Xəzər dənizinin hüquqi statusunun təyin olunması üzrə beş Xəzəryanı dövlətin başçıları tərəfindən imzalanan konvensiya ölkəmiz üçün uğurlu, tarixi və siyasi hadisədir.
Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq qeyd edib ki, konvensiyada uzun illərdir tərəfləri narazı salan bir sıra məsələlər öz həllini tapdı. Bunlardan biri də gələcəkdə Xəzərin dibi ilə çəkilməsi planlaşdırılan boru kəməridir:
“Dünən Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Bratçikov bildirdi ki, konvensiyanın 14-cü maddəsinə əsasən, tərəflər bu boru kəmərini çəkə bilərlər, lakin tikinti layihəsi beynəlxalq müqavilələrdə göstərilmiş ekoloji tələb və standartlara cavab verməlidir.
Deməli, Rusiya yenə də ekoloji məsələni qabardıb, Azərbaycanın nəzərdə tutduğu Trans-Xəzər boru kəmərinin çəkilməsinə mane olmağa cəhd edəcək. Rusiyanın ekoloji məsələni sənədə salması Qərbin də dəstək verdiyi Xəzər üzərindən Türkmənistan qazının Avropaya daşınmasını nəzərdə tutan layihənin reallaşmasına mane olmaq cəhdidir. Rusiya çalışır ki, bu xətt öz ərazilərindən keçsin. Bundan əlavə, Rusiya ciddi-cəhdlə “Türk axını” və “Şimal -2” qaz kəmərlərinə alternativeolacaq xətlərin çəkilməsinə mane olmağa çalışır”.