14 Avqust 2018 16:00
2 706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə NATO-nun ən güclü ölkələrindən biridir. Aydındır ki, Türkiyəyə qarşı böyük haqsızlıq edilib. İstər İraq, istər Suriya əməliyyatı, istərsə də dövlət çevrilişinə cəhd halları yaşanıb. Məqsəd Türkiyənin bölgədəki gücünü zəiflətmək idi. Bütün bu haqsızlıqlara baxmayaraq, Türkiyə NATO ölkəsidir, bölgədə güclü dövlətdir. Son dövrlərin hadisələri göstərir ki, istər Fərat Qalxanı, istər Zeytun Budağı əməliyyatları ilə Türkiyə bölgədə varlığını nümayiş etdirdi və qarşı tərə fdə buna sayğı ilə yanaşmalı oldu. Menbic əməliyyatı bunun göstəricisidir. Unutmayaq ki, 100 il əvvəl bu ərazilərdə Osmanlı hökmranlıq edib.

Bu fikirləri Teleqraf.com-a Türkiyədə yaşanan vəziyyəti şərh edən Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev deyib.

O, əlavə edib ki, İran məsələsi bir qədər fərqlidir:

“Türkiyə ilk olaraq qonşuları ilə ziddiyyətdən qaçır, bunu arzu etmir. Eyni zamanda Qərblə qarşı-qarşıya gəlir, faktiki enerji daşıyıcıları baxımından ortaya güc qoymağa çalışır. Buna nə dairədə nail olacağı isə bir qədər müəmmalıdır. İndi Türkiyə və ABŞ arasında danışıqlar başlayıb. Əlbəttə, biz gördük ki, Türkiyə-İran-Rusiya formatında Suriyada əməkdaşlıq oldu. Lakin fakt odur ki, Menbicdə ABŞ-la yanaşı Türkiyənin bayrağı dalğalanır. Hesab edirəm ki, yaxın gələcəkdə Türkiyə-Qərb əlaqələrində normallaşma müşahidə ediləcək. Eyni zamanda 2019-cu ildə Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Fikrimcə, bu gələcək proseslərə təsirlər göstərə bilər. Gələcək seçkilərə milli valyutanın zəifləməsi prosesi ilə getmək də arzu edilən deyil. Zənnimcə, bir müddətdən sonra ABŞ-Türkiyə əlaqələrində pozitiv dəyişiklik baş verəcək. İndilikdə Türkiyə tələsmir və baş verən proseslərin sonunu gözləyir. Düzdür, buna görə qurbanlar verir, amma sonrakı strateji maraqlar fonunda gələcək addımlardan öz xeyrini götürməyi düşünür. Əgər proseslər İrandan başlayıb Çinə qədər uzanacaqsa, Türkiyə bu proseslərdə aparıcı aktora çevrilə bilər. Bu həm də o deməkdir ki, türk faktoru gündəmə gələcək. Məncə, Türkiyə bu proseslərə ciddi hazırlaşır. Hesab edirəm ki, Türkiyə bu şansı qaçırmayacaq və bu mənada onun Qərblə əməkdaşlığı qaçılmazdır”.


Müəllif: Cavad