Payızda keçiriləcək növbədənkənar parlament seçkilərində qalib gəlmək istəyən Ermənistanın Baş naziri Nikol Paşinyan müxtəlif gedişlər edir. Bu, özünü Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə və NATO sammitində göstərdi.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Politoloq bildirib ki, Paşinyan nəyin bahasına olursa-olsun, seçkilərdə qalib gəlmək istəyir:
“Bu məqsədlə də bir müddət əvvəl o, anti-Rusiyayönümlü bəyanatlar səsləndirdi. Rusiyanın Ermənistandakı hərbi bazalarının vergiyə cəlb edilməsi və rus qoşunlarının sərhədlərdən çəkilməsi ilə əlaqədar açıqlamalar verdi. Digər yandan da, Serj Sərkisyanın ətrafında səs-küylü həbslər həyata keçirir. Paralel olaraq da, Ermənistanda Qərbyönümlü QHT-lərin sayı artmağa başlayıb. Bunlar Rusiyanın xoşuna gəlməyə bilər”.
Politoloq bildirib ki, Rusiya Paşinyanın bu gedişlərini sakit izləməyəcək: “Rusiya Cənubi Qafqaza nəzarətini saxlamağa çalışacaq. Burada əsas məsələ yenə də, Dağlıq Qarabağ münaqişəsi olacaq. Ermənistan da başa düşür ki, Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra Rusiya ona lazım olmayacaq. Çünki Azərbaycan və Ermənistan arasında sərhədlərin açılmamasının və Ermənistanın regionda həyata keçirilən beynəlxalq layihələrdən kənarda qalmasının əsas səbəbi də Qarabağ məsələsidir. Buna görə də Paşinyan Rusiya ilə təmasları saxlamaqla yanaşı, Qərbə doğru da meyillənir”.
Arzu Nağıyevin sözlərinə görə, Ermənistan baş nazirinin son gedişləri Rusiyaya böyük problemlər yarada bilər: “Buna görə də Rusiyanın nüfuzlu ictimai-siyasi xadimləri və diplomatları bu istiqamətdə açıqlamalar verirlər. Aleksandr Duqin və digər rusiyalı siyasətçilərin Cocuq Mərcanlıdan Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu vurğulamalarını da unutmaq olmaz.
Hesab edirəm ki, bu baxımdan, Rusiya Ermənistana qarşı müəyyən addımlar atacaq. Nəzərə almaq lazımdır ki, Ermənistanın siyasi, hərbi və iqtisadi cəhətdən Rusiyadan asılılığı 99 faizdir. Qənaətimə görə, Rusiya bundan istifadə edərək, seçkilərə qədər Ermənistandakı nüfuzunu bərpa edəcək. Paşinyan qalib gələcyi halda da, ona təsir edərək bu nüfuzunu saxlayacaq”.