Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalandı. V Xəzər sammitinin yekununda Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, İran prezidenti Həsən Ruhani və Türkmənistan Qurbanqulı Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq etdilər.
Bu, 22 ildən sonra regiona ən böyük problemin həll olunması idi. Hərçənd, sazişin imzalanması heç də asan başa gəlmədi.
Yüzillərin problemi
Xəzərin hüquqi statusu uzun illər Rusiya (SSRİ) və İran arasında bağlanmış ikitərəfli müqavilələrlə tənzimlənirdi. Xəzərin hüquqi statusunun ilkin müddəaları Peterburq (1723), Rəşt (1731), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrində öz əksini tapıb. Lakin həmin sənədlərdə də hüquqi baxımdan “status” anlayışı olmayıb. Bu müqavilələrlə Rusiyaya Xəzərdə böyük imtiyazlar verilirdi. 1921-ci il fevralın 26-da Moskvada imzalanmış Rusiya-İran müqaviləsində isə Xəzərin hüquqi statusuna daha çox diqqət ayrıldı. Bu müqavilənin 3-cü maddəsində deyilir: “1881-ci ildə sərhəd komissiyası tərəfindən müəyyən edilmiş sərhəd xəttini hər iki yüksək səviyyədə danışıq aparan tərəf İran və Rusiya arasında su sərhədi kimi qəbul etməyə razılaşır. Bu sərhəd qorunmalı və toxunulmazdır”. Bu müqavilə ilə təsbit olunan sərhəd xətti Astara-Həsənqulu su sərhədidir.
26 maddədən ibarət olan bu müqavilə Rusiya tərəfindən Georqi Çiçerin və İran tərəfindən P.Qaraxan-Məmlük tərəfindən imzalanıb. İran və SSRİ arasında 1935-ci ildə “Ticarət, dənizçilik və məskunlaşma haqqında”, 1940-cı ildə “Ticarət və dənizçilik haqqında” imzalanmış müqavilələrdə də Xəzərin Sovet-İran dənizi olması bir daha vurğulanırdı.
1970-ci ildə isə ilk dəfə olaraq Xəzər dənizinin SSRİ-yə məxsus hissəsinin sektorlara bölünməsi məsələsi müzakirə edilməyə başlandı. Bu bölgüyə əsasən, Xəzər dənizi müvafiq olaraq Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan, habelə SSRİ-nin quru sərhədi ilə müəyyən edilən İran sektoruna bölündü. Bu bölgü zamanı Xəzərin hüquqi, coğrafi vəziyyətindən irəli gələn, beynəlxalq-hüquqi təcrübədə hamı tərəfindən qəbul edilmiş orta xətt prinsipi əsas götürüldü.
SSRİ-nin süqutuna qədər Xəzərin hüquqi statusu bu razılaşmalarla tənzimlənirdi. Avqustun 12-də Konvensiyanın imzalanmasına qədər də Xəzəryanı dövlətlər 1970-ci ildə qəbul olunmuş sektorial bölgünü dövlət sərhədi kimi qəbul edirdilər.
Xəzərdə qarşıdurma və Azərbaycanın haqlı mövqeyi
1992-ci illərdən başlayaraq Xəzəryanı dövlətlərin ikitərəfli və çoxtərəfli görüşlərində Xəzərin hüquqi statusu məsələsi ilə bağlı müzakirə və danışıqlar başlandı. Və həmin vaxtdan etibarən Xəzərin hüquqi statusu ilə bağlı ciddi qarşıdurmalar başlandı. Tərəflər məsələyə müxtəlif yanaşır, xüsusilə İran və Türkmənistan daha çox pay istəyirdilər.
Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq hesab edirdi ki, Xəzər beynəlxalq sərhəd gölüdür; Xəzər orta xətt prinsipi ilə milli sektorlara bölünməlidir.
Türkmənistan və İran isə hesab edirdi ki, Xəzər unikal qapalı su hövzəsidir və Xəzəryanı dövlətlərin ümumi sərvətidir; Xəzər 20 faiz prinsipi ilə hər bir Xəzəryanı dövlətlər arasında bölünməlidir.
Türkmənistan və İranın yanaşması beynəlxalq hüquqa zidd idi. Çünki beynəlxalq hüquqda unikal qapalı su hövzəsinin hüquqi rejimi anlayışı işlədilmir, həmçinin, Xəzərin 20 faiz payla Xəzəryanı dövlətlər arasında bölünməsi heç bir hüquqi əsası yoxdur və bu praktik cəhətdən də mümkün deyil.
Uzun illərdir davam edən bu problem, nəhayət ki, öz həlini tapdı. Konvensiya Azərbaycanın beynəlxalq hüquqa söykənən arqumentlər çərçivəsində imzalandı.
Xəzərin hüquqi statusu ilə bağlı mütəxəssis Rüstəm Məmmədov Publika.az-a açıqlamasında bildirib ki, Xəzəryanı ölkələrin bu gün ümumi dil taparaq, Konvensiyanı imzalanmasında Azərbaycanın rolu böyükdür.
Onun sözlərinə görə, Azərbaycan Xəzərin bölünməsində öz milli maraqlarını müdafiə etməklə yanaşı, daim Xəzəryanı ölkələri dialoqa çağırırdı: “Konvensiya layihəsi ilk dəfə 1993-cü ildə gündəmə gəldi. Azərbaycan məsələnin hüquqi yolla tənzimlənməsinə çalışırdı. Çünki Xəzərdə hüquqi tənzimlənmə 1991-92-ci illərdə işləmirdi. SSRİ və İran arasındakı sazişlər qüvvədən düşmüşdü. Məhz Azərbaycan rəhbərliyi bütün Xəzəryanı dövlətlərlə müzakirələr apararaq, onları başa saldı. Danışıqlar 1993-cü ildə başlasa da, əsas mərhələ 2001-ci ildən sonra oldu. Nəhayət, 2018-ci ildə Konvensiya imzalandı”.
R. Məmmədov qeyd edir ki, Türkmənistan və İranın mövqeyi beynəlxalq hüquqa əsaslanmasa da, bu ölkələr israr edirdi.
“Hətta Aşqabad sammitində Türkmənistan prezidenti “Xəzərdən qan iyi gəlir” deyə, bildirmişdi. Lakin məhz Azərbaycan prezidenti Heydər Əliyevin səyi nəticəsində Xəzərdə münaqişə yaranmadı. Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi 2018-ci ilin 12 avqust tarixində Konvensiyanın imzalanması və bu Konvensiyada Azərbaycanın milli maraqlarının təmin edilməsi baş verdi. Həmçinin, Xəzəryanı ölkələrin hamısının maraqları üst-üstə düşdü”, - deyə o bildirib.
Uzun illik ağır diplomatik fəaliyyətin nəticəsi olan Konvensiyanın imzalanmasına qədərki dövrdə rəsmi Bakının atdığı addımlara baxdıqda, həqiqətən də tarixi razılaşmada Azərbaycan rəhbərliyinin rolu aydın görünür. Azərbaycan tərəfi uzun illər ərzində Xəzərin beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgüsünü və “qazan-qazan” prinsipini təklif etsə də, müəyyən süni maneələr yekun statusla bağalı razılaşma əldə edilməsinə vermirdi. Sənəd üzərində iş 1996-cı ildən aparılıb. 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalanıb və tərəflər Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıb. Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb. Bu il martın sonunda İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu bugünkü konvensiyanın razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıyan sənəd oldu.
Azərbaycanın irəli sürdüyü Konvensiya
Bu Konvensiya layihəsinin ilk dəfə Azərbaycan tərəfindən irəli sürülməsi də ölkəmizin razılaşmada oynadığı rolu bir daha nümayiş etdirir.
Xarici işlər nazirinin müavini Xələf Xələfovun bu barədə rəsmi dövlət agentliyinə müsahibəsində dedikləri diqqət çəkir: “Xəzərin hüquqi statusuna dair Konvensiyanın ilk konseptual layihəsi məhz Azərbaycan tərəfindən hazırlanıb və tərəflərə təqdim edilib. Bu amil həmin dövrdə danışıqlar predmetinin müəyyən edilməsində müstəsna rol oynayıb. Bundan əlavə, hazırda Konvensiyada öz əksini tapmış Xəzər dənizinin akvatoriyasında sahilyanı dövlətlər üçün müəyyən edilən 15 millik ərazi suları və 10 millik balıqçılıq zonası üzrə razılıq, eləcə də dənizdə tərəflərin əməkdaşlığının əsasını təşkil edən fundamental prinsiplər üzrə razılaşma 2010-cu il noyabrın 18-də Bakıda keçirilmiş Xəzəryanı dövlətlərin üçüncü Zirvə toplantısında əldə olunub. Həmçinin Konvensiyanın ərsəyə gətirilməsi Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda digər Xəzəryanı ölkələrlə birlikdə Xəzər hövzəsində qarşılıqlı etimada, dostluğa, xoş niyyətə və əməkdaşlığa əsaslanan münasibətlər qurmağa müvəffəq olmasının nəticəsi kimi də qiymətləndirilə bilər. Ümumilikdə, Konvensiyanın razılaşdırılması Xüsusi İşçi Qrupu çərçivəsində keçirilmiş 52 görüş və növbədənkənar görüşlərin, buna paralel mütəmadi çoxsaylı ikitərəfli məsləhətləşmələrin, xarici işlər nazirlərinin müşavirələrinin və dövlət başçıları səviyyəsində təşkil olunan Zirvə toplantılarında əldə olunmuş geniş konsensusun və tərəflər arasında incə balansın nəzərə alınmasının nəticəsidir. Xəzəryanı dövlətlərinin ortaq rəyi budur ki, Xəzər bizi ayıran deyil, birləşdirən məkandır və sərvətdir. Belə ki, sözügedən sənəd hər bir sahilyanı dövlətin iqtisadi və təhlükəsizlik maraqlarının vəhdətini təşkil edir. Konvensiyanın müddəaları faktiki olaraq, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tətbiq ediləcək”.
Konvensiya Xəzəryanı ölkələrin maraqlarını müdafiə edir:
Bu Konvensiyaya əsasən, Xəzərdə tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir. Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək, Xəzəryanı dövlətlərə və xalqlara fayda gətirəcəkdir.
“Xəzər beşliyi” dövlət başçılarının imzaladığı sənəd xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşibdir. Xarici ekspertlər qeyd edirlər ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması 5 sahil ölkə üçün dönüş nöqtəsidir.
Bütün ölkələr, xüsusən Azərbaycan Konvensiyadan daha çox iqtisadi fayda təmin edəcək, Xəzərin karobohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi üzərində maneə aradan qaldırılacaq.
Rüstəm Məmmədov deyir ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması Azərbaycanın iki qlobal problemindən birinin həll edilməsi deməkdir: “Bu gün Azərbaycan üçün iki qlobal problem var. Onlardan biri Qarabağdırsa, digəri Xəzərin hüquqi statusu idi. Qarabağ Azərbaycanın ərazi, Xəzər isə iqtisadi problemidir. Bu Konvensiyanı imzalamaqla Azərbaycan Xəzərdə hüquqlarını rəsmiləşdirdi. Bu saziş Xəzəryanı ölkələr arasında qarşılıqlı münaqişə və ittihamlara son qoydu, bundan sonra Xəzəryanı dövlətlər bir-biri ilə daha çox əməkdaşlıq etməyə başlayacaq. Bu ən böyük naliyyətdir. Bundan başqa, Azərbaycan Xəzərin neftindən və qazından daha səmərəli istifadə etməyə başlayacaq. Bu sazişdə təhlükəsizlik məsələsi xüsusi önəm kəsb edir”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili də hesab edir ki, Konvensiya Azərbaycana iqtisadi baxımından böyük divident gətirəcək.
“ABŞ-ın “Energy İnformation Administration” (EİA) təşkilatının təqribi hesablamalarına görə, Xəzərin neft və qazla zəngin təkində 6.5 milyard ton təsdiq edilmiş və ehtimal olunan neft və neft ekvivalentində qaz ehtiyatları mövcuddur. Proqnozlaşdırılan ehtiyatlar isə bundan 1.5 dəfə çoxdur. İndiki qiymətlərlə bu ehtiyatların dəyəri 8 trilyon dollardır. İndiyə qədər hər bir Xəzəryanı ölkə istənilən formada bölgüdə mübahisə yaratmayacaq yataqlarda problemsiz fəaliyyətlərini həyata keçiriblər. Ancaq sərhəd bölgələrdə perspektiv yataqlar ciddi mübahisələrə səbəb olub və hətta bəzi hallarda silahların münaqişə təhlükələri yaranıb. Konvensiya bu problemləri aradan qaldırdı və yeni yataqların işlənməsinə yol açdı”, - deyə o bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Konvensiyanın imzalanması Azərbaycan və Türkmənistan arasında Transxəzər boru kəmərinin reallaşmasına da yeni şanslar yaradır: “Konvensiyaya görə, bu layihənin qərarını yalnız Azərbaycan və Türkmənistan verəcəklər, ekoloji standartlar nəzərə alınmaqla belə layihələr qonşu ölkələr arasında reallaşa bilər. Doğrudur, Konvensiyaya əlavə edilən ekoloji razılığın alınması qaydaları bütün 5 ölkənin belə layihələr üçün razılığı tələb olunur. Bu razılıq layihələrin həyata keçməsini ləngidə bilsə də, mane ola bilməyəcək. Transxəzər kəməri Azərbaycan və Türkmənistana Avropa bazarlarına ildə 100 milyard kub metr qazın ixracına imkan verə bilər”.
Anti-Azərbaycan qüvvələr məğlub oldu
Göründüyü kimi, regionun ən böyük problemi Azərbaycanın uzun illik birləşdirici və sülh missiyası nəticəsində həllini tapdı və Xəzəryanı ölkələrin hər birinin maraqları Konvensiyada yer aldı. Hərçənd, Konvensiyanın imzalandığı günə qədər buna qarşı olan qüvvələr müxtəlif cəhdlər edirdi. Belə ki, müzakirələr getdiyi bütün dövr ərzində, xüsusən Konvensiya imzalanması ərəfəsində xaricdəki anti-Azərbaycan qüvvələr, erməni lobbisinə yaxın dairələr həm digər Xəzəryanı paytaxtlarda, həm də Qərb paytaxtlarında “Xəzər beşliyi” ölkələri arasında ziddiyyətləri qabartmağa çalışır, anlaşmanın baş tutmaması üçün fəaliyyət göstərirdilər. Lakin “Xəzər beşliyi” ölkələri rəhbərlərinin, xüsusən Azərbaycan tərəfinin güclü siyasi iradəsi, daim xoş qonşuluq siyasətinə sədaqəti və xoş məramı bu konvensiyanın imzalanması yolunda maneələrin aşılmasına imkan verdi.