Teleqraf.com Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə ilə müsahibəni təqdim edir:
- Araz müəllim, iranşünas olaraq ABŞ-İran münasibətlərinin indiki dövrünü necə xarakterizə edirsiniz?
- ABŞ istəyir ki, dünyanı iqtisadi cəhətdən diz çökdürsün. “Altılığ”ın İranın nüvə proqramına dair müqaviləsindən sonra Avropa ölkələri İrana axışdı. Bu, Avropanın iqtisadiyyatının güclənməsi baxımından vacib idi. Lakin ABŞ Prezidenti Tramp beynəlxalq hüququ pozaraq 5+1 sazişindən çıxdı.
Uzun illər gedən danışıqlar nəticəsində əldə edilən razılaşmanı, diplomatların zəhmətini yerə vurdu. Bununla da Tramp həm Avropa şirkətlərinə qarşı sanksiya tətbiq etmək, həm də İranı zəiflətmək imkanı əldə etdi. Fikrimcə, Trampın bu siyasəti əslində onun kürəkəni Kuşnerdən gəlir. Kuşner İsrailin lobbiçiliyini həyata keçirir.
Əslində Tramp tərəfindən Qüdsün İsrailin paytaxtı kimi tanınması və səfirliyin ora köçürülməsi onun kürəkəni və qızının arzusu idi. Nəticədə nə qədər insanın həlak oldu. Bu isə Trampın vecinə də deyil.
İranla olan münasibətlər də bunun tərkib hissəsidir. Məşhur bir əsərdə quzu deyir ki, mənim günahım nədir? Qurd da deyir ki, sən mən su içəndə suyu bulandırdın. Quzu bildirir ki, axı sən suyun axarında, mənsə aşağısındayam, suyu necə bulandıra bilərəm, mənim günahım nədir? Qurd da deyir ki, sənin günahın mənim səni yemək istəyimdədir.
Burada da Tramp çalışır ki, bütün ölkələrə ABŞ iqtisadiyyatını sırasın və ABŞ iqtisadi baxımdan ən güclü olsun. Təsəvvür edin ki, rus qazı Avropaya 160-170 dollara satılır. Tramp isə deyir ki, mən sizi Rusiyadan müdafiə edirəm, sanki ruslar Avropaya hücum edib, ancaq bunun qarşılığında siz mənim qazımı 275 dollardan almalısınız. Kim almırsa, deməli mənim müttəfiqim deyil.
Nəhayət, ABŞ deyir ki, mən İranla təkbətək müqavilə bağlamaq istəyirəm. İran isə Tramın bu istəyini rədd edir. Tramp çalışır ki, İran zəifləsin və son nəticədə İsrailin təcavüzü qarşısında dura, Fələstinə dəstək ola bilməsin. Ancaq hər şeyin başında hegemonluq durur. İndiyə qədər faktla İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin qanunlarını pozduğunu ortaya qoya bilmirlər. ABŞ isə deyir ki, İran qanunları pozur. Yəni mən belə istəyirəmsə, deməli İran qanunları pozub.
- ABŞ-İran münasibətləri perspektivdə hansı istiqamət üzrə davam edəcək?
- ABŞ İranı məcbur etmək istəyir ki, Tehran onunla müqavilə bağlasın. İran buna getməyəcək. Bu halda Tramp İranla əlaqəsi olan Avropa şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək.
- İranın ABŞ-a müqavimət göstərmək imkanları nə qədərdir?
- 1979-cu ildən İran müqavimət göstərir. İran son 2-3 ildə bir qədər azad nəfəs alırdı, amma buna imkan vermədilər. İkincisi, əgər rəhbərlik ölkə haqqında düşünürsə, bu zaman sanksiyaların ölkəyə xeyri olur. Məsələn, İran ona sanksiyalar tətbiq edilənə qədər kartof və soğanı İsraildən alırdı.
Sanksiyalar tətbiq edildi və İran anladı ki, kənd təsərrüfatını inkişaf etdirməlidir. Çünki İranda şahın inqilabı dövründə kənd əhalisi şəhərlərə axışmışdı və əsasən sənaye inkişaf edirdi. Kənd təsərrüfatı isə pis vəziyyətdə idi. Bu səbəbdən də İran kənd təsərrüfatı sahəsində ehtiyaclarını ödəmək üçün Hindistan, Pakistan, İsraildən kənd təsərrüfatı məhsulu alırdı. Sanksiyalardan sonra İranda kənd təsərrüfatı sahəsi inkişaf etdi.
Baxın, niyə SSRİ və ABŞ İraqı İranla müharibəyə girməsi üçün şirnikləndirirdi? Çünki İranın silahları ABŞ silahları idi, xüsusilə hərbi hava qüvvələri. ABŞ İrana ehtiyat hissələri və yeni silahlar satmırdı. Düşünürdülər ki, İran ordusu bərbad durumdadır. Sanksiyalar tətbiq olundu, müharibəyə başladı. İran da dərhal hərbi sənayesini inkişaf etdirdi və qara bazardan silah almağa başladı. Silahın qara bazarı isə rəsmi bazardan daha güclüdür. İran silah aldı, insanların vətənpərvərliyi nəticəsində dünyada rəsmən III hesab olunan İraq ordusuna qalib gəldi.
Məsələn, Rusiyanın kənd təsərrüfatı sahəsi pis durumda idi, hətta buğdanı xaricdən alırdılar. Ruslara qarşı ABŞ sanksiyalar tətbiq etdi. Ruslar da dərhal kənd təsərrüfatı sahəsini inkişaf etdirməyə başladı. İndi Rusiya dünyada ən çox taxıl satan dövlətlərdən biridir. Hətta Polşa və Macarıstandan aldığı alma əvəzinə özü alma istehsalını genişləndirdi. Bir sözlə, ABŞ sanksiyalarının nəticəsində Rusiya bir qədər də inkişaf etdi. Amma sanksiyalar uzun müddət davam edərsə, sözsüz ki, Rusiya iqtisadiyyatına zərbə vuracaq. 1956-cı ildən Kubaya qarşı sanksiya tətbiq olunur. Kuba bunun nəticəsində məhv oldu? 80-cı illərdə SSRİ-də Kubanı satdı, amma bu ölkə məhv olmadı. Əgər belə dövlət məğrurdusa, heç bir halda məğlub olmur.
- İran-ABŞ arasında hərbi qarşıdurma mümkündürmü?
- Yox, belə bir qarşıdurma gözləmirəm. Hesab edirəm ki, İranla müharibəyə girən ölkə məğlub olacaq.
- Niyə?
- İranın ordusu ideoloji ordudur. İdeoloji orduya qeyri- ideoloji ordu qalib gələ bilmir.
- Tehran noyabrda Hörmüz boğazını bağlaya bilərmi?
- Bunu mümkün variant hesab edirəm. ABŞ müəyyən addımlara başlasa, İranın cavab vermək imkanları var. Yada salaq ki, Tramp Şimali Koreyaya “xox” gəldi, ora bir neçə gəmi, hərbi güc göndərdi. Bəyəm Şimali Koreyaya qalib gələ bildilərmi? Yox. Çünki Şimali Koreya ideoloji dövlətdir.
- Ancaq razılığa gəldilər...
- İnanın ki, bu razılaşma hələ uzun çəkəcək. Kimsə deyir ki, Pxenyan nüvə silahından imtina edəcək, kimsə deyir ki, artıq məğlub olublar. Mən isə deyirəm ki, Şimali Koreyanı hərif saymayın.
- İddia edirsiniz ki, bu mübarizədə İran daha da güclənəcək?
- Yox. İran güclənməyəcək, amma məğlub da olmayacaq.
- Bu mübarizə çərçivəsində İran daxilində sabitliyin pozulması, müxalifət qüvvələrin meydana çıxması kimi proseslər gözləyirsinizmi?
- Tələnin ağzını açıb içinə yağlı tikə qoyurlar. Siçanlar da ora girirlər. Sonra tələni bağlayır və siçanları məhv edirlər. Bir müddət əvvəl İranda iğtişaşlar oldu. Hökumət prosesə dərhal müdaxilə etmədi, imkan verdi ki, bu qüvvələr qan töksünlər, zorakılığa əl atsınlar. Sonradan hökumətin əlində belə şəxsləri bir-bir məhv etmək üçün əsas oldu. Yəni daxildə xaricə satılan qüvvələri üzə çıxardı və zərərsizləşdirdi.
- Demək istəyirsiniz ki, İranda belə qüvvələr daha ola bilməz?
- Ola bilər. Ancaq məsələ ondadır ki, İranda mollakratiya hakimiyyəti əldən verməyəcək. ABŞ yalnız ona nail ola bilər ki, Həsən Ruhanidən sonra hakimiyyətə yenidən Əhmədinejat gəlsin. Yəni radikallar hakimiyyəti götürsün. Bu, ABŞ-a sərf edir. İranda hakimiyyət nə qədər radikallaşsa, bir o qədər sivil dövlətlər İrandan uzaqlaşmaq istəyəcək. Mən düşünürəm ki, İran xalqı müdrikdir və bu oyuna getməyəcək.