17 Avqust 2018 15:46
1 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni nüvə anlaşmasının imzalanması ABŞ və İranın maraqlarının uzlaşmasından asılıdır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib.

Politoloq qeyd edib ki, 2015-ci ildə “Altılıq” və İran arasında imzalanmış Vyana anlaşması müəyyən mənada ABŞ və İranın, eyni zamanda Avropa İttifaqının maraqlarına uyğun idi:

“Vyana anlaşmasının imzalanması üçün uzun illər tərəflər arasında danışıqlar aparılmışdı. Lakin ABŞ-ın yeni Prezidenti Donald Tramp birtərəfli formada bu müqaviləni ləğv etdi. Əlbəttə, ABŞ-ın bu addımı İranla yanaşı, Avropa İttifaqının da narazılığına səbəb oldu, indi isə yeni anlaşma ideyası ilə çıxış edir. Lakin bu müqavilənin imzalanması ABŞ və İranın maraqlarının uzlaşması ilə yanaşı, həm də tərəflərin bu qarşıdurmanı nə qədər davam etdirə biləcəkləri ilə bağlıdır.

Artıq hər iki tərəf yorulub. Qarşıdurma çox sürətlə getdi. Əgər ABŞ İrana qarşı sanksiya tətbiq edirsə və Avropanın nəhəng şirkətlərin buna dəstək verirsə, bundan həm ABŞ iqtisadiyyatı, həm də Avropa İttifaqı zərər görür”.

İranın Avropa üçün münbit bazar olduğunu deyən Vüqar Zifəroğlu qeyd edib ki, İran ilk növbədə qaz məsələsində Rusiyaya alternativdir:

“Buna görə də, müqaviləni birdəfəlik ləğv etmək Rusiya faktoruna görə həm ABŞ-ın, həm də Avropa İttifaqının maraqlarına cavab vermir. Əlbəttə, İranın güzəştsiz Yaxın Şərq siyasəti və İsrail faktoru da ABŞ-ı İrana təzyiq etmək məcburiyyətində qoyur.

Hesab edirəm ki, qarşıdurma uzun müddət bu səviyyədə davam etməyəcək. İndi də olmasa, hansısa müddətdən sonra tərəflər danışıqlar masası arxasına oturmağa məcbur olacaqlar. Bu halda hər iki tərəf bir-birinə güzəşt edəcək. Yaxın Şərq məsələsi, Rusiya ilə münasibətlər və digər faktorlar müzakirə masasına qoyulacaq. Qətər, Suriya məsələləri də müzakirə ediləcək və razılığıa gəlinsə, yeni müqavilə imzalanacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər