“Azərbaycanın sürətli inkişafı, hərbi potensialını artırması, bölgədə nüfuzlu geostrateji mərkəzə çevrilməsi bəzi dövlətləri, ilk növbədə də qonşuluqdakı ölkələri narahat edir. Gəncə hadisələri əslində bu prosesin ilk işartısı idi və dövlətin özünümüdafiə qabiliyyəti suverenliyimizə təhdid ola biləcək təhlükəni aradan qaldırdı”.
Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin Gəncə hadisələrinə həsr olunmuş güc strukturlarının iştirakı ilə keçirdiyi müşavirəyə və səslənən fikirlərə münasibət bildirərkən deyib.
Politoloq hələlik heç bir ölkənin adını çəkmək istəmədiyini vurğulayıb. Lakin Azərbaycanın inkişafından narahat olan əsas ölkənin işğalçı Ermənistan olduğunu da əlavə edib.
“Ermənistanın ABŞ-dan tutmuş Rusiya və İrana qədər uzanan erməni lobbisi var. Bu lobbi başqa lobbilərlə birləşib təxribatlar törədə bilir. Son dövrlər sosial şəbəkələrdə Ermənistanın Azərbaycana qarşı təxribatları davam edir. Bununla yanaşı, Azərbaycanın inkişafını qəbul etməyən başqa ölkələr də var. Gəncə hadisələri göstərdi ki, Azərbaycanda dini fundamental dəyərlərə söykənən baxışlardan təsiredici qüvvə kimi istifadə etməyə çalışan güclər də mövcuddur. Bu məsələdə təkcə dini təmayüllü qrupları vurğulamaq istəməzdim. Xüsusilə bu hadisələrin TANAP layihəsinin açılışından sonra baş verməsi ortada daha ciddi təhdidlərin olduğunu deməyə əsas verir”, - deyə politoloq qeyd edib.
Q. Hüseynli əlavə edib ki, Azərbaycan dövləti bu cür təhdidlərə vaxtında cavab verə bildiyini göstərdi.
“Mən başqa təxribatların ola biləcəyini istisna etmirəm. Lakin Gəncə hadisələrində dövlətin güc strukturlarının milli təhlükəsizliyi qoruma instinkti sübut edir ki, heç bir qüvvə Azərbaycan dövlətinin inkişafının qarşısını ala bilməz”, - deyə o vurğulayıb.