18 Avqust 2018 15:26
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan Türkiyəyə qeyd-şərtsiz danışıqlar təklif edir. Bundan artıq söz demir. Amma aydındır ki, Ermənistanın Türkiyəyə ərazi iddiası var. Qondarma soyqrımın tanınması iddialarından imtina etməyib. Bu halda nəinki Türkiyə-Ermənistan arasında sərhədlər açıla, heç danışıqlar belə aparıla bilməz. Məntiq bunu deyir.

Teleqraf.com xəbər verir ki, bu sözləri rəsmi Yerevanın son vaxtlar Türkiyəyə qeyd-şərtsiz danışıqlar təklifini şərh edən ASDP sədri Araz Əlizadə deyib.

Deputat xatırladıb ki, vaxtı ilə Surix protokolları məsələsi ortaya çıxmışdı:

“Türkiyədə müəyyən qüvvələr var ki, onlar sərhədlərin açılmasını istəyir. Belə qüvvələr həmişə olub. Hazırda Türkiyə-Rusiya münasibətləri yüksək səviyyədədir. Əlbəttə, siyasətdə maraqlar məsələsi var. Paşinyan görür ki, Türkiyə-Ermənistan sərhədlərinin qapalı olması ermənilərin həyat səviyyəsinə mənfi təsir göstərir. Çünki rəsmi olaraq sərhədlər bağlıdır. Bununla belə Paşinyan arzu edir ki, sərhədlər açılsın. Bu halda xaricdəki erməni diasporundan gələn yardımların həcmi də arta bilər”.

Araz Əlizadə əlavə edib ki, erməni tərəfi Türkiyəyə ərazi iddiasından geri çəkilməyib: “Türkiyə bu faktoru nəzərə almalıdır. Zamanında bir dəfə sərhədlərin açılması haqda protokollar imzalanmışdı. Onda ABŞ dövlət katibi Hillari Klinton bu məsələdə xüsusi fəallıq göstərirdi. Yalnız Azərbaycan prezidentinin qətiyyətli addımları sayəsində bu proses dayandı. Baxmayaraq ki, o zaman ABŞ bunun əvəzində Türkiyəyə heç nə vermirdi.

İndi bizim Türkiyə ilə iqtisadi münasibətlərimiz çox yüksəkdir. Türkiyə dəfələrlə bəyan edib ki, Azərbaycan əraziləri işğaldan azad olunmayana qədər sərhədlər açılmayacaq. İndiki halda Türkiyə və Azərbaycanın mövqeyi çox yaxındır. Hesab edirəm ki, türklər onlara qarşı ərazi iddiası irəli sürən Ermənistan məsələsinə çox ehtiyatla yanaşacaq”.

Əlizadə əlavə edib ki, indi siyasətin şərtləri bir qədər fərqlidir:

“Ermənistan qərbə doğru getmək istəyir, amma Rusiya onu buraxmayacaq. İndi Ermənistan bir növ sürünə-sürünə güləş xalçasından çıxmaq istəyən güləşçiyə bənzəyir. Rusiyada onu tutub qoymur ki, xalçadan kənara çıxsın. Əsas Ermənistandakı seçkiləri gözləmək lazımdır. Seçkidə ruspərəst qüvvələr qalib gəlsə Paşinyan səhnədən gedəcək. Yox, əgər qərbpərəstlər qüvvələr qalib gəlsələr, xalçadan qaçmaq və Rusiyadan aralanmaqda davam edəcəklər.

Bir məqama da diqqət etmək lazımdır. 2 il əvvəl Rusiya Türkiyənin düşməni, ABŞ isə dostu idi. İndi Rusiya Türkiyənin yaxın tərəfdaşı, ABŞ isə faktiki düşmənidir. Yəni siyasətdə şərtlərin dəyişməsi reallığı da var. Bu məsələlər isə sözsüz ki, Türkiyə-Ermənistan sərhədləri kimi məqamlara təsirsiz ötüşmür”.


Müəllif: Cavad