3 Avqust 2018 20:25
2 996
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-Türkiyə münasibətlərində gərginlik neçə müddətdir ki, mövcuddur. Bu gərginlik Suriya böhranı ilə özünü daha qabarıq büruzə verməyə başladı. Əlbəttə, burada əsas məsələ tərəflərin Suriya və Yaxın Şərq regionunda maraqlarının üst-üstə düşməməsi ilə bağlıdır. Türkiyə dəfələrlə ABŞ-a bununla bağlı xəbərdarlıq edib. Lakin ABŞ regionda açıq formada öz maraqlarını əsas götürdü, müttəfiqlərinin maraqlarını nəzərə almadan hərəkət etdi. Sözsüz ki, ABŞ özünə görə haqlıdır, amma belə olanda münasibətlərdə krizlər qaçılmaz olur.

Bu fikirləri Teleqraf.com-a Türkiyədə yaşayan azərbaycanlı politoloq, professor Toğrul İsmayıl ABŞ-Türkiyə münasibətlərində müşahidə edilən böhranın səbəblərini şərh edərkən deyib.
Professor xatırladıb ki, İraq məsələsində Türkiyə ilə ABŞ arasında ciddi gərginlik yaşanıb:

“İndi bu proses davam edir. Bölgədə Suriya məsələsində ABŞ-ın təkbaşına hegemon olmaq istəyi vardı. Amma bu zaman ortaya müəyyən problemlər çıxdı. Bunun da bir səbəbi Türkiyənin bu dəfə Rusiya və İranla ortaq məxrəcə gələrək bölgədə şərtləri öz lehinə dəyişməsidir. Türkiyə-Rusiya yaxınlaşması da ABŞ-ın ciddi narahatlığına səbəb olub. Eyni zamanda Türkiyənin daxilində baş verən hadisələr və ABŞ-ın bununla bağlı yanaşmaları var. Məsələn, 2016-cı ilin iyulun 16-da Türkiyədə hakimiyyəti ələ keçirmək cəhdi oldu. Bu hadisədən sonra Türkiyə ABŞ-da məskunlaşan Fətullah Güləni tələb etdi. ABŞ isə bu məsələdə öz siyasətinə ağırlıq verdi, müttəfiqinin marağını nəzərə almadı. Ən sonda münasibətlərdə fikir ayrılığına səbəb olan məsələ isə rahib Branson oldu. Rahib məsələsində ABŞ yanlış olaraq Türkiyə ilə açıq diktə dilində danışdı, rahibin dərhal azad edilərək ABŞ-a göndərilməsini tələb etdi. Bunların hamısı münasibətlərin müxtəlif mərhələlərində böhrana səbəb olub. Ancaq gərginliyin təməlində yatan əsas məsələ ABŞ-ın bölgədə yürütdüyü siyasətin Türkiyə tərəfindən qəbul edilməməsi və Türkiyənin bu siyasətə qarşı alternativ addımlar atmasıdır. İndi ABŞ müəyyən sanksiyalarla Türkiyəni qorxutmağa, geri addım atmasına nail olmağa çalışır”.

Toğrul İsmayıl qeyd edib ki, ABŞ-ın son dövrlər yürütdüyü siyasət qarşı tərəfi qorxutmaq və geri addım atmasına nail olmaqdır:

“Rusiya üzərində qurulan sanksiya sistemi rusların Ukraynaya yaratdığı problemlər, Krımın ilhaqı bəhanəsi ilə ola bilər. Bu anlaşılandır. Ancaq İrana qarşı tətbiq edilən sanksiyalara diqqət edin. Bu sanksiyanı yalnız ABŞ tətbiq edib. Onun Avropadakı müttəfiqləri və Türkiyə bu sanksiyalara qarşı çıxdı. Sonra ABŞ NATO zirvəsində Avropa Birliyində olan müttəfiqlərinə basqı edərək, hərbi xərclərini ümumi daxili məhsulun 4 faizi həcmində artırmağı tələb etdi. Ən sonda isə Vaşinqton Türkiyəyə meydan oxudu, diktə şəklində Türkiyəni ram etməyə çalışdı. Belə yanaşmalar günümüzdə yolverilməzdir. Bu davranışlar hegemon güc olan Amerikanın əslində dünya gücü kimi deyil, şəxsi maraqları üzərindən hərəkət edən dövlət kimi ortaya çıxdığını isbatlayır. Bu artıq yeni mərhələdir. Burada “Türkiyə daha diplomatik tərzdə davranmalıdır” deyənlər unudurlar ki, qarşıdakı oyunçu diplomatik davranarsa, Türkiyə buna uyğun olaraq diplomatik davranış sərgiləyə bilər. Yox, əgər zor, diktə dili ortaya çıxırsa, türk dövlətinin buna eyni şəkildə qarşılıq verməsi təbii görünməlidir”.

Münasibətlərin perspektivinə gəldikdə politoloq deyib ki, yaranan böhran nə ABŞ-ın, nə də Türkiyənin maraqlarına cavab vermir. Türkiyə hökumətinin iki nazirinə qarşı sanksiyalar tətbiq edildiyini xatırladan Toğrul İsmayıl əlavə edib ki, əslində buna simvolik sanksiya demək olar:

“Hər iki nazirin ABŞ-da nə yatırımları, nə də biznes şəbəkəsi var. Bu sanksiyanın verilməsinin əsasları yanlışdır. Türkiyəyə qarşı sanksiyaların simvolik olduğu dərhal görünür. Sonradan hansı sanksiyalar tətbiq ediləcəyi hələlik bəlli deyil. Fikrimcə, ABŞ-da başlar soyuyacaq və tərəflər dialoq yolu ilə problemləri həll etməyə çalışacaq. Nəzərə almaq lazımdır ki, Türkiyənin də əlində ABŞ-la təzyiq dilində danışmaq və sanksiyalara cavab vermək üçün müəyyən mexanizmlər var. Türkiyə bu mexanizmləri işə salsa, ABŞ-ın vəziyyətini çətinləşdirə bilər. Bunlardan biri İncirlik hərbi bazası və amerikalıların buradan çıxarılmasıdır. İkincisi, ABŞ-la hərbi sahədə əməkdaşlıq məsələsidir. Bu da indiki mərhələdə Türkiyənin ABŞ-a qarşı istifadə edəcəyi ən güclü mexanizmlərdən biridir. Bu istiqamətdə Türkiyənin addımları ABŞ-ın Yaxın Şərqdəki fəaliyyətini çətinləşdirə bilər. Ancaq buna rəğmən, mən münasibətlərdə daha da dərinə getmədən diplomatik üslubda problemlərin həll ediləcəyinə inanıram. Bu gün Sinqapurda baş tutan Çavuşoğlu-Pompeo görüşü də bunun üçün zəmin hazırlığıdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər