15 Avqust 2018 15:11
2 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ilk dəfə deyil ki, Rusiya və İrana qarşı sanksiya tətbiq edir. İndi isə Türkiyəyə qarşı sanksiya tətbiq etməyə başlayıb. Bu üç dövlət ABŞ-a birgə müqavimət göstərməkdədir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.

ABŞ-ın 2015-ci ilə qədər davamlı formada İrana qarşı sanksiyalar tətbiq etdiyini deyən politoloq qeyd edib ki, həmin vaxt Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının İranla bağlı sənədinin lehinə səs vermişdi, yəni dolayı yolla ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləmişdilər:

“Bundan əvvəl isə Ukraynanın şərqində hərbi fəaliyyətlərinə və Krımı ilhaq etdityinə görə Rusiyaya sanksiyalar tətbiq edilirdi. Digər yandan, ABŞ-ın maraqlarına zidd fəaliyyətlərinə görə Ağ Ev Çindən idxal olunan polad məhsullarının rüsumunu artırdı. Yəni, ABŞ əvvəllər bir dövlətə qarşı təzyiqlər edirdisə, indi taktikanı dəyişib 3 dövlətə təzyiqlər edir. Bu vəziyyətdə 3 dövlət ya gücünü birləşdirməlidir, ya da ayrı-ayrılıqda ABŞ-ın təzyiqlərini dəf etməlidir.

Lakin ticarət dövriyyəsinə baxdıqda məlum olur ki, ABŞ-ın Avropadakı müttəfiqləri ilə Rusiya, Çin və İran arasındakı ticarət dövriyyəsi ABŞ-la bu ölkələr arasındakı dövriyyədən qat-qat çoxdur. Buna görə də İran, Rusiya və Çin bu təzyiqlər fonunda öz itkilərini kompensasiya etməyə çalışacaqlar.

Düzür, hər 3 dövlət ABŞ-a sanksiyalarla cavab verirlər, amma məlum olur ki, onlar ABŞ dollarından asılıdırlar. Əgər ABŞ bu ölkələrə dollar satışını dayandırsa və onları beynəlxalq valyuta sistemindən çıxarsa, onlar ticarətlə məşğul ola bilməyəcəklər. Bu vəziyyətdən çıxış üçünsə Rusiya, Çin və İran ən az 10 il əvvəl hazırlıq görməli idilər, ortaq valyuta tapmalıydılar. Proses göstərir ki, onlar buna hazır deyillər”.

Sədrəddin Soltan qeyd edib ki, Türkiyə də bu dövlətlərin ABŞ qarşı müqavimətinə qoşula bilər:

“Türkiyəyə də təzyiqlərin edildiyini nəzərə alsaq, mümkündür ki, İran, Rusiya və Çinin ABŞ-a qarşı mübarizəsinə Türkiyə də qoşulsun. ABŞ-ın bu zərbələrini zəiflətmək üçün isə bu ölkələr Avropa İttifaqı ilə əməkdaşlıq etməlidir. Çünki ABŞ Avropa İttifaqına da ticarət məsələlərində müəyyən məhdudiyyətlər qoyur.

Buna görə də, Rusiya, İran və Çin dollara alternativ olaraq, Avropa İttifaqının valyutasını seçə bilərlər ki, Amerikanın təsirlərini azaltsınlar. Avropanın böyük bazar olduğunu nəzərə alsaq, Türkiyə və digər 2 dövlət Avropa İttifaqı ilə münasibətlərini fərqli istiqamətlərdə qurmağa çalışa bilərlər.

Buna görə də, ABŞ-ın təzyiqləri qarşısında qalmış bu dövlətlərin birgə müqavimət göstərmək üçün öz aralarında diplomatik danışıqlara başlaması mümkündür. Bu baxımdan, Avropa İttifaqı bu dövlətlərə dəstək verə bilər.

Vəziyyət daha da mürəkkəbləşməyə və gərginləşməyə doğru gedir. Çox güman ki, situasiyanı gərginləşdirən bu problemi həll edəcək. Amerika həmişə bu gərginliyi artırmaqdan da, azaltmaqdan da pul qazanır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər