ABŞ Prezidenti Donald Trampın İranla bağlı yürütdüyü sərt siyasət yavaş-yavaş öz bəhrəsini verməyə başlayır.
Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin dekanı, politoloq Ramiyə Məmmədova deyib.
O qeyd edib ki, bu günlərdə Yaponiyanın ən böyük banklarından olan Mitsubishi UFJ Maliyyə Qrupu və Mizuho Maliyyə Qrupu İranla əməkdaşlığı dayandırıblar:
“Onlar ABŞ-a dəstək məqsədilə İranla maliyyə əməliyyatlarını dayandırmağa qərar veriblər. Beləliklə, İranın dünya bazarında maliyyə məsələsinə yeni zərbə vuruldu. Ümumiyyətlə, son vaxtlar İran ətrafında “qara buludlar” sıxlaşmağa və iqtisadiyyatı zəifləməyə doğru gedir. Qeyri-rəsmi olaraq 1 dollar İranda artıq 10 AZN-ə bərabərdir. İran illərdir sanksiyalara məruz qalmasına baxmayaraq, çox güclü iqtisadiyyata malik olub və heç zaman iqtisadi inkişaf baxımdan büdrəməyən bir dövlətdir".
İranın əvvəllər də bu cür ağır sanksiyalar tətbiq olunmuş ölkə olduğunu vurğulayan R.Məmmədova bununla belə Tehranın sanksiyalara qarşı immuniteti olduğunu qeyd edib:
"Düzdür, ölkə texnoloji və rifah baxımından geri qalır, sürətlə dəyişən dünyadan təcrid olunur. Amma, xalqın yaşayış tərzi onlarla ölkədən qat-qat yaxşıdır. Çünki İran qeyd etdiyimiz kimi sanksiyalara qarşı immunitet qazanıb. Yəni, daxildə özünəməxsus iqtisadi çarx qura bilib. Xalqın güzəranını kafi səviyyədə saxlaya bilir. Bu da ABŞ-ın hədəflədiyi xalq ayaqlanmasının qarşısını alır".
Qeyd edək ki, Yaponiyanın yuxarıda adları qeyd olunan iki ən böyük bankı İranla əməkdaşlığı dayandırmalarının səbəbini ABŞ-ın İrana tətbiqinə başladığı yeni sanksiyalarla əlaqələndiriblər. Mitsubishi UFJ Maliyyə Qrupu öz müştərilərinə bildirib ki, ABŞ-ın İran neftinə qarşı sanksiyaları noyabrın 4-dən başlanacaq və həmin müddətdə hazırkı vəziyyət və şəraitdə hər hansı bir dəyişiklik baş verərsə, öz müştərilərinə bu barədə məlumat verəcək.
Onu da bildirək ki, Yaponiya İranın xam neftinin əsas alıcılarından biridir. Tokionun İrandan idxal etdiyi neftlə bağlı bank və maliyyə əməliyyatlarının böyük bir qismini Mitsubishi UFJ Maliyyə Qrupu həyata keçirir.