ABŞ keçmiş strateji müttəfiqi və NATO üzvü Türkiyəyə qarşı sərt sanksiyaları ilə özünün maraqlarına zərbə vurur. Buna görə də böyük dövlətləri bu məsələ düşünürür ki, əgər Amerika dollar üzərindəki manipulyasilayalar yolu ilə öz tərəfdaşı – Türkiyəni çökdürmək istəyirsə, eyni siyasəti bizə qarşı da həyata keçirə bilər. Ona görə də belə vəziyyətdə bir sıra dövlətlər ticarətdə dollardan imtina etməyin yollarını axtarmağa başlayıblar.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, ticarətdə dollardan tamamən imtina etmək çətindir, ancaq son hadisələrin fonunda dolların təsirindən qurtulmağın yolları sürətlə axtarılır:
“Bunun Amerikaya ziyanı xeyrindən çoxdur. Türkiyə Amerikadan aldığı mallardan imtina edir. Bu da Trampın ticarətçi dünyagörüşünə ziddir. Çünki, Tramp “hər şey Amerika üçün” deyirdi, indi isə bəzi Amerika şirkətləri Türkiyə bazarından məhrum olmaqla qazanclarının bir hissəsini itirəcəklər. Elə hərbi təyyarələrin Türkiyəyə satılmaması da Amerika hərbi sənayesinə on milyardlarla dollar zərər vurdu.
İkincisi, ABŞ-ın Türkiyəyə qarşı siyasəti qardaş dövləti daha çox Rusiyaya yaxınlaşdırır. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dünən Ankarada idi. Bu, Lavrovun bu il ərzində türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə 5-ci görüşü idi. Adətən, xarici işlər nazirlərini xarici ölkələrdə çalışan səfirlərin toplantısına – daxili foruma qonaq çağırmazlar. Ancaq Lavrovu hətta Türkiyənin xarici ölkələrdəki səfirlərinin Ankaradakı toplantısına da dəvət edib, onun Amerika əleyhinə nitqini dinlədilər”.
Elxan Şahinoğlu bildirib ki, Amerikanın Türkiyəni hədəfə alması Almaniyanın da xoşuna gəlmir: “Almaniya Kansleri Angela Merkelin “biz Türkiyə istisadiyyatının zəifləməsində maraqlı deyilik, əksinə Türkiyənin çiçəkləməsini və inkişafını arzulayırıq” sözləri Ankarada müsbət qiymətləndirildi. Halbuki, son illər Almaniya ilə Türkiyə arasındakı münasibətlərdə dərin çatlar əmələ gəlmişdi. Göründüyü kimi, Donald Trampın hamıya qarşı açdığı mübarizə cəbhəsi Berlinlə Ankaranı da bir-birinə yaxınlaşdırdı. İş o yerə çatıb ki, Türkiyə Cumhurbqaşqanı Rəcəb Təyyub Ərdoğan sentyabrın sonuna Berlinə səfərə hazırlaşır. Bir neçə ay əvvəl belə bir səfər mümkün görünmürdü. Ayrıca, Türkiyədə Suriya məsələsiylə bağlı Türkiyə-Rusiya-Almaniya-Fransa dördlüyünün sammiti gözlənilir”.
Politoloqun sözlərinə görə, Ağ Ev sahibi sanksiyalarla və sərt açıqlamalarıyla bir sıra dövlətləri zorən tərəfdaşa çevirir: “Tramp bunu istəyirdi? Çətin. Trampın hegemoniyasını qəbul etməyən dövlətlər Ağ Ev sahibini anlatmaq istəyirlər ki, onun ağlasığmaz hərəkətləri ona və Amerikaya baha başa gələcək.
Tələbələrimə hər zaman 1960-cı illərdə Karib böhranının həllində Amerikanın mərhum prezident Con Kennedinin möhtəşəm rolundan danışıram. Kennedi 13 gün ərzində generallarla, ekspertlərlə, nazirlərlə, beyin mərkəzlərinin tanınmış mütəxəssisləri ilə məsləhətləşərək dərin böhrandan çıxış yolu tapdı, dünyanı dağıdıcı müharibə riskindən qurtardı. Kennedinin otağında oturan Tramp isə heç kimi dinləmədən tvit atmaqla aləmi bir-birinə qatır. Bu fenomeni də gərək növbəti dərs ilində tələbələrimə anladım”.