Teleqraf.com Türkiyədə yaşayan azərbaycanlı politoloq, professor Toğrul İsmayılla müsahibəni təqdim edir:
- Toğrul bəy, ABŞ-Türkiyə münasibətlərinin indiki durumunu necə qiymətləndirirsiniz? Vaşinqtonla Ankara arasında nə baş verir ?
- Uzun illər iş birliyində olan və bir-birinə müttəfiq deyən dövlətlər arasında münasibətlərin müşahidə etdiyimiz nöqtəyə çatması könül açan bir hadisə deyil. Amma digər tərəfdən, bunun səbəbləri var və bu səbəblər indiki nəticəni ortaya çıxarıb. Böhranın olacağı göz qarşısında idi. ABŞ-ın Yaxın Şərqdə, ələlxüsus Suriyada yürütdüyü siyasət Türkiyənin maraqlarına zidd idi. Münasibətlərdə ilk çat da buradan yarandı. Digər tərəfdən, 15 iyul hadisəsindən sonra ABŞ-dan Fətullah Gülənin və digər FETÖ-çuların istənilməsinə ABŞ-ın reaksiyası xoş olmadı. Üstəlik ABŞ Türkiyədə olan və müxtəlif fəaliyyətləri səbəbindən həbs edilən amerikalıların diktə üslubunda azadlığa buraxılmasını istədi. Yəni Vaşinqton bu şəxslərin məhkəmə prosesini gözləmədən sərbəst buraxılmasını diktə etdi. Həmçinin Türkiyənin müstəqil və sərbəst xarici siyasət yürütməsi Vaşinqtonda etirazla qarşılandı. Bunun başında da Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alıması gəlir. Zamanında Ankara Vaşinqtondan belə sistemlər almaq istəyini ifadə etsə də, ABŞ bunu Türkiyəyə satmaq istəmədi. Türkiyənin hava müdafiə sistemlərinə ehtiyacı olduğundan Rusiya ilə anlaşdı.
Qeyd edim ki, bundan əvvəl Türkiyə Çinlə razılaşmışdı, amma sonradan bu anlaşma ləğv olundu. Bıçaq sümüyə dirəndiyindən Türkiyə Rusiyadan S-400 almaq qərarı verdi. Bu da ABŞ-ı ciddi narahat edir. Ən sonda isə ABŞ İrana qarşı tətbiq edəcəyi sanksiyalara Türkiyənin də qoşulmasını tələb edir. Türkiyə isə buna qatılmır. Çünki Türkiyə İrandan mavi qaz alır və bu qaz sayəsində elektrik stansiyaları işləyir. Bu səbəbdən Türkiyə böyük qaz alıcısıdır və İrandan aldığı qaza görə böyük miqdarda pullar ödəyir. Üstəlik əgər Türkiyə İrana qarşı sanksiyalara qoşulsa, bu zaman Ankara Tehrana pul təzminatı ödəməlidir. ABŞ isə bu halda Türkiyənin qarşılayacağı zərəri çəkmək istəmir. Əgər, bunu ABŞ istəmirsə o halda Türkiyə nədən ABŞ-ın kaprizinə görə, sanksiyalara qatılmalıdır? Böhranın səbəbi əsasən bunlarla əlaqəlidir. Prezident Tramp da ABŞ-a idxal olunan polad və alimünum məhsullarına gömrük vergisini iki dəfə artırmaqla Türkiyəyə hədə-qorxu gəlməklə başladı. Bu da Ümumdünya Ticarət Təşkilatının prinsip və razılaşmasına ziddir. Ancaq bu, ABŞ hökumətinin vecinə deyil.
- Türkiyə hökuməti də ABŞ-dan idxal olunan bir sıra məhsullara əlavə gömrük rüsumu tətbiq etdiyini açıqlayıb. Bu yolla Türkiyə ABŞ iqtisadiyyatına zərbə vura bilərmi?
- Hesab edirəm ki, Türkiyə tərəfinin bu addımı simvolik məna daşıyır. Düzdür, hesablasaq ki, son 10 ildə Türkiyədə satılan ayfonlar 10 milyard dollar təşkil edib, onda bu kiçik rəqəm deyil. Amma ümumiyyətlə, mən bu iqtisadi qarşıdurmadan Türkiyənin daha zərərlə çıxacağını düşünürəm. Amma zərərli olsa da, Türkiyə müstəqil dövlətdir, onun qarşısında kimsə diktə dili ilə sözünü keçirə bilməz. Bu problemin diplomatik kanallar vasitəsilə həlli yolları qaldığı halda diktə yolu ilə Türkiyəyə meydan oxumaq, onu çökdürmək cəhdləri doğru deyil.
Bu məsələdə Türkiyə müxalifəti də dövlətin yanında yer alıb. Çünki bu bir dövlət məsələsidir. Trampın Ərdoğana qarşı qərarları yanlışdır. Nəzərə almaq lazımdır ki, Türk xalqı öz dövlətinin çökməsinə icazə verməyəcək. Ölkədəki iqtisadi məsələləri tənqid edə bilərsən, amma ABŞ-ın qərarları türk xalqına yönəlik sanksiyalardır və bunu ölkə daxilində kimsə dəstəkləməz.
- Qəribədir, ABŞ siyasi rəhbərliyi Türkiyəyə qarşı sanksiya tətbiq edir, mümkün qədər iqtisadiyyatına zərbələr vurur, amma amerikalı generallar bəyan edir ki, Türkiyə onların müttəfiqidir və hərbi əməkdaşlıq sistemli formada davam edir...
- Bu, ABŞ daxilində fərqli qüvvələrin olduğunu ortaya çıxarır. Eyni məqamı biz Suriya məsələsində də görürük. Türkiyə iqtisadi sahədə ABŞ-a güclü cavab verə bilməsə də, hərbi sahədə ciddi cavab addımları ata bilər. Türkiyənin əlində ABŞ-la hərbi sahədə mövcud olan güclü iş birliyi silahı var. Məsələn, İncirlik bazasından amerikalı hərbçilərin qovulması ABŞ üçün ciddi sarsıntı yarada bilər. Digər tərəfdən, Türkiyənin ABŞ-la hərbi sahədə əməkdaşlığı dayandırması Amerikanın bölgədəki fəaliyyət və siyasətinə ciddi problemlər yaradar. Odur ki, Pentaqon var gücü ilə bu işbirliyinin davam etməsinin tərəfindədir. Demək istəyirəm ki, hərbi məsələdə Türkiyənin əli daha güclüdür.
- Sizcə, Türkiyə ABŞ-la hərbi əməkdaşlığı dayandıra bilərmi?
- Ümid edirəm ki, məntiq və diplomatiya zəfər qazanacaq. Məntiq iki ölkə arasında yaranan problemlərin təcili şəkildə həll edilməsini tələb edir. Amma Trampın çılğın xarakterinə və Ərdoğanın da geri addım atmayan, sözü üzərində duran şəxs olduğunu nəzərə alaraq, indiki prosesin bir qədər də davam edəcəyini ehtimal edirəm. Lakin bu məsələdə hər şeyi Türkiyənin üzərinə yıxmaq da doğru deyil. İqtidarların siyasi və iqtisadi xətaları ola bilər, amma ABŞ-ın etdiyi xətadan daha çox təhdid, qorxutmaq, iqtisadi müharibədir. Bunun qarşılığında geri addım atmaq doğru deyil. Türkiyə bölgənin güclü dövlətidir. Kimsə Türkiyəyə öz istəyini diktə edə bilməz.
- Türkiyə artıq məcburi sürətdə İran, Rusiya və Çin platformasına doğru istiqamət götürür. Bu platformada olmaqla Türkiyə problemlərini həll edə bilərmi?
- Mən bu yanaşmanı doğru hesab etmirəm. Düşünmürəm ki, Türkiyə bu platformada yer alıb. Sadəcə, Türkiyə çoxşaxəli xarici siyasət yürüdür. Türkiyənin Avropa Birliyi, Amerika ilə olan əlaqələri Rusiya, Çin və İranla olan əlaqələrindən daha güclü və genişdir. Sadəcə, Türkiyə müstəqil siyasət yürüdərkən öz maraqları çərçivəsində bölgənin güclü dövləti olan Rusiya, habelə qonşu İranla əməkdaşlıq edir, yaxşı münasibətlər qurmağa çalışır. Yəni əvvəlki sistemdən imtina edir. Təbii ki, bunu edərkən regional təşkilatlarla, məsələn, Şanxay Əməkdaşlıq Təşkilatı və ya digər qurumlarla iş birliyi qurmağa çalışır. Bunlar Türkiyənin iqtisadi baxımdan ayaqda durması üçün vacib addımlardır. Eyni zamanda müttəfiqiniz olan ABŞ sizinlə iş birliyinə getmirsə, sizə hava müdafiə sistemləri satmırsa, hətta F-35 markalı təyyarələri Türkiyəyə satmamaq qərarını verirsə, deməli şantaj var. Belə olduğu halda siz də başqa ölkələrlə əməkdaşlığa gedə, onlardan S-400 kimi silahlar almağa çalışarsınız. Məncə, bu normal siyasətdir, əslində ABŞ-ın özü yürütdüyü siyasətini analiz etməlidir. ABŞ belə davam edərsə, təbii ki, Türkiyə alternativ iş birlikləri və ittifaqların axtarışında olacaq. Bu da əsas məsələlərdən biridir. ABŞ Türkiyəni özündən uzaqlaşdırdıqca, Türkiyə də özünə yeni müttəfiq və əməkdaşlıq sahələr axtarmalı olacaq.
- Bir müddət əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan ön şərt irəli sürmədən Türkiyə ilə danışıqlara hazır olduğunu bəyan etdi. Sizcə, belə bir danışıqlar başlaya bilərmi?
- Ermənistan tərəfinin qeyd-şərtsiz danışıqlar təklifi insanın mədəsini bulandırır. Çünki qeyd-şərtsiz deyəndə onlar daha çox irəli sürdükləri şərtlərə türklərin etiraz etməməsini nəzərdə tutur. Bu da mümkün deyil. Çünki Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır, Türkiyənin ərazilərinə iddia edir, soyqırımı kimi əsassız iddiası var və nəhayət, Qarabağın işğalı məsələsi var. Bu məsələlər həll edilməyincə iki ölkə arasında münasibətlərin düzəlməsi mümkün deyil. Paşinyanın dedikləri ondan əvvəlkilərin dediyi kimi demoqogiyadan başqa bir şey deyil. Bunun ciddiyə alınması da doğru deyil. Türkiyə Ermənistanla yaxşı münasibətlər qurmağa çalışıb, Sürix protokolu imzalanıb. Lakin Ermənistan bu protokolları ləğv etdi. Bundan sonra Ermənistanla ciddi danışığın olması mümkün deyil. İşğal siyasəti davam edir, uydurma soyqırımı iddiası var. Ermənistan Türkiyəyə ərazi iddiasından vaz keçməyib.
- Hesab edirsiniz ki, Türkiyə-Ermənistan arasında danışıqların və sərhədlərin açılması mümkünsüzdür?
- Sərhədin açılmasının şərtləri var. Sonuncu dəfə Türkiyə jest edərək bəyan etdi ki, ən azı 5 rayonun işğaldan azad edilməsi qarşılığında sərhədlərin açılması məsələsi müzakirə mövzusu ola bilər. Ermənistan nə edib ki, Türkiyə öz sərhədlərini onun üzünə açsın? İkincisi, Ermənistan nə qədər ciddi dövlətdir ki, Türkiyə onunla qeyd- şərtsiz danışıqlara getsin? Bu bir az da Ermənistanın başından böyük hərəkəti kimi qiymətləndirilə bilər. Erməni tərəfinin bu cür çirkli, arsız davrasnışı öz millətinə ziyan vurur. Ermənistan iqtisadi böhran içindədir, ölkə onsuz da çalxalanır. Son hakimiyyət çevrilişinə səbəb iqtisadi böhran oldu. Paşinyanı da bu aqibət gözləyir. Əgər o, demokratik insandırsa, Qarabağın işğalından vaz keçərək diplomatik xətlə qonşu dövlətlərlə münasibətlərini düzəltsin.