“Ermənistan iqtisadi blokadadan çıxa bilər, bir şərtlə ki, öz işğalçılıq siyasətindən əl çəksin. Bununla bağlı ona ismarıclar göndərilməlidir. Əgər buna baxmayaraq, Ermənistan işğalçılıq siyasətindən geri çəkilməsə, hərbi təzyiqləri davam etdirmək lazımdır”.
“Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Gürcüstanın NATO-ya üzv olması, keçmiş Sovet coğrafiyasını böyük güclərin geosiyasi mübarizə meydanına çevirə bilərmi? Nəzərə almaq lazımdır ki, Gürcüstan münaqişəli ölkədir, bu vəziyyətdə NATO-ya üzv olsa, mübahisəli Abxaziya və Cənubi Osetiya məsələləri NATO-nun planlaşdırmasına daxil edilə bilər.
- Münaqişə olan ölkələrin NATO-ya üzv olması mümkün deyil. Amma reallıq budur ki, Gürcüstan uzun illərdir NATO ilə əməkdaşlıq edir və bu ittifaqa üzv olmağı qarşısına məqsəd qoyub, Rusiya təhdidi ilə də üz-üzədir. Əslində 2008-ci ildə Gürcüstanın NATO-ya üzvlüyü həll oluna bilərdi. Həmin vaxt ABŞ Gürcüstan və Ukraynaya lazım olan dəstəyi verirdi. Lakin Fransa və Almaniya Buxarest sammitində buna etiraz etdilər və bildirdilər ki, bu sonrakı mərhələyə qalsın. Bu da imkan yaratdı ki, Rusiya Cənubi Osetiya və Abxaziyaya ordu yeridib bu bölgələri Gürcüstandan qoparsın.
Həmin vaxt Fransa və Almaniyanın etirazı olmasaydı - Gürcüstan NATO-ya qəbul edilsəydi, Rusiya riskə gedib Abxaziya və Cənubi Osetiyaya ordu yeritməzdi. Amma Gürcüstan yenə də məsələni qaldırıb və ittifaqla sıx əməkdaşlıq edir. Hər il NATO-nun Gürcüstanda hərbi təlimləri keçirilir, Azərbaycan hərbçiləri də bu təlimlərə qatılırlar. Baxmayaraq ki, ərazi bütövlüyü ilə bağlı problemlər hələ də həlsiz qalır, amma Gürcüstanın NATO-ya üzvlüyü sürətlənə bilər.
O ki qaldı bunun böyük gücləri üz-üzə qoymasına, Rusiya yenə də Gürcüstanı təhdid edir. Baş nazir Dmitri Medvedyev də açıq formada təhdid etdi ki, bu, böyük toqquşmaya gətirib çıxaracaq. Amma bu, Gürcüstanın müstəqil haqqıdır və Rusiya buna qarışa bilməz. Yəni, Rusiya təhdid edə bilər, amma bu prosesi əngəlləyəcək real addımlar atacağını düşünmürəm. Vaxtilə Baltikyanı dövlətlər də NATO-ya üzv olmaq niyyətini ortaya qoyanda Rusiyanın təhdidi ilə üz-üzə qalmışdılar, amma Rusiya bunun qarşısını kəsə bilmədi. Yəni, NATO Gürcüstanın üzvlüyü ilə bağlı qərar qəbul etsə, Rusiya sərt açıqlamalar verəcək, amma real addımlar atmaq gücündə olmayacaq. Çünki qarşısında böyük gücləri görəcək.
- Gürcüstanın bu cəsarətli addımı Ermənistanın Baş naziri Nikol Paşinyanı həvəsləndirə bilərmi? Hesab etsək ki, o, vaxtilə Gürcüstanın keçmiş inqilabçı prezidenti Mixail Saakaşvilinin getdiyi xətt üzərində dayanmış kimi görünür, demək ki, NATO-ya üzvlüklə bağlı Rusiyanın xoşuna gəlməyən addımlar atmağa səy göstərə bilər.
- Hesab edirəm ki, Gürcüstanın NATO-ya və gələcəkdə də Avropa İttifaqına üzvlüyü Paşinyanın maraqlarına uyğun ola bilər. Əgər Nikol Paşinyan gələn ilin aprel ayında keçiriləcək parlament seçkilərində qələbə qazansa və hakimiyyətinin müddətini uzatsa, bu müddət ərzində də Gürcüstan NATO-ya üzv olsa, bu, Paşinyanın işinə yarayacaq. Bu, eyni zamanda Azərbaycanın da maraqlarına uyğun olardı. Paşinyan nə qədər qərbpərəst olsa, bu, Azərbaycanın maraqlarına cavab verəcək. Buna görə də Ermənistanın Gürcüstandakı təlimlərdə iştirak etməsi müsbət hal idi. Elə etmək lazımdır ki, Ermənistanın Rusiyadan asılılığı azalsın. Çünki Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan ən böyük qüvvə Rusiyadır.
- Amma Gürcüstanla müqayisədə Rusiya Ermənistana qarşı real addım atmaq niyyətində olsa, bunu edəcək və Qərb də buna mane olmaya bilər.
- Doğrudur, Ermənistanın Rusiyadan asılılığı güclüdür: Ermənistan sərhədlərini rus hərbçilər qoruyur, orada hərbi bazası var və İrəvana kredit ayırır ki, silah ala bilsin. Amma Ermənistanda çoxları başa düşür ki, Rusiyada onlara nökər kimi baxırlar. Buna görə də ermənilər nökərçilikdən xilas olmaq istəyirlər. Əgər Qərbdən Paşinyana siyasi, iqtisadi və maliyyə dəstəyi verilsə, Ermənistanı Rusiyadan uzaqlaşdıracaq addımlar ata bilər. Buna görə də Nikol Paşinyan sentyabrda ABŞ-a səfər etmək, Donald Trampla görüşmək istəyir. Əgər Paşinyana lazım olan dəstək verilməsə, o, riskə getməyəcək.
Amma artıq Ermənistanda başa düşürlər ki, Rusiya Ermənistanın inkişaf etməsində maraqlı deyil, ona çox pul xərcləmək istəmir. Rusiya Ermənistanı nökər, qul kimi saxlamaq istəyir, amma artıq ermənilər bununla razılaşmırlar, inkişaf etmək istəyirlər. Buna görə də Ermənistanda Qarabağla bağlı da fikirlər səsləndirilir ki, Azərbaycan və Türkiyə ilə düşmənçilik onlara baha başa gəlir. Hesab edirəm ki, Ermənistanda oyanış gedir və bu proses bizim xeyrimizədir. Lakin bununla belə, arxayınlaşmaq olmaz, Ermənistana hərbi təzyiqləri davam etdirməliyik. Prosesləri ciddi analiz etməliyik ki, sonrakı addımlar nə ola bilər.
Fikir verirsinizsə, Azərbaycanın dövlət başçısı İlham Əliyev də Paşinyana ümid yeri qoyur, vaxt tanıyır ki, komandasını formalaşdırandan sonra Qarabağ məsələsinin həllinə başlasın. İlham Əliyev Paşinyana şans yaradır ki, münaqişənin həllində obyektiv olsa, Ermənistan – Azərbaycan münasibətlərində müsbət irəliləyişlər ola bilər. Əlbəttə, bu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə mümkündür.
- Azərbaycan hansı addımları atmalıdır ki, münaqişənin həll prosesində mövqeyimizi daha da gücləndirək?
- Düzdür, Paşinyan baş nazir seçildikdən sonra Qarabağla bağlı təxribatçı açıqlamalar verdi və Azərbaycanın işğal edilmiş ərazilərinə gəldi, amma onunla danışıqlara getmək mümkündür. Vaxtilə Levon Ter-Petrosyan da başa düşdü ki, Azərbaycanla sülh lazımdır və ilk növbədə Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Yəqin ki, Paşinyan da belə fikirləşir, sadəcə dilinə gətirməkdən qorxur. Onunla qeyri-rəsmi əlaqələr qurmaq lazımdır, yəqin ki, gürcü həmkarlar da buna kömək edə bilər. Ona başa salmaq lazımdır ki, Petrosyanın mərhələli həll planına qayıtsa, Azərbaycanla əməkdaşlıq bərpa oluna bilər.
Ermənistan iqtisadi blokadadan çıxa bilər, bir şərtlə ki, öz işğalçılıq siyasətindən əl çəksin. Bununla bağlı ona ismarıclar gönədilməlidir. Əgər buna baxmayaraq, Ermənistan işğalçılıq siyasətindən geri çəkilməsə, hərbi təzyiqləri davam etdirmək lazımdır.
- Əlbəttə, Paşinyanla dil tapmaq olar, amma Rusiyanın ona təsir imkanlarını da nəzərə almaq lazımdır. Buna görə, Rusiyanı hansı formada neytrallaşdırmaq, yaxud proseslərə təsir imkanlarını azaltmaq olar?
- Rusiyanı neytrallaşdırmaq çətindir, amma Cənubi Qafqaza bütöv bölgə kimi baxmaq lazımdır. Əgər Ermənistan Rusiya asılılığına son qoysa və Dağlıq Qarabağ Azərbaycana geri qaytarılsa, Cənubi Qafqaz bütöv orqanizmə çevriləcək. Məsələn, Baltikyanı dövlətlər Rusiyaya qarşı birləşiblər və Rusiya da həmin ölkələrə heç nə edə bilmir. Ermənistan da, işğalçılıqdan əl çəksə, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qura bilsə, Rusiyaya qarşı müqaviət oxu yaratmaq mümkündür. Bu zaman Azərbaycan, Ermənistan və Gürcüstan Rusiyaya qarşı müqavimət göstərib, onun bölgəyə təzyiq imkanlarını zəiflədə bilər. Bu o demək deyil ki, Rusiya ilə körpülər yandırılacaq, Azərbaycanın Rusiya ilə normal tərəfdaşlıq münasibətləri var və bu münasibətlər davam edəcək, amma Rusiya da bölgə dövlətləri ilə bərabərhüquqlu münasibətlərdə maraqlı olmalıdır, onu buna məcbur etmək olar.
Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll edilsə, Gürcüstan, Azərbaycan və Ermənistan Qərbdən dəstək alıb, Rusiyanın təsir imkanlarını zəiflədə bilər. Rusiyanın özü də sonda bunu qəbul etmək məcburiyyətində qalacaq.