Əhalinin sosial müdafiəsi, aztəminatlı insanların rifah halının yaxşılaşdırılması, onların məşğulluq, sosial təminatla bağlı problemlərinin həlli Azərbaycan Prezidenti İlham Əliyevin daxili siyasətində həmişə prioritet istiqamət olub. Ölkə başçısının sərəncamı ilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin yaranması bu qəbildən olan insanların bütün problemlərinin bir mərkəzdən vahid pəncərə vasitəsilə həll olunması məqsədinə xidmət edir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (DOST Agentliyi) yaradılması barədə danışarkən bildirib.
Onun sözlərinə görə, DOST Agentliyinin regional rayon şöbələri yaradılacaq və vətəndaş bir otağa daxil olmaqla özünün məşğulluq, əlillik vəziyyətinin təyini, reabilitasiya vasitələri ilə təminat, ünvanlı sosial yardım, pensiya, müavinət təyinatı və sairlə bağlı bütün problemlərini həll edib binadan çıxa biləcək:
“Müəyyən idarələri gəzmək, müxtəlif sənədlər toplamaq, get-gələ düşmək, bəzi hallarda rüşvətxorluq və digər neqativ hallarla üzləşmək məsələləri avtomatik olaraq aradan qalxacaq. DOST Agentliyi yeni və müasir, sivil ölkələrin təcrübəsinə əsaslanan xidmət sahəsi olacaq. Elektron hökumət konsepsiyası çərçivəsində xidmətlərin bir çoxu elektronlaşacaq, vətəndaşlar evindən çıxmadan onlayn müraciətlə özünün məşğulluq, pensiya, əlillik və sair məsələlərini həll edə biləcək.
Xidmətin keyfiyyəti yüksələcək, bürokratik əngəllər sıradan çıxacaq, vətəndaşlara yüksək səviyyəli, mədəni xidmət göstərmək şəraiti yaradılacaq. DOST Agentliyi ASAN xidmət modelinin təcrübəsindən istifadə etməklə dünyanın ən inkişaf etmiş dövlətlərin sosial təminat sahəsindəki praktikası nəzərə alınmaqla hazırlanıb. Hesab edirəm ki, bu, məşğulluq, sosial təminat sahəsindəki bütün neqativ halların aradan qaldırılmasına imkan yaradacaq”.