Teleqraf.com Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə müsahibəni təqdim edir:
- ABŞ-Türkiyə münasibətlərində böhran davam edir, uzun illərin müttəfiqləri indi az qala düşmənə çevrilib. Sizcə, Vaşinqtonla Ankara arasında nə baş verir, doğurdanmı Prezident Tramp bir rahibə görə Türkiyəyə müharibə elan edib?
- Baş verənlər göz önündədir. Amma ümumi proses təkcə Türkiyə ilə bağlı deyil. ABŞ Rusiya, Çin, Şimali Koreya, bəzi NATO ölkələri ilə süni idarə olunan konfliktlər yaradır. Artıq yeni dünya düzəninin yaranmasına ciddi ehtiyac var. ABŞ isə elə şərait yaradır ki, yeni dünya düzənində aparıcı dövlət statusunu saxlasın. Buna görə də dünyanın idarə olunmasında yaxından iştirak etməkdə iddialı olan dövlətlərə qarşı sanksiyalar tətbiq edir, onları iqtisadi baxımdan zəiflətmək, təkləmək siyasəti aparır.
Türkiyə ilə ABŞ arasında isə doğurdan da bir neçə məsələdə ciddi qarşıdurma, ziddiyyətli fikir ayrılığı var. Açığı, Türkiyənin dövlət maraqlarına zidd məsələlər var və ABŞ bu məsələlərdən ciddi istifadə edərək öz maraqlarını təmin etməyə çalışır. Birincisi, İsrail məsələsidir. Ərdoğan son 16 ildə birmənalı olaraq Fələstini müdafiə edir. Trampın Qüdslə bağlı qərarından sonra məsələ BMT-də qaldırıldı və faktiki Tramp bu səhnədə uduzdu. Yəni BMT-nin əksər ölkələri bu məsələdə ABŞ-ı deyil, Türkiyəni müdafiə etdi.
İkincisi, PKK məsələsidir. ABŞ Yaxın Şərq layihəsinə uyğun olaraq bölgədə kürd dövləti yaratmaq istəyir. Suriyanı, İraqı, Türkiyəni, İranı bu kürd dövləti amili ilə daim təzyiq altında saxlamaq məqsədi var. Türkiyə buna qarşı ciddi tədbirlər gördü, ölkə daxilində PKK-nın kökünü kəsmək üzrədir, Suriyada ciddi əməliyyatlar həyata keçirdi. Beləcə ABŞ-ın bu ideyasını gündəmdən çıxardı.
Üçüncüsü, Türkiyənin son zamanlar iqtisadiyyatı sürətlə inkişaf edir, ölkə “İyirmilər” sırasına daxil olur və hədəf də “Yeddilər”in tərkibinə daxil olmaqdır.
Dördüncüsü, siyasi məsələdir. Ərdoğan hakimiyyətə gəldikdən bir müddət sonra dünyanın idarə edilməsində veto hüququnun genişləndirilməsi məsələsini qaldırır, “dünya beşdən böyükdür” ifadəsini səsləndirir. Yəni açıq formada islam dünyasının mövqeyini ifadə edən bir dövlətin, xüsusilə Türkiyənin BMT-nin veto hüququna malik üzvü kimi qəbul edilməsinə çalışır. Bu da ABŞ-ın maraqlarına ziddir.
Əlbəttə, digər məqamlar da var. Bura Türkiyənin Afrika, müsəlman dövlətləri siyasətini əlavə etmək olar. Açığı, bu istiqamətdə gedən mübarizədə ABŞ Türkiyəyə uduzub. İsrail, kürd və Qətərin blokadaya alınması məsələlərində Ankara önə çıxıb. Yəni Tramp siyasətdə uduzandan sonra iqtisadi cəhətdən Türkiyəni çökdürmək qərarı verdi. Başa düşdü ki, diplomatik gedişlərlə, oyunlarla Türkiyəyə qalib gələ bilməyəcək. İndiki halda ABŞ-Türkiyə münasibətlərində yaranan problemlərin səbəbi bunlardır.
- Bundan sonra nə baş verə bilər?
- Hesab edirəm ki, bu qarşıdurmada Türkiyə qalib gələcək.
- Ancaq real müşahidələr başqa cürdür...
- Siz prosesin hansısa mərhələsini belə görürsünüz. Diqqət edin, Türkiyə-ABŞ qarşıdurmasında Vaşinqtonun ənənəvi müttəfiqləri belə ən azından sözdə Ankaranı dəstəkləyir. Üstəlik dünyanın ən böyük gücləri, məsələn, Çin, Rusiya, İran, Pakistan, Hindistan Türkiyənin yanındadır. Hətta Avropa ölkələri arasında Türkiyə ilə münasibəti pis olan Almaniya və Hollandiya da ABŞ-ın Türkiyəyə qarşı münasibətini doğru hesab etmir, Türkiyəni haqlı tərəf sayırlar. Bu göstərir ki, Türkiyə yaranan durumdan güclü çıxacaq. Üstəlik türk xalqının millət və vətənsevər olduğunu nəzərə alsaq, onlar öz şəxsi mənafeləri hesabına olsa belə, dövlətin bu qarşıdurmadan qalib çıxmasını təmin edəcəklər.
- Hazırda Türkiyədə iqtisadiyyat ciddi zərbə alır, lirə devalvasiya edir, itkilərin böyük olduğu söylənilir...
- Nəzərə alaq ki, mübarizə təzə başlayır. Türkiyə müəyyən tarazlaşdırıcı tədbirlər görənə qədər həm də möhtəkirlər ortaya çıxıb daha çox pul qazanmaq istəyir. Yəni süni sürətdə böhran yaradıb ondan varlanmaq istəyənlər maliyyə-kredit siyasətinə müdaxilə edə bilirlər. Məncə, bu qısa müddətli olacaq. Hesab edirəm ki, Türkiyə Ərdoğan liderliyində gözəl siyasət aparır. Əsas məsələ odur ki, lirənin qiymətdən düşməsinə rəğmən, investisiyalar üçün bu ölkə cəlbedicidir. Bu mənada lirənin aşağı düşməsi ağır nəticə verməyəcək. Təsəvvür edin ki, bu il Türkiyə yalnız turizmdən 30 milyard dollardan çox gəlir əldə edib. Eyni zamanda yeni hava limanı istifadəyə veriləndən sonra ölkə ən böyük tranzit mərkəzinə çevriləcək, bu, ölkəyə böyük gəlirlər gətirəcək. Türkiyənin ABŞ-dan sonra ikinci ən böyük ticarət tərəfdaşı Çindir. Çin də Türkiyə ilə hər cür əməkdaşlıq etməyə, türk iqtisadiyyatına investisiya qoymağa hazırdır. Koreya və Yaponiya ilə bağlı Ankara lazımı işlər aparsa, investisiya problemi olmaz. Son iki ölkədə də Türkiyə ilə bağlı müsbət rəy mövcuddur. Mənə elə gəlir ki, Tramp Türkiyəni diz çökdürə bilməyəcək. İndi qarşıdurmanın ilkin mərhələsidir. Adətən, şir bir ova hücum edib ələ keçirə bilməyəndən sonra ikinci dəfə hücum etmək niyyətində olmur. Məncə, ABŞ da nəhəng dövlətdir və Türkiyəni geri çəkilməyə vadar edə bilmədiyini gördükdən sonra başqa qərar verməli olacaq, kompromislər axtaracaq. Artıq Türkiyə də ABŞ-a qarşı addımlar atır, bəzi məhsulların gömrük rüsumunu qaldırır. İndi ABŞ İranla qarşıdurmaya gedir, Türkiyə İncirlik bazasını bağlasa, Trampın İran siyasəti iflas etmiş kimi görünəcək. Aydındır ki, Türkiyəyə hücumların bir səbəbi də Ankaranın İrana qarşı sanksiyalara qoşulmamasından doğur.
- ABŞ-ın indiki hakimiyyətinin Türkiyəyə qarşı hücum siyasəti nə zaman dayanacaq. Ümumiyyətlə, dayanacaqmı?
- Türkiyənin son vaxtlar bütün dünya müsəlmanlarının maraqlarını müdafiə edən mövqedən çıxış etməsi mədəniyyətlərarası toqquşmada ABŞ-la Türkiyəni üz-üzə çıxarır. ABŞ açıq formada Türkiyənin qlobal siyasətdəki yeri və funksiyasını aydın dərk etdiyindən çalışır ki, onu zəiflətsin. Sonra isə nisbətən zəif tərəflə danışıqlar masasında əyləşsin.
Hesab etmirəm ki, Türkiyə-ABŞ münasibətləri tamamilə dayanacaq. ABŞ monolit siyasi mövqeyə malik ölkə deyil. Hətta respublikaçılar sırasında Trampın siyasətinə qarşı çıxanlar, bu siyasətin ABŞ-ın maraqlarına və imicinə zərbə vurduğunu deyənlər var. Demokratlar isə hələ də iddia edirlər ki, Tramp seçkilərə müdaxilə nəticəsində qələbə əldə edib. Mən düşünürəm ki, Tramp uzun müddət Türkiyə ilə düşmənçilik apara bilməyəcək. Əgər aparsa ərəb, müsəlman ölkələri, türkdilli dövlətlər Türkiyə ətrafında daha sıx birləşəcək. Üstəlik Ankara Rusiya, Çin və İranla müttəfiqlik yaratsa, durum bir qədər də gərginləşəcək. Məhz buna görə ABŞ indiki siyasətini sona qədər tətbiq etməyəcək. Bir müddət sonra daha yumşaq siyasətə üstünlük verəcək. Biz bunu Menbic məsələsində gördük, eləcə də bu yaxınlarda viza ilə bağlı yaranan krizdə. Bu məsələlərdə ABŞ geri addım atdığı kimi, indi yaranan durumla bağlı da geri addım atacaq.
- ABŞ-Türkiyə müttəfiqliyinin ciddi tarixi var. Münasibətlər qaydaya düşdükdən sonra müttəfiqlik anlayışı necə olacaq?
- Nəzərə alın ki, ABŞ-Türkiyə müttəfiqliyinin yeganə səbəbi dünyanın iki qütbə bölünməsi olub. Türkiyə ABŞ-ın SSRİ-yə və sosializm ideyalarına qarşı istifadə etdiyi geopolitik məkan idi. Bu səbəbdən zamanında Türkiyə ABŞ üçün hava və su qədər vacib idi. Lakin SSRİ dağıldıqdan sonra dünya birqütblü oldu. Yəni ABŞ-ın Türkiyənin ənənəvi roluna daha ehtiyacı yoxdur. Bundan sonrakı müttəfiqlik yalnız iqtisadi əlaqələrin düzgün qurulması, dünyada təhlükəsizliyin təmin edilməsi, qlobal ekoloji problemlərin həllində müttəfiqlikdən keçir. Türkiyə inkişaf edən dövlətdir. Artıq ABŞ-ın Yaxın Şərq, Orta Asiya və Afrika siyasəti Türkiyəsiz mümkün olmayacaq. Bunu hər kəs başa düşür. Türkiyə “hə” demədiyi halda bu bölgələrdə ABŞ siyasəti uğur qazanmır. Odur ki, Türkiyə yeni geopolitik güc kimi müttəfiqə çevrilə bilər. Bu baxımdan müttəfiqlik qalacaq, lakin onun mahiyyəti dəyişəcək. Yəni ABŞ-ın İngiltərə, Fransa və Almaniya ilə münasibətləri var, Türkiyə ilə müttəfiqlik münasibətləri bu səviyyəyə qalxacaq. İndiyə qədər müttəfiqlik adına Türkiyəyə diktələr edilirdi. İndi diktə edilən Türkiyə ilə deyil, müttəfiq Türkiyə ilə əməkdaşlıq olacaq. Bu da Türkiyəyə imkan verəcək ki, müsəlman, türk, Afrika dövlətlərinin müdafiə olunmasında söz sahibi olsun.
- İndiki qarşıdurma Türkiyəyə Çin, Rusiya və İran platformasına daxil olmağa stimul vermirmi?
- ABŞ öz siyasətini sistemli davam etdirsə, Türkiyə bu addımı atmağa məcbur qalacaq. Amma Türkiyə və ABŞ-ın strateji maraqları onların bir yerdə olmasını tələb edir. ABŞ Türkiyə üçün o baxımdan önəmlidir ki, müasir texnologiya bilavasitə oradan gəlir, əsas iqtisadi gücdür, inkişafın mərkəzidir. Bu baxımdan Türkiyənin belə ölkə ilə müttəfiqliyi öz müttəfiqlərini zaman-zaman satan Rusiya kimi dövlətdən daha üstündür. ABŞ üçün də Türkiyə çox vacibdir. Lakin aralıq bir mərhələdə ola bilsin ki, Türkiyənin ABŞ-la əlaqələri zəifləsin. Amma mənim fikrimcə, sonda əlaqələr əsaslı bərpa ediləcək. İngiltərə, Almaniya, Fransa arzu etməz ki, NATO dağılsın. Türkiyənin Çin, Rusiya və İranla müttəfiqliyə getməsi o deməkdir ki, Ankara NATO-dan çıxacaq. Bu halda NATO güclü bir ordunu, nəhəng bir dövləti itirəcək. Bu mənada NATO üzvü olan dövlətlər çalışacaq ki, ABŞ-Türkiyə münasibətləri yoluna düşsün. Təsadüfi deyil ki, Almaniya rəhbərliyi “Türkiyənin zəifləməsi heç kimə xeyir etmir” ifadəsini səsləndirdi.