21 İyul 2018 09:01
1 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın keçmiş prezidenti Məhəmməd Xatəminin başçılıq etdiyi islahatçılar qanadı istədikləri nəticəni ala bilmirlər. Düzdür, o, Prezident Həsən Ruhaninin başçılıq etdiyi “mülayim xətt”in təmsilçisidir, amma baş verənlər onu göstərir ki, Məhəmməd Xatəminin hakimiyyəti dönəmində başlayan islahatlar uğurlu alınmır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.

Politoloq qeyd edib ki, islahatların uğursuz olmasının əsas səbəblərindən biri daxili və xarici siyasətdə köhnə metodların tətbiq edilməsi və bu istiqamətdə islahatların aparılmamasıdır:

“Söhbət yürüdülən daxili və xarici siyasətin müasir dünyanın şərtlərinə uyğunlaşdırılmasından, yaxud bu istiqamətdə islahatların aparılmasından gedir. Məsələn, İran BMT-yə şikayət edir ki, ABŞ 1955-ci ildə imzalanmış “Dostluq” müqaviləsinin şərtlərinə əməl etmir. Həmin müqavilədə İran və ABŞ arasında iqtisadi, siyasi və hərbi münasibətlərin qorunması məsələləri yer alır. İran iddia edir ki, ABŞ iqtisadi məsələlərdə həmin müqaviləni pozur. Halbuki İran 40 ilə yaxındır ki, Amerikaya ölüm şüarını səsləndirir. İndi İranda hakimiyyətdə Həsən Ruhani, yaxud kimin olmasından asılı olmayaraq, bu təzadlı siyasi xətlə ölkəni böhrandan çıxarmaq mümkün deyil.

İndi də ölkə daxilində baş verənlərə görə, günahı üstünə yıxmağa adam axtarırlar. Bir müddət əvvəl iqtisadi problemlərə görə Mahmud Əhmədinejadı ittiham etdilər, onun həbs ediləcəyini deyirdilər. İndi də, Həsən Ruhanini günahkar çıxarmağa cəhd edirlər. Əslində İranda köklü məsələlərə Həsən Ruhani yox, ölkənin ali dini rəhbəri və onun nəzarəti altındakı qurumlar cavabdehlik daşıyır. Həsən Ruhani hökumət başçısıdır, dövlət başçısı deyil. Həsən Ruhaninin də qəbul etdiyi qərarlar dini rəhbərin nəzarətindəki qurumlar tərəfindən ləğv edilə, yaxud təsdiqlənə bilər”.

İran daxilindəki böhranın səbəbkarının Həsən Ruhani olmadığını deyən Sədrəddin Soltan qeyd edib ki, Məhəmməd Xatəmi də dolayı yolla İrandakı sistemə münasibət bildirib:
“Yəni, İran islahatlara getməyə məcburdur və bu islahatlar aprılmasa ciddi dəyişikliklər baş verə bilər. Bu dəyişikliklər də, inqilaba bərabərdir. Son 40 ildə İranda heç bir sahədə islahatlar aparılmayıb. İndi də bu, rejimi çətin vəziyyətdə qoyub. Xatəmidən əvvəl oxşar fikri Əli Xameneyinin müşaviri Rəhim Səfəvi də səsləndirmişdi. O bildirmişdi ki, Qərblə İranın nüvə proqramının müzakirəsinə Həsən Ruhani hakimiyyəti başlayıb. Eyni zamanda, iqtisadi problemlərə görə Ruhani hökumətini ittiham etmişdi.

Yəni, vəziyyətin çətinliyini nəzərə alsaq, onlar buna görə günahkar axtarırlar. Əlbəttə, günahkar ilk növbədə hökumət sayılır. Xatəmi də ölkənin dini rəhbəri barədə kəskin fikir söyləyə bilmir, buna görə də icra strukturunu tənqid edir. Yəni, İranda baş verənlərin səbəbkarı Həsən Ruhani yox, siyasi kursdur. Bu kursu tənqid etmək də, İranda dəyişikliklərə səbəb ola bilər”.

Qeyd edək ki, Məhəmməd Xatəmi İran daxilindəki iqtisadi böhrana görə Həsən Ruhanini ittiham edib və bunun ölkədə ciddi dəyişikliklərə səbəb olacağını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər