Birinci vitse-prezident Mehriban Əliyeva MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edərkən bir sıra mühüm məsələlərə toxundu. Hazırkı mərhələdə bu məsələlərin hər biri milli təhlükəsizliyimiz və cinayətkarlığa qarşı mübarizə baxımından mühüm aktuallıq kəsb edir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, birinci vitse-prezident qeyd edib ki , hər şeydən öncə MDB Daxili İşlər Nazirləri Şurası cinayətkarlıqla səmərəli mübarizə və təhlükəsizliyin təmin edilməsi üçün gözəl platformadır:
“Doğrudan da məskun olduğumuz geostrateji rayonda qonşu regionlarla müqayisədə mühüm sabitlik fərqi var. Ancaq bu o demək deyil ki, bu sabitlik öz-özünə bərqərar olub. Şübhəsiz ki, cinayətkarlığın və təhlükəsizliyin təmin olunması üçün mühüm tərəfdaşlıq platforması olan MDB məkanı və onun hüquq-mühafizə orqanlarının koordinasiyalı fəaliyyəti mümkün qeyri-sabitliyə qarşı effektiv mübarizə vasitəsi olub və bunun gələcəkdə də qorunub saxlanılması MDB iştirakçıları olan dövlətlərin hamısının milli naraqlarına uyğundur. Məhz bu məqamlara diqqət çəkən Mehriban Əliyeva xüsusi olaraq vurğuladı ki, sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir və Azərbaycan regionun təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir”.
H.Babaoğlu qeyd edib ki, M.Əliyeva Qarabağ probleminin həlli məsələlərinə də toxunaraq bir daha beynəlxalq hüququn da, tarixi reallığın da, ədalətin də Azərbaycanın tərəfində olduğunu bildirərək bu problemin həll edilməsinin vacibliyini bildirdi:
“Hər kəsə bəllidir ki, bu gün Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarında cinayətkarlıq, terror fəaliyyəti, narkobiznes üçün xüsusi mühit yaradılıb. Bu da nəticə etibarilə MDB iştirakçıları olan ölkələrin ərazilərində qeyri-sabitlik üçün mənbə rolunu oynayır. Ona görə də bu ərazilərin öz həqiqi sahibinə – Azərbaycana qaytarılması bütün MDB iştirakçılarının marağında olmalıdır. Bütövlükdə bu görüşdə Azərbaycanın MDB məkanında öncül mövqeyinə diqqət çəkilərək bu məkanın təhlükəsizliyinə ölkəmizin böyük töhfələr verdiyi bildirildi”.