ABŞ Prezidenti Donald Trampın xarici siyasətini qeyri-rəsmi olaraq Henri Kissincer yönəldir. Bunu “Tərsinə işləyən Henri Kissincer” adlandırırlar. Bununla bağlı lətifə də yaranıb: Trampa qarşı kompromat videosu varsa, o, Putinin yox, Kissincerin əlindədir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.
Politoloq qeyd edib ki, 1970-ci illərdə Kissincer ABŞ Prezidenti Riçard Niksonun müşaviri olub:
“Həmin dönəmdə Kissincer Niksona məsləhət görüb ki, SSRİ-nin Çinlə yaxınlaşmasının qarşısını alsın. O zaman SSRİ güclü, Çin isə zəif olub. ABŞ zəif Çinlə yaxınlaşmağa başladı və beləliklə onu SSRİ-dən aralaya bildi. Hazırda durum başqadır, çox şey tərsinədir. Bu gün Çin güclüdür, Rusiya zəifdir. Bu gün Rusiya Çini deyil, Çin Rusiyanı öz təsiri altına almağa çalışır.
Trampın Rusiyayla üzdə yumşaq davranmasının strateji məqsədi var - Rusiyanı Çindən ayırmaq. Rusiyaya qarşı sanksiyaların da əsas məqsədi budur”.
Erkin Qədirli hesab edir ki, Trampın İrana qarşı yürütdüyü siyasətin məqsələrindən biri, onun Çinlə yaxınlaşmasını əngəlləməkdir: “Trampın Türkiyəyə qarşı son etdiklərini də bu kontekstdə anlamaq gərəkdir. ABŞ Türkiyənin Rusiya, İran və Çinlə yaxınlaşmasına göz yuması deyil.
ABŞ-ın Ümumi Daxili Məhsulu (ÜDM) 20 trilyondur. Çinin 14 trillyon. Üçüncü yerdə Yaponiyadır - 5 trilyon. O birilər ondan da geridə qalır. ABŞ-ın gözündə yalnız bir qlobal rəqib var - Çin. Trampın strateji siyasəti Çinin ABŞ-a çatmasının qarşısını almaqdır. Yəni, Trampla məzələnənlər, onun arxasında Kissincerin durduğunu bilməlidir”.