31 İyul 2018 10:06
8 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir:

- Zərdüşt bəy, son dövrlər Ermənistanın Baş naziri Nikol Paşinyanın addımlarını, xüsusilə Rober Köçəryanın və erməni generallarının həbsini necə qiymətləndirirsiniz?
- Ermənistan cinayətkar, oğru və rüşvətxor Qarabağ mafiyasından, səhra komandirlərinin təsirindən və yalançı müharibə qəhrəmanlarının diktəsindən xilas olmalıdır. Paşinyan da bunun üçün addımlar atır. İlkin müşahidələrə görə, Paşinyan Ermənistanda qanunların aliliyini təmin etmək istəyir.

Bu səbəbdən də ilkin addım kimi erməni xalqının bildiyi zorakılıq hadisələrində günahı olan Robert Köçəryan, ardınca Samvel Xaçaturyan, Samvel Babayan və digərləri həbs edilib. Hazırda bu mexanizm işləyir, istintaq gedir, məhkəmələr qərar çıxarır. Bu prosedura zamanı heç kimə işgəncə verilmir, məhkəmələr açıq keçirilir, vəkillər prosesdə iştirak edir. İmkan daxilində cəmiyyətə də istintaq barədə məlumat verirlər. Nikol əvvəlcədən deyib ki, mən heç kəsdən qisas almayacağam. Sadəcə, kim günahkardır cəzalanacaq, kim məsumdur, azadlıqda qalacaq. İndi Ermənistanda bu, baş verir. Rusiya imkan versə, hüququ dövlət qurmağa çalışacaqlar.

- Robert Köçəryan, Samvel Babayan və digərlərinin həbsi Ermənistan üçün hansı nəticələr yaradacaq?
- Bu həbslər ölkədə böyük razılıq və minnətdarlıq hissi doğuracaq. Hamı bilir ki, onlar oğrudur. Hamının tanıdığı oğrular həbs edilsə, cəmiyyətdə hansı hiss yaranar? Təbii ki, minnətdarlıq hissi.

- Amma bu oğrular eyni zamanda özlərini Qarabağ müharibəsinin qəhrəmanları hesab edirlər...
- Bəli. Bu, xəstəlikdir. Erməni cəmiyyəti bu xəstəlikdən müalicə alıb sağalmalıdır. Erməni xalqı anlamalıdır ki, müharibədə qələbə o demək deyil ki, sən başqa dövlətin torpağını tutmusan, əhalisini qovmusan və özün də çönüb olmusan böyük bir dövlətin aləti, qulu. Onlar bunu anlamalıdır. Bilməlidir ki, qələbə odur ki, bütün qonşularla mehriban, xoş münasibətdə olasan, iqtisadi, siyasi əlaqələr quraraq bundan faydalanırsan. Üstəlik təhlükəsizlik də buna bağlıdır. Daha təhlükəsizlik bütün dünyanın nifrət etdiyi dövlətin regiondakı alətinə çevrilmək deyil. Məncə, bütövlükdə ermənilər bu reallığı anlamalıdır.

- Ermənistanda tutulan, həbs olunan, axtarışa verilən şəxslər bu və ya digər şəkildə Rusiyaya yaxın şəxslərdir. Ermənistandakı həbslər Rusiyanın razılığı əsasında baş verir ?
- Yox. Bu, Rusiyanın razılığı ilə aparılmır. Rusiya istəyir ki, ondan asılı ölkələrdə insan hüquqları tapdalansın, diktatura olsun ki, bu adamlar Kremldən tam asılı vəziyyətə düşsün. Ancaq Nikol Paşinyan hakimiyyətə erməni xalqının iradəsi ilə gəlib.

Hələlik Nikolu devirmək üçün Rusiyanın əlinə fürsət düşməyib. Düzdür, bir dəfə rus əsgərləri Panik kəndində atəş açdılar və göstərdilər ki, “biz də varıq”. Amma hələlik real olaraq Paşinyanı devirmək üçün əllərinə girəvə düşməyib. Daha doğrusu, Paşinyan ruslara bu imkanı vermir. Elan edir ki, Ermənistan Kollektiv Müqaviləsi Təşkilatının üzvlüyünə sadiqdir, Ermənistanda Rusiya hərbi bazasının qalmasını istəyir və s. Yəni qılıncını sıyırıb ortaya düşməyib ki, dünyanın ən qabaqcıl anti-rus ölkəsi biz olacağıq. Fikrimcə, Paşinyan ağıllı addımlar atır, əvvəlcə istəyir ki, Ermənistan daxilində xalqın düşmənlərini zərərləşdirsin, sonra seçki keçirsin və nəhayət, növbəsi gələndə Rusiya məsələsi həll olunsun. Amma rus hərbi bazası, rus biznesi, rus sərhədçiləri və digər ağır problemi Azərbaycan və Türkiyə ilə münasibətləri düzəltmədən həll edə bilməz. Paşinyan bu problemi bizimlə birlikdə həll etməlidir.

- Siz ehtimal edirsiniz ki, Kremlin əlinə imkan düşən kimi Paşinyanı devirməyə cəhd edəcək?
- Bəli, bunun üçün çalışacaq. Fikrimcə, bunun üçün erməni ordusundan, Qarabağ mafiyasından, münaqişədən, oradakı cinayətkar ünsürlərdən, Daşnaksütun partiyasından istifadə etməyə çalışacaq. Hələlik Paşinyan onlara belə bir bəhanə vermir.

- Qarabağdakı erməni mafiyası 20 ildən çoxdur ki, Ermənistanda dövlət hakimiyyətini ələ keçirərək dövlətin bütün strukturlarına sirayət edib. Paşinyan bu strukturları Qarabağ ermənilərindən təmizləyə biləcəkmi?
- Proses başlayıb. Baxaq görək necə gedəcək. İlk olaraq proses şah damardan başlanılıb. Artıq Köçəryan həbs edilib. Yəni Qarabağın ilk qondarma, Ermənistanın ilk saxta prezidentindən başlayıb. Sonra keçəcəklər ikincisinə. Beləcə prosesi aparacaqlar. Məncə, Paşinyan bu addımları çox tədbirli və ehtiyatla atır, erməni əhali də onu tam dəstəkləyir.

- Qarabağdakı ermənilər də bundan narazı qalır?
- Yox, Qarabağ erməniləri klan və mafiyadan narazıdır. Paşinyanın qələbəsindən sonra Qarabağda ermənilər ayağa qalxdı və bir neçə quduran generalların istefasına nail oldular. Yəni onlar da Paşinyanın yanındadır və qəsbkar generalları istəmirlər.

- Sərksiyanın həbs ehtimalı nə qədərdir?
- Bu gedişlə çox realdır. Vaxtı gələndə ona da növbə çatacaq.

- Paşinyan ötən gün “Əl-Cəzirə” kanalına müsahibəsində ön şərt irəli sürmədən Türkiyə ilə diplomatik əlaqələr qurmağa hazır olduğunu elan etdi. Bu addımı səmimi hesab etmək olarmı?
- Xatırlayırsınızsa, Paşinyandan əvvəl bu mövqedə Levon Ter Petrosyan olub. Mən Paşinyanın bu bəyanatını müsbət qiymətləndirirəm.

- Zamanında Ter Petrosyanın etmək istədiklərini indi Nikol Paşniyan edir. Sizcə, Paşinyanın bu siyasi addımlarına Petrosiyanın təsiri nə qədərdir?
- Levon vaxtı ilə bir yol göstərmişdi. Amma onun özünün qətiyyəti, cəsarəti çatmadı. Çünki Levon da erməni xəstəliyinin əsirliyində idi. Deyirdi ki, əgər biz qəti siyasi mübarizəyə qalxsaq, necə ki 90-cı illərin əvvəllərində Azərbaycan məğlub olaraq Qarabağı itirdi, biz də itirə bilərik. Yəni o da qondarma, yalançı Qarabağ seçiminin əsiri idi. Paşinyan isə daha qətiyyətli, uzaqgörəndir. Gördü ki, Ermənistanın dövlət və cəmiyyət kimi sağlamlaşdırılması üçün bu yolla getmək lazımdır. Təbii, Paşinyan heç vaxt deməyəcək ki, Qarabağ məsələsində biz geri çəkilirik, təslim olacağıq, torpağı verəcəyik və s. O deyir ki, biz təklif gözləyirik, güzəştə hazırıq. Fikrimcə Aland modeli məsələsi burada ortaya çıxa bilər. Mümkündür ki, erməni tərəfi bununla razılaşsın.

- Siz indiki halda Paşinyanın Levon Ter Petrosiyanla səhnə arxasında məsləhətləşdiyini düşünmürsünüz?
- Xeyr. Paşinyan zamanında Levonun çılğın tərəfdarı olub. Sonra görüb ki, bu kişi laxdır. Ona görə öz yolu ilə gedib.

- Paşinyan son müsahibəsində iddia edib ki, vaxtilə Ermənistanda yaşayan azərbaycanlıların heç bir hüququ pozulmayıb. Sizcə, belə bir siyasətçiyə inanmaq, onun sülhsevər olduğunu demək olarmı?
- Fikrimcə, Paşinyan o hadisələrdən bixəbərdir. Çünki erməni ictimai fikri bu həqiqətləri ciddi-cəhdlə gizlədir. Bizim mətbuat isə bu mövzuda yazmır. Sizə deyim ki, 1988-ci ilin dekabrında və ondan da əvvəl Ermənistandan qovulan azərbaycanlılar, onlara qarşı edilən vəhşiliklər haqqında faktları Arzu Abdullayeva başda olmaqla AXC fəalları toplamışdılar. Sonradan bu faktlar Moskvada “Xronika” qəzetində çap olundu. Həmin faktlara görə, 220 azərbaycanlı qətlə yetirilmişdi. O zaman Ermənistan KQB-nin sədri bu faktlara məktubla cavab verməyə cəhd göstərmişdi. Lakin o zaman proseslər sürətlə inkişaf etdi və buna vaxt çatmadı. Çünki SSRİ kimi dövlət çökdü. Lakin az da olsa, Ermənistandan qovulan azərbaycanlıların harada və necə qətlə yetirildiyi haqda məlumatlar var. Bu işdə SSRİ Daxili Qoşunları da iştirak edib. Faktlar var, sadəcə Nikol Paşinyanın bu barədə məlumatı yoxdur. Çünki erməni tarixçiləri, ictimai fikrinin nümayəndələri bu faktları cəmiyyətdən gizlədirlər.

- Paşinyan Qarabağ klanını ram etmək üçün sona qədər gedəcək?
- Hələlik gedir. Bunun alınıb-alınmayacağını zaman göstərəcək. Şəxsən mən istəyirəm ki, bu işdə uğur əldə etsin.

- Ancaq bəzi ekspertlər deyirlər ki, Ermənistanda parlament seçkiləri keçiriləcək. Paşinyan Qarabağ klanını sıradan çıxarmaqla həm də əsas rəqiblərini məhv edir...
- Əgər hamının bildiyi oğru həbs olunursa, bunu necə təsvir etmək olar? Bu adam oğrudur, canidir. Təbii ki, həbslər Qarabağ klanının, Köçəryanın, Sərksiyanın və digərlərinin Ermənistanın ictimai siyasi həyatına təsir etmək imkanlarını məhdudlaşdırır. Ancaq bu, əsas məqsəd deyil. Əsas məqsəd cinayətkarların, oğruların həbs olunmasıdır.

Əlbəttə, bunun seçkilərlə əlaqəsi var, amma bu, törəmə nəticədir. Təsəvvür edin ki, Qarabağ münaqişəsindən əvvəl “Kamaz” sürücüsü olan Manvel Qriqoryan indi general olub. Onu həbs edərkən evində axtarış aparılıb. Avtoparkından, heyvanxanasından nələrsə çıxıb, eləcə də əsgərlərdən oğurladığı silah-sursatı, ərzaq məhsulları ortaya qoyulub. İndi bu seçkilərə hesablanıb?

Canini həbs edib də. Və ya 10 nəfəri güllələyərək öldürən və 230 nəfəri yaralayan Köçəryan həbs edilirsə, bu seçki mübarizəsidir, ya cinayətkarın həbsidir? Nəzərə alın ki, cani cəzalandırılanda növbəti seçkidə xalqdan oğurladığı milyardları işə salaraq seçkinin nəticələrinə təsir edə bilməyəcək.

- Köçəryan elan etdi ki, onun həbsi Azərbaycanda toy-bayramla qarşılanacaq...
- Siz onun həbsindən sonra Azərbaycanda toy-bayram gördünüz? Şəxsən mən görməmişəm. Biz heç Köçəryana tüpürmək belə istəmirik. Köçəryanı cındır, cani, quldur və KQB-nin agenti hesab edirik. O, Azərbaycan və erməni xalqının düşmənidir. Bir vaxtlar deyirdilər ki, Ermənistanda zəlzələ olanda Azərbaycanda atəşfəşanlıq, şadyanalıq edilib. O dövrdə də belə bir şey olmayıb. Hamı oturub öz işi ilə məşğul idi. Hətta bizdən ora kömək də getdi. Bir təyyarə ərzaq və adam yollandı. Onlar da vəfat etdi. Bunlar boş söhbətlərdir və düşmənçiliyi qızışdırmaq üçün belə deyilir. Robert Köçəryan deyə bilməz ki, onun həbsi erməni xalqı daxilində böyük narazılıq doğuracaq. Ona görə deməlidir ki, həbsi Azərbaycan xalqını sevindirəcək. Daha demir ki, mən erməni xalqına qan uddurmuşam, onun cibinə girmişəm, hüquqlarını əlindən almışam və indi erməni xalqı mənim həbsimi razılıqla qarşılayır.


Müəllif: Cavad

Oxşar xəbərlər