18 İyul 2018 17:33
1 998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan və keçmiş prezident Levon Ter-Petrosyan arasında baş tutan görüşün detalları məxfi saxlanılsa da, məlum olan budur ki, görüş Ter-Petrosyanın təşəbbüsü ilə keçirilib. Paşinyan və Ter Petrosyanı birləşdirən ən mühüm xüsusiyyət isə qərbyönümlü siyasətçi olmalarıdır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Politoloq Petrosyanın Paşinyanı hakimiyyətə gəlməsi üçün Qərbin yaxın əlaqədə olduğu dairələrə, diaspor və müəyyən güc mərkəzlərinə onu tövsiyə etdiyinə inandığını bildirib:

“Yəqin ki, jurnalist Paşinyanın baş nazir olmasında Ter Petrosyanın rolu az olmayıb. Təsadüfi deyil ki, Paşinyanın küçə aksiyalarına Ter-Petrosyanın Erməni Milli Konqresinin Gənclər Hərəkatı da qoşulmuşdu. Çünki Ter-Petrosyan Qərbin və erməni diasporunun Ermənistanda ən inanılmış adamıdır. Yəqin ki, çevriliş yolu ilə hakimiyyətə gətiriləcək namizəd kimi Paşinyanın seçilməsi də, dediyimiz kimi Ter-Petrosyanın tövsiyəsi əsasında baş tutub.

Paşinyan hakimiyyətə gəldikdən bir neçə gün sonra Ter-Petrosyan erməni mətbuatında yeni baş nazirə tövsiyə xarakterli açıq məktublar, tövsiyələr yaymağa başladı. Keçmiş prezidentin bunu publik şəkildə etməkdə məqsədi həm Paşinyana ictimai şəkildə dəstəyini, həm də özünün onun qeyri-rəsmi, ştatdankənar baş müşaviri olduğunu göstərmək idi. Bu, eyni zamanda, növbədənkənar parlament seçkilərində Erməni Milli Konqresinin səs çoxluğuyla parlamentə daxil olmasına xidmət edir”.

Nəzakət Məmmədova görüşdə müzakirə edilmiş Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinə də toxunub:

“Paşinyanın hakimiyyətə gəldiyi may ayında Ter-Petrosyan ATƏT-in Rusiyadan olan həmsədri Kazimirovla görüşmüşdü və Qarabağ məsələsini müzakirə etmişdi. İndi də Paşinyan və Ter-Petrosyan Qarabağ məsələsini və qarşıda duran digər çağırışları müzakirə ediblər.

Gürünür ki, Brüssel görüşlərindən sonra diplomatik uğursuzluqla qarşılaşan Paşinyan artıq qələbə eyforiyasından ayılıb və Ter-Petrosyanın tövsiyələrinə daha çox ehtiyac duyur. Həmçinin, Ter-Petrosyan erməni siyasətinin duayeni, “boz kardinalı” rolunda olduğunu sübut etmək istəyir. Hər bir halda Petrosyanın daha praqmatik, konstruktiv və realist mövqedə dayanan siyasətçi olduğunu nəzərə alsaq, ümid etmək olar ki, onun tövsiyələri Paşinyanı da Dağlıq Qarabağ münaqişəsində konstruktiv mövqe tutmağa təhrik edəcək”.

N.Məmmədova bildirib ki, Paşinyan indiyədək daxili problemlərlə məşğul olmağa daha çox önəm verirdi və buna görə danışıqlarda vaxt qazanmaq üçün müxtəlif yollara əl atırdı: “O cümlədən, Qarabağın erməni icmasının tərəf kimi tanıdılması təklifini irəli sürmüşdü. Lakin Brüssel sammitindən sonra görünür ki, o, ciddi şəkildə təlimatlandırılıb və sülhü pozacaq addımlar atmaqdan çəkindirilib. Artıq Paşinyan başa düşür ki, Qarabağla bağlı real işə keçmək zamanıdır. Belə bir dövrdə Ter-Petrosyan kimi təcrübəli siyasətçinin tövsiyələrinə ehtiyacı var o, bunu artıq gizlətmir”.


Müəllif: Mənsur Rəğbətoğlu