Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan Baş nazir Novruz Məmmədov Azərbaycan və Türkiyə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayıb. Baş nazir bildirib ki, dost və qardaş ölkələr olan Azərbaycan ilə Türkiyə arasında çox möhkəm və sıx əməkdaşlıq əlaqələri mövcuddur: "Bölgədə sabitlik, təhlükəsizlik və inkişaf üçün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri mühüm əhəmiyyət daşıyır".
Yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynadığını vurğulayan Azərbaycanın Baş naziri bu yaxınlarda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etdiyini diqqətə çatdırıb. Türkiyə dövlətinin başçısının prezident seçkilərindən sonra ilk rəsmi səfərini Azərbaycana etməsinin ölkələrimizin dostluq və qardaşlıq münasibətlərinin göstəricisi olduğunu deyən Baş nazir bunun xalqlarımız arasında formalaşan çox gözəl ənənə olduğunu diqqətə çatdırıb: "Dövlətlərimizin başçıları hər seçkidən sonra ilk səfərlərini qarşılıqlı olaraq dost ölkələrə etməklə bu ənənəni bütün dünyaya nümayiş etdirirlər. Qardaş Türkiyədə seçkilərdən sonra inkişafın yeni mərhələsi başlayır. Türkiyə hər zaman qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləyib və bundan sonra da irəliləyəcək. Qardaş Türkiyənin uğurları bizim uğurlarımızdır. Bu nailiyyətlər bizi sevindirir”.
Baş nazir Azərbaycanın və Türkiyənin birgə təşəbbüsü ilə həyata keçirilən qlobal layihələrdən danışaraq bildirib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi layihələrin reallaşması ölkələrimiz arasındakı sarsılmaz qardaşlıq münasibətlərini təcəssüm etdirir: "Bu layihələr təkcə bizim ölkələrin deyil, region xalqlarının rifahının artmasına, beynəlxalq əməkdaşlığın güclənməsinə töhfələr verir".
Ölkələrimizin bütün beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq etdiyini bildirən Baş nazir Novruz Məmmədov qeyd edib ki, Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində də daim Azərbaycanın yanındadır və ölkəmizə böyük dəstək göstərir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Novruz Məmmədovu Baş nazir təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Yeni təyinatdan sonra ilk xarici səfərini Azərbaycana həyata keçirən Mövlud Çavuşoğlu ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayaraq deyib ki, xalqlarımızın və dövlətlərimizin başçılarının sıx dostluq və qardaşlıq əlaqələri münasibətlərimizin daha da möhkəmlənməsində mühüm rol oynayır: "Bu münasibətlərin bariz nümunəsinin Türkiyə və Azərbaycan prezidentlərinin bu yaxınlarda Brüsseldə keçirilən NATO Zirvə görüşündə bir daha şahidi olduq".
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.