələcəyi işğalçılıq siyasətinə son qoyulmasından keçir: “Ermənistan torpaqlarımızı xoşluqla işğaldan azad etsə, o zaman hər hansı perspektivindən danışmaq olar”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər