30-40 il əvvəl ikiqütblü dünya var idi. Hər şey çox sadəydi - kapitalizmlə sosializmin, Qərb dünyası ilə SSRİ və müttəfiqlərinin açıq-gizli savaşı gedirdi. Qərbi cəlbedici edən dəyərlərə söykənən hüquq dövləti və insanların rifah halının yüksək olması idi. SSRİ və onun peyk dövlətləri isə mücərrəd yerüstü “cənnət” vədi, birlik, qardaşlıq, bərəbərlik kimi cəlbedici şüarlarla primitiv, amma ideoloji duruş göstərirdilər.
Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Ekspertin sözlərinə görə, Sovet cəbhəsində olanlar dövlətin gücünü vətəndaşın varlı və güclü olmasında görmürdülər:
“Nəticədə bu formul çökdü, sübut olundu ki, vətəndaşı zəif olan dövlət güclü ola bilməz. Sovet cəbhəsi çökəndə Qərb dünyasında eyforiya yarandı, Şərqi Avropa, keçmiş SSRİ respublikalarından bəziləri demokratik, vətəndaşı mərkəzdə görən modelə keçdilər. Bəzi “sovetləşmiş” Latın Amerikası, Afrika, Asiya ölkələrində də ciddi dəyişikliklər oldu.
Sonra Qərbin müvəffəqiyyətdən başı gicəlləndi, qarşısında rəqib olmadığı üçün yeni “düşmənlər” uydurmağa, dünyanı dəyərlərə söykənən deyil də, gücə arxalanan yanaşma ilə idarə etməyə çalışdılar. Nəticədə dünya qarışdı, ideologiyalarda tənəzzül yaşandı, Qərb dəyərləri aşınmağa başladı. Bu gün dünyada ciddi bir ideoloji böhran yaşanır, liberalizm arxa plana keçir, populizm və ifrat millətçilik önə çıxır”.
N.Cəfərli qeyd edib ki, bu nöqtədə Qərb də, Rusiya da eyni davranış göstərir: Qərb “yumşaq” güc olmaqdan çıxır, Rusiya isə zatən heç vaxt “yumşaq” güc olmamışdı, indi də bunu bacarmır:
“Çoxqütblü dünyada Çin maraqlı yerdədir, amma Çinin iqtisadi modeli artıq siyasi sistemin eybəcərliyinə dirənib, onu aşa bilmir, bunu bacarsa, iqtisadiyyatda növbəti zirvələrə çata bilər.
Bu qəliz dünyada Avropanın, Avropa Birliyinin üzərinə böyük bir missiya düşür - qoca və müdrik Avropa yenidən dünyanın ideoloji və intellektual lideri olmalı, dəyərlərinə və prinsiplərinə sahib çıxmalı, həm ABŞ-a, həm Rusiyaya, həm də Çinə yön, çəki-düzən verən bir mayak rolunu oynamalıdır. Hələ ki Avropa nə ABŞ-a “yox” deyə bilir, nə də Rusiyadan qazandığını görüb, dəyərlərinə göz yummaqdan vaz keçir - yəni, Avropa özü dərin ideoloji böhrana düşüb və bu vəziyyətdən çıxması bütün bəşəriyyət üçün çox önəmlidir”.