17 Avqust 2018 13:28
1 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə ətrafında yaranmış gərgin vəziyyət ABŞ-ın İran və digər dövlətlərə etdiyi təzyiqlərin davamına oxşayır”.

Bunu Teleqraf.com-a politoloq Arzu Nağıyev regionun mövcud durumunu şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Türkiyəyə olunan təzyiqlərdə Rusiya və İran məsələləri də rol oynayır: “Bu, eyni zamanda Türkiyənin Suriya və bölgədə apardığı hərbi əməliyyatlarla da bağlıdır. Baxmayaraq ki, ABŞ Branson işini ortaya atıb, amma düşünürəm ki, bu, sırf geosiyasi mübarizənin fəsadlarıdır.

ABŞ dəfələrlə İranın atom-nüvə proqramının dayandırılması ilə bağlı bəyanatlarla çıxış edib. Buna görə də İrana qarşı sanksiyalar tətbiq edir.

Regionun digər dövləti – Gürcüstan ətrafında yaranmış vəziyyətə gəlincə, Rusiyanın bu ölkəyə artan təzyiqləri NATO-ya üzvlük məsələsindən qaynaqlanır. Gürcüstanın NATO-ya meyillənməsi Rusiyaya xoş gəlmir, bu səbəbdən təhdidli bəyanatlar verir.

Ermənistandakı vəziyyətə nəzər salanda, “Qarabağ klanı” yenidən hakimiyyətə yiyələnmək üçün əlindən gələni edir. Bu isə Ermənistanda gərginliyə gətirib çıxarır. Yəni, proseslər hər bir dövlətin öz daxili mənzərəsinə uyğun inkişaf edir”.

Arzu Nağıyev bölgədəki proseslərin Azərbaycana təsir imkanlarını da dəyərləndirib: “Məlumdur ki, sentyabrda Azərbaycan və Rusiya rəsmiləri arasında müvafiq görüş keçiriləcək. Bu görüşdən sonra məlum ola bilər ki, hansı istiqamətdə hansı addımlar atılacaq.

Əlbəttə, bölgədə gedən geosiyasi proseslər qlobal böhrana da çevrilə bilər. Bunun siyasi, hərbi, yaxud iqtisadi cəhətdən qonşulara sirayət etməsi mümkündür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər